Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Sen

    Vətən müharibəsinin başlandığı 27 sentyabr 2020-ci il tarixindən bir il keçir. Məhz bu tarixdə ermənilərin cəbhdəki növbəti təxribatlarının qarşısının alınması üçün Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Müharibənin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq işğalçı qüvvələri torpaqlarımızdan qovmağa, mənfurları ərazilərimizdən təmizləməyə başlayan rəşadətli ordumuz adını dünya hərb tarixinə qızıl hərflərlə yazmağı bacardı. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı Sərəncama əsasən, 27 sentyabr tarixi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlamətiolaraq ölkəmizdə Anım Günü kimi qeyd edilir.

    44 günlük müharibə zamanı bütün xoş xəbərləri xalqa müraciətlərində çatdıran dövlət başçısı bu dəfə də öz canları, qanları bahasına bizə qələbə sevincini yaşadan şəhidlərimizin əziz xatirələrini yad edərək Anım Günündə xalqa müraciət etdi.

    Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində bir daha bildirdi ki, “bu Qələbə tarixdə əbədi qalacaq. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.”

    Vətən müharibəsi ermənilərin vəhşiliyini bir daha dünyaya nümayiş etdirdi. Belə ki, döyüş meydanında məğlubiyyətləri ilə barışılmayan Ermənistan silahlı qüvvələri yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Şəhər və kəndlərimiz müntəzəm olaraq atəş altında oldu. Ermənistan beynəlxalq çərçivədə qadağan olunmuş silahlardan, ağ fosforlu bombalardan, ballistik raketlərdən istifadə etdi. Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi.

    Vətən müharibəsində «Dəmir yumruq» əməliyyatı dünyaya səs saldı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu yumruq gücümüzlə yanaşı, birliyimizi, həmrəyliyimizi nümayiş etdirir. Müharibə dövründə hamımızın “Öldü var, döndü yoxdur” şüarı ilə yaşadığını qeyd edən dövlət başçısı xalqımızın Azərbaycan Ordusunun arxasında dayanaraq ordumuza əlavə güc verdiyini vurğuladı. Milli ruh, milli iradə, milli ləyaqətin təntənəsi olan Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Azərbaycanın mərd, qorxmaz oğulları qan tökərək düşməni məcbur etdi ki, diz çöksün və kapitulyasiya aktına imza atsın. 30 il ərzində işğalı davam edən azğınlaşmış, harınlamış düşmən bu illər ərzində Azərbaycan xalqının şərəf və ləyaqətini tapdalamağa çalışsa da, dəmir yumruğumuzla onların başlarını əzə bildik.

    Müraciətində 44 günlük müharibə dövründə ölkəmizə ən böyük dəstəyi göstərən qardaş Türkiyəyə təşəkkürünü bildirən dövlət başçısı bildirdi ki, dünya bir daha bu birliyin, dostluğun, qardaşlığın şahidi oldu.

    44 gündə təkcə ərazi bütövlüyümüzü bərpa edib, düşməni öz torpağımızdan qovmadıq. Eyni zamanda, erməni faşizmini məhv etdik. Müharibədən sonra Qarabağa gələn hər kəs erməni vəhşiliyinin təzahürünü aydın şəkildə görə bilər. Şəhərlərimizin necə yerlə -yeksan edildiyi, tarixi və mədəni abidələrimizin necə dağıdılaraq təhqir edildiyi göz önündədir. Ona görə də dövlət başçısı bu Qələbəni faşizm üzərində əldə edilən Qələbə adlandırıb.

    Qeyd edib ki, artıq reallıqlarla barışan beynəlxalq ictimaiyyət Azərbaycanın uğurlarını və Qələbəsini etiraf etməyə məcbur olub. Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm Azərbaycanın Qələbəsi ilə razılaşıb və bu faktı qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır.

    Ermənistanda tüğyan edən azərbaycanofobiyanın, islamofobiyanın psixi xəstəlik dərəcəsinə çatdığı məsələsinə də toxunan Prezident İlham Əliyev azərbaycanlılara qarşı olan nifrətin Ermənistanda rəsmi ideologiya kimi bərqərar edildiyini vurğuladı: “Azad edilmiş torpaqlara hər gələn insan dəhşətə gəlir ki, bunu törədən insan deyil. Mən hətta deyə bilərəm ki, bunu törədən heyvan da deyil. Bunu törədən azğınlaşmış, quduzlaşmış, azərbaycanofob kütlədir, qəbilədir. Buna başqa ad vermək olmaz və bütün dünya bunu görməlidir. Ermənistanın havadarları bunu görməlidirlər. Görmək istəməsələr də, görməlidirlər və görəcəklər, biz göstərəcəyik, bütün dünyaya göstərəcəyik ki, biz hansı bəlanın dərsini verdik, biz bölgəmizi hansı bəladan xilas etdik.»

    Cənab prezident vurğulayıb ki, rəsmi İrəvan erməni xalqına qarşı da cinayətlər törədib – əgər Ermənistan Azərbaycan torpaqlarından vaxtında öz xoşu ilə çıxsaydı, onlar bu qədər böyük faciə yaşamazdılar. Müharibədən əvvəl Prezident İlham Əliyev dəfələrlə demişdi ki, əgər Ermənistan rəhbərliyi öz xoşu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət edərək torpaqlarımızdan çıxarsa, müharibə təbii ki, istisna ediləcəkdir. Müharibə dövründə bu fikir dəfələrlə Ermənistan hakimiyyətinə deyilmişdir. Deyilmişdir ki, Ermənistan rəhbərliyi bizə tarix versin, hansı gündə hansı torpağımızdan çıxır və biz müharibəni dayandırmağa hazırıq. Ancaq bunu etmədilər. 44 gündən sonra – artıq Ermənistan ordusunun beli qırılandan, biz alınmaz qala sayılan Şuşanı və ardınca 70-dən çox kəndi işğalçılardan azad edəndən sonra düşmən məcbur qalıb təslim olub.

    Bu günümüzün reallığı budur ki, artıq müharibə arxada qalıb, Dağlıq Qarabağ deyilən ərazi vahidi yoxdur, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin miqyası günbəgün genişlənir. Azərbaycan bu addımı ilə bir daha qurucu, yaradıcı xalq, dövlət, ən əsası bu torpaqların sahibi olduğunu nümayiş etdirir. Zəfərimizin yaratdığı reallıqlar fonunda diktə edən tərəf kimi Azərbaycan irəli sürdüyü təşəbbüsləri, gündəmə gətirdikləri əməkdaşlıq formatları ilə regionda sülhü, təhlükəsizliym möhkəmləndirəcək, dayanıqlı inkişafa böyük töhfələr verəcək

     

    Müəllif: Redaktor, 10:12

İsmarıclar bağlıdır.