Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Sen

    Sentyabr ayının 24–də Rusiya Federasiyasının nüfuzlu “Nasionalnaya oborona” jurnalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalın baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko ilə müsahibəsi çap edilib. Bu müsahibə nəinki Pusiya, eləcə də dünyanın bir sıra ölkələrinin mətbuatında geniş şəkildə işıqlandırılıb, bütün aparıcı mətbuat orqanları Azərbaycan Liderinin müsahibəsindən mühüm məqamları ön səhifələrə çıxarıblar. Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsinin gedişinin, aparılan danışıqların, üçtərəfli Bəyanatın imzalanmasının detalları, azad olunmuş ərazilərdə quruculuq işləri barədə fikirləri rusiyalı və xarici ölkələrin rusdilli oxucularına təqdim olunub.

    Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya jurnalınaverdiyi müsahibədə əsas tezislər bundan ibarətdir ki, Azərbaycan müharibədə çox böyük qələbə qazandı, işğalçını cəzalandırdı, işğalçı böyük itgilər verdi və yenə də əgər təxribat haqqında düşünərlərsə, Azərbaycan “Dəmir Yumruq” əməliyyatını dayandığı yerdən davam etdirməyə hazırdır.

    Müsahibəsində cənab Prezidentin Ermənistana başqa ismarıcları da açıqladı. Bu da ondan ibarət idi ki, əsas şərtlərimiz bəllidir, sülh danışıqları başlamalı, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sərhədlərin müəyyənləşməsi istiqamətində danışıqlar başlamalı və Zəngəzur dəhlizi açılmalıdır. Hansı ki, bunlar edilməsə yenə də Ermənistanın vəziyyəti ağır olacaq, müharibə riski bölgədə yenə də artacaqdır.

    Ölkə başçısı cənab İlham Əliyev müsahibəsində qeyd etmişdir ki, 44 gün ərzində Azərbaycan Ordusu dayanmadan ancaq irəlilədi. Ilk gün qazanılan uğurlardan sonra ordumuz yalnız irəli getdi. Müharibə günlərində qəbul olunan çevik qərarlar və peşəkar komandanlıq sayəsində Azərbaycan Ordusunun zərbə və hücumları Ermənistan tərəfi üçün əksər hallarda gözlənilməz idi. Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə birgə hər gün müşavirələr keçirilir, birgə qərarlar qəbul edilirdi.

    Müharibənin ilk günlərində əldə olunan uğurlar Qələbənin yaxınlaşdırılması və Orduda yüksək döyüş ruhunun qorunmasında mühüm rol oynamışdı. Önəmli mərhələlərdən biri düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gün oldu. Bu, həm hərbi əməliyyatların aparılması, həm də silahlı qüvvələrin ruh yüksəkliyi baxımından çox mühüm rol oynadı.

    Cənab Prezident müharibənin gedişində bir neçə uğurlu əməliyyatı xüsusi qeyr etdi. Düşmənin gözləmədiyi Hadrut əməliyyatı, daha sonra Cəbrayıl şəhərinin, oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınması da qeyd olunmalıdır. Zəngilan şəhərinin alınması, Qubadlının azad edilməsi və Laçın rayonunun cənubuna çıxmağımız da xüsusi qeyd edilməlidir. Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatı idi. Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktiki olaraq təslim oldu.

    Ölkə başçısı İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının qələbədəki rolunu xüsusi qeyd etmişdir. Bu aparatlar ilk olaraq 2016-cı ilin aprelində qısamüddətli döyüş əməliyyatları zamanı tətbiq edildi. Daha sonra Azərbaycan İsraildə istehsal edilmiş “Sky Striker”, “Orbiter” PUA-ları da almışdır. Daha sonra Türkiyədən “Bayraktar TB2”lər alındı. Bu da döyüşlərdə ən geniş və uğurla istifadə edilən PUA-lar oldu və Erməni ordusunun kabusuna çevrildilər. 10 noyabr tarixində imzalanmış Bəyanat 44 günlük müharibəyə son qoyaraq Azərbaycanın Şanlı Qələbəsini rəsmiləşdirdi.

    Prezident İlham Əliyev müsahibəsində bildirmişdir: “Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.

    Azərbaycan Prezidenti cənab İlham Əliyev müsahibədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin münaqişənin həllində fəal rolunu yüksək qiymətləndirib. Azərbaycan Liderinin iki prezident arasında çox böyük etimada əsaslanan münasibətlərin olması barədə söylədiklərini gündəmə gətirən Rusiya KİV-ləri oxucularının diqqətini Prezident İlham Əliyevin “siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması çox vacibdir. Bizim aramızda məhz bu cür münasibətlər mövcuddur. Bir də, əlbəttə, dərin qarşılıqlı hörmət hissi. Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür” fikirlərinə cəlb edib.

    Həmçinin cənab prezident vurğulamışdır ki, indi bizim əsas məqsədlərimizdən biri keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır və bunun üçün geniş miqyaslı bərpa-quruculuq işləri aparılır. Bu məsələdə Azərbaycanın əsas maneəsi və rəqibi zamandır. Dağıdılmış ərazi sahəsinə görə Livana bərabərdir. İndi bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə, elektrikləşmə işləri. Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib. Bütün istiqamətlərdə yollar çəkilir. Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq. Zəngilanda, Qubadlıda Ermənistan sərhədinə qədər yollar, Göygöldən Kəlbəcərə tunel yolu çəkilir. Üstəgəl Füzulidən Ağdama, Füzulidən Hadruta, Cəbrayıla gedən yollar. Yəni, bu şəhərlər arasında əlaqə yaradılacaq. Bu il təkcə azad olunmuş ərazilərin bərpası proqramına 1,3 milyard dollar vəsait ayrılmışdır. Bu məbləğin təqribən 400 milyon dolları hələlik bölünməyib, çünki biz bütün qaydalara – tender, planlaşdırma, layihələndirmə prosedurlarına riayət edirik. Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və şuşalılar oraya qayıda biləcəklər.

     

    Müəllif: Redaktor, 08:43

İsmarıclar bağlıdır.