Tərtər rayonundan qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan gənclərlə Heydər Əliyev adına parkda görüş keçirilib.
Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov, Milli Məclisin deputatı Sahib Alıyev, Milli Məclisin deputatı Ağalar Vəliyevin köməkçisi İlham Musayev, rayonun təhsil işçiləri və qəbul imtahanında yüksək nəticə göstərən məzunlar iştirak ediblər.
Əvvəlcə ərazilərimizin bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Görüşü giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar arzulayıb.
Rayon rəhbəri qeyd edib ki, müasir gənclik daha vətənpərvər, daha mübarizdir. Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, məhz onların sayəsində 30 ildən sonra torpaqlarımız işğaldan azad oldu. Milli Ordumuz Zəfər tarixinin şanlı səhifəsini yazdı. Yüzlərlə şəhid verdik, yüzlərlə qazimiz oldu. Şəhidlərimizə Ulu Tanrıdan rəhmət, qazilərimizə can sağlığı diləyirik, şəhid analarının qarşısında baş əyirik.
Sonra icra başçısı ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən söz açıb.
Qeyd olunub ki, 2020-2021-ci tədris ilində ümumtəhsil məktəblərini 584 nəfər məzun bitirib. Məzunlardan 326 nəfəri ali məktəblərə sənəd verib. Ali məktəblərə sənəd verən məzunlardan ilkin olaraq 206 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 3 nəfər 600-dən, 26 nəfər isə 500-dən yuxarı bal toplayıb.
Görüşdə Milli Məclisin deputatı Sahib Alıyev, deputat Ağalar Vəliyevin köməkçisi İlham Musayev çıxış edərək məzunları təbrik ediblər.
Sonda qabaqcıl repititor müəllimlərə və tələbə adını qazanan məzunlara, rayon icra hakimiyyəti və deputatlar tərəfindən fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkilib.