Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Sen

                                                                         ŞAM ÖMRÜ YAŞAYAN MÜƏLLİM

    ”Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”.
    Heydər Əliyev
    “Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır”.
    Mustafa Kamal Atatürk
    “Mənə bir hərf öyrədənin köləsi olaram”.
                                                                    Həzrəti Əli

    Lap çoxdan, digər uşaqlar kimi, mən də elə bilirdim ki, müəllim çörək yemir, çay içmir. Onlar yalnız tərbiyə vermək və elm öyrətmək üçün budünyaya gəlmişlər. Bu fikir ona görə formalaşmışdır ki, o zamanın müəllimləri özlərini çox mədəni, ismətli və yüksək intellektual səviyyəyə uyğun aparırdılar. Hərəkətlərində, davranışlarında, hətta geyimlərində belə ideallıq nümunəsi idilər. İndi isə… Həmin meyarlar sanki itmiş, müəllimlərin əvvəlki nüfuzu azalmışdır. Buna bir səbəb mühitdirsə, digər səbəb yəqin ki, təhsil sistemi ilə bağlıdır. Əgər müəllim dərsdən sonra öz ehtiyaclarını ödəmək üçün bazarda kartof, göy-göyərti satırsa və yaxud “xaltura” eyləyirsə, əlbəttə, onun uşaqlar arasında hörmətinə xələl gələcək.
    Amma Zümrüd müəllimə öz nüfuzunu qoruyub-saxlayan, müəllimlik adına həmişə hörmət gətirən, öz davranışları və zəngin biliyi ilə həm işlədiyi müəllim və şagird kontingentində, həm də cəmiyyət arasında sayılıb-seçilən bir ziyalı, peşəkar bir pedaqoq imicini qazanmışdır.
    Biz Zümrüd müəllimgillə uzun müddət qonşu olmuşuq. O, həm də özünü həmişə mehriban və qayğıkeş bir insan kimi aparmış, qonşular arasında səmimiyyət körpüsünə dönmüşdür. Zümrüd müəllimənin bütün məziyyətləri onun yüksək səviyyəli insani keyfiyyətlərə malik olduğuna dəlalət edir.
    Onun həyat yoldaşı Şahin Mehdiyev də çox mədəni və ziyalı bir adamdır. Onunla mənim aramda bir səmimi ünsiyyət telləri yaranıb.
    Bu günlərdə Şahin müəllimlə redaksiyada görüşüb, xeyli söhbət etdik, olub-keçənlərdən danışdıq. Həmişəki kimi özünü çox təvazökar aparırdı. Uşaqlarını soruşdum. Bildirdi ki, oğlanlarım Rəşad və Samir ali təhsil alıblar, işləyirlər. Qızım Tərlan da ali təhsillidir, Almanyada həkimdir.
    Zümrüd müəlliməni soruşdum. Cibindən bir vərəq çıxardıb mənə uzatdı. Tərcümeyi-hal idi. Vərəqi nəzərdən keçirdim öyrəndim ki, Zamanova Zümrüd Ələkbər qızı 1957-ci il no-yabrın 28-də ziyalı ailəsində anadan olub.
    1965-ci ildə Mirbəşir (indiki Tərtər) şəhər 1№ li orta məktəbin birinci sinfinə daxil olub, 1974-cü ildə həmin məktəbin 10-cu sinifini bitirib.
    1974-cü ilin avqust ayında Tərtər rayonundakı o vaxtkı Mirbəşir narçılıq savxozunda, 1975-ci ilin aprel ayından 1976-ci ilin noyabr ayına qədər isə Mirbəşir Aqrar Satış Birliyinin Mirbəşir Meyvə Tingliyi təsərrüfatında fəhlə işləyib.
    1977-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna daxil olub, 1982-ci ildə həmin institutu bitirərək ingilis-alman dilləri müəllimi ixtisasına yiyələnib.
    1982-ci ildən Tərtər şəhər 6№ li tam orta məktəbdə ingilis dili müəllimi işləyir.
    İşlədiyi müddət ərzində öz bacarığı və işgüzarlığı sayəsində onu tanıyanlıarın sevimlisinə çevrilib. Bütün bilik və bacarıqlarını şagirdlərin savadlanmasına sərf edib. Onun dərs dediyi uşaqların çoxunun sorağı yüksək yerlərdən gəlir. Zəhmət hədər getməyəndə insanın iç dünyası xüsusi bir rahatlıq tapır, daxili aləmi xoş bir ovqata köklənir. Zümrüd müəllimə də belə insanlardandır. Onun əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. Müəllimlərin XIII, XIV qurultayının nümayəndəsi olub. Baş müəllim seçilib. Dəfələrlə Təhsil Nazirliyinin fəxri fərmanlarını alıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
    Zümrüd Zamanova gənclərə örnək olası mənalı bir ömür yolu keçib. Hər bir gənc müəllim bu ömür yolundan dəyərli çox şey əxz edə bilər.

    Tofiq Yusif

    Müəllif: Redaktor, 10:18

İsmarıclar bağlıdır.