Sənanın atası Birinci Qarabag müharibəsindən danışanda onun ürəyindən keçirmiş ki, böyüyəndə mən hərbiçi olub, torpaqlarımızı geri qaytaracağam. Evdə ata-ana isə düşünürdülər ki, oğullarını hərbiçi olmağa qoymayacaqlar. Çünki yaxşı bilirdilər ki, müharibəsiz torpaqların azad olunması mümkün deyil.
Bu ailədə 3 övlad böyüyürdü – 2 oğlan, 1qız.
İllər ötürdü hərə bir sahəni seçdi. Sənan da hərbiçi olmaq arzusunun dalınca getmişdi. Anası nə qədər narazılıq etsə də, onu yolundan döndərə bilməmişdi. 9-cu sinfi bitirdikdən sonra Naxçıvanski adına hərbi liseyə daxil olmuş, 2016-cı ildə isə oranı bitirdikdən sonra Bakı Ali Komandirlər məktəbində təhsilini davam etdirmişdi. Burada da təhsilini müvəffəqiyyətlə başa vurmuşdu. Beyləqan rayonunda komandir kimi hərbi xidmətə başlamışdı. İstər orta məktəbdə, istərsə də hərbi məktəblərdə öz bacarığı ilə başqalarından fərqlənirdi. Müəllimlərin söylədiklərinə yaxşı fikir verərək, deyilənləri mənimsəyərək, savadlı bir hərbiçi olmuşdu. Sənan istər təhsil illərində, istər qulluq müddətində, istərsə də başqa iş-lərdə çox məsuliyyətli idi. Bunu söhbət zamanı ata-ana da təsdiqlədi. Bu ailəninin üzvüləri ən gözəl günlərini yaşayaraq gələcəkdə xoşbəxt bir ailə olacaqlarını düşünürdülər. Lakin təəssüf…
Sənanın qardaşı Əsgər Qaradağlı kəndindəki benzindoldurma stansiyasında işləyirdi. Az bir müddətdə özünə böyük hörmət qazanmışdı. Lakin 2018-ci ilin bir günü dəhşətli bir faciə onun bütün fikir və arzularını yarımcıq qoydu. Ehtiyat-sızlıqdan alışıb-yanan benzindoldurma stansiyasında dünyasını dəyişdi. Bu hadisə ailə üçün çox agır bir dərdə çevrildi. Bunu ağır itki hesab etsələr də, dərd içində yaşayırdılar. Lakin “sən saydığını say, gör fələk nə sayır?”. Hardan biləydilər ki, dərdin birini çəkməmiş ikincisi başlarının üstünü alacaq, özlərini toparlamağa macal tapmamış ikincisi çulğayacaq?!
2 il idi ki, Sənan ailəsindəki faciəni unuda bilmirdi. Həm ata-ananın qəfləti başlarına gələn oğul itkisi, həm də özünün qardaş itkisi onu çox sarsıdırdı! Faciədən cəmi 2 il ötmüşdü. Bu 2 ildə bütün günlər sıxıntı ilə keçmişdi Sənangildə. Oğul dərdi çəkən ananı ovundurmaq mümkün deyildi.
Sənangilin ailəsi çox zəhmətkeş ailə olub. Elə Sənan da ailəsindən öyrənib, gördüyü işi məsuliyyətlə görməyi.
Sənan hərbi hissədə tağım komandiri idi. Atasına söhbətlərində bildirirdi ki, “mən sənin həyatını yaşayıram. Torpaqlarımızın alınması müharibəsiz olmayacaq, müharibə yolu ilə olsa da, biz alacağıq. O zamanlar sizin döyüşünüz kortəbii döyüş idi. İndi bizim güçlü ordumuz, mükəmməl silahlarımız var”.
Sentyabrın 27-də müharibə başlayanda Sənanın döyüş yolu Cəbrayıldan, Xocavənddən, Zəngilan istiqamətindən keçdi. O tank komandiri idi. Elə ilk gündən öz tankı ilə döyüşə qatıldı. Hər gün ağır əməliyyatlarda iştirak etdi. Kəndlərin, şəhərlərin azad olunmasında fədakarlıqla vuruşdu. Oktyabrın 15-də Sənanın mənfurlarla döyüş yolu yarımçıq qaldı. Xocavənd uğrunda gedən vuruşmada onun vuran qəlbi dayandı, tankı susdu. Bu dəhşətli xəbər ailəni yenidən sarsıtdı. Onun nəşini 5 gün neytral ərazidən çıxarmaq mümkün olmadı. 20 oktyabrda nəşi ailəsinə təhvil verildi və Qaradağlı kəndində dəfn olundu. Ata-ana ikinci oğullarının da ağrı-acısını yaşamalı oldu.
Səlim ata ilə Rəsmiyyə ananı ovundurmaq çox çətindir. Nə qədər çalışdımsa bu valideynlərə təsəlli verəcək söz tapa bilmədim. Sanki onların dərdləri qarşısında sözlər də aciz qaldı. Təkcə 2 kəlmə söz deyə bildim “Allah səbrinizi versin!”.
Qoşa oğul itkisindən ürəkləri yanan ata-anadan ayrılıb geri döndüm. Ananın için-için tökdüyü göz yaşı, gözlərim önündən atanın oğul niskili ilə qəhərdən boğulan səsi qulaqlarımdan uzun müddət getmədi. “Kaş ki, bu itkilər olmayaydı!”– deyə, düşündüm.
Məmmədli Sənan Səlim oğlu ölümündən sonra ”Vətən uğrunda”və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Elfuzə Vəliyeva