Kəndimizdə Əliabbas adında bir kişi vardı. Heç kim ona Əliabbas demirdi. Əlabbas deyirdi. Çobanlıq edirdi. Yəni kənd camaatının qoyunlarını otarırdı. Səhər-səhər kimin neçə qoyunu olardı, gətirib ona təhvil verərdi. Maşallah da yaddaşı vardı. Yüz qoyun da versən, bilərdi ki, hansı sənindir. Hər qoyunu da öz adı ilə çağırardı. Kərə qoyun, kürə qoyun, sarımtıl, bozumtul, quyruğu qıvraq, qulağı yarıq, boynu qotazlı, yerişi nazlı. Saymaqla qurtarmaz. Elə ki, qoyunları gətirdilər, qabağa düşüb gedərdi. Qoyunlar da mələşə-mələşə dalınca. Ayın axırında da iki manatdan, üç manatdan pul yığardı.
Əlabbas tək yaşayırdı. Evlənməmişdi. Deyəndə ki, ay Əlabbas, yaşın altmışı keçib, niyə evlənmirsən? Bir xeyli sənə məzlum-məzlum baxardı:
-Sən öylənibsən?
– Evliyəm.
-Əlin yağa-bala batıb?
-Batıb da sözdür. Əlabbas, ailə özgə aləmdir. İşdən gəlirsən, oğul-uşaq qabağına yüyürür, sarılır boynuna. Bundan gözəl nəsə var?
-Mənimsə yoxdur. Qabağıma yüyürən də, boynuma sarılan da. Niyə də olsun axı. Yazıq deyillər. Bilirsən niyə? Yığdığım pul özümə güclə yetir. Oğul-uşağa nə yedirdim?
Əlabbasın belə deməsi adamı mat qoyur. Bu sözün qabağında nə deyəsən? Dillənmirsən, amma fikrə gedirsən.
Hər dəfə kəndə yolum düşəndə evdə qalan deyiləm. Tez-tələsik dağlara çıxıb, o gözəlliklərə tamaşa etməsəm, rahatlana bilmərəm. Hər tərəfin gül-çiçək, onların ətrindən məst olursan, havanı içinə çəkdikcə, ciyərlərin sevincdən qaytağı gedir. Elə ki çəmənlikdə uzanıb göylərə göz gəzdirirsən, beynin anadangəlmə olur. Nə əsəbin var, nə təzyiqin. Bütün insanlar yaddan çıxır. Nə pisi var, nə yaxşısı. Nə alçalanı var, nə öyünəni. Təbiətin qoynuna girdinmi, səni də özünə bənzədər. Elə orda da Əlabbasla rastlaşardım. Rastlaşardım deyəndə ki, mən dağın bu tərəfində olardım, o da dağın o biri tərəfində. Bir kolun gölgəsində uzanıb dirsəklənərdi.
Hal-əhval tutmaq üçün bu taydan o taya çağırardım:
-Əlabbas!
Yavaşca cavab verərdi:
-Hey.
Bir də qışqırardım:
-Əlabbas!
Yenə yavaşca deyərdi:
-Hey.
Əlabbasın səsi çox gur idi. Üz-üzə danışanda, tez-tez deyərdin ki, a kişi bir az yavaş danış. Kar adammı var? Nə qədər desən də, yavaşıtmazdı. Neyləsin, danışığı eləydi. Təkcə uzaqdan çağıranda bilə-bilə səsini yavaşıdardı. O səbəbdən ki, yanına gələsən, səninlə söhbət edə. Mən də eləmə tənbəllik gələrdim. Çatan kimi soruşardım:
-Əlabbas, kefin necədir?!
Cavab verərdi:
-Nə vecimə, a bala? Səhər-səhər qoyunu gətirdim, ay maşallah, otladılar.
-Ayrı nə var, nə yox?
-Günorta gün qızanda endirdim, çayın qırağına, sərinlədilər.
-Təzə xəbərdən, zaddan?
– İndi də gətirdim dağın döşünə, şər düşənə qədər yesinlər.
Anlayardım ki, gün çıxmamış qoyunları dağ döşünə aparan, şər qarışana yaxın kəndə endirib onları sahiblərinə paylayan Əlabbasın bildiyi elə bu qədərdir. Qoyun dərdi, qoyun ləzzəti. Nə qədər fikir versən, danışığında olsa-olsa 200-300 söz işlənərdi. Özü də eyni sözlər. Deyirlər ömrü boyu dərman nədir, bilməyib. Soruşsan: “Ay Əlabbas, heç həkim tanıyırsanmı?”
Deyərdi:
– Niyə tanımıram. Bir-iki dəfə qoyunlara baxmağa gəlib.
Birdən adama elə gəlirdi ki, ona qibtə edirsən. Amma niyəsini bilmirdim.
Maqbet Əhmədov