BÖYÜK XALQIN BÖYÜK ŞAİRİ
Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərin təşkil edir və bəşəriyyətin yetirdiyi ən böyük dühaların yaratdıqları ölməz abidələr arasında şərəfli yer tutur.
Nizami Gəncəvi 8 əsr bundan əvvəl yaşayıb yaratmışdır. Şair Gəncədə doğulub. Bu qədim şəhərin xarabalıqları indiki Gəncənin 5 kilometrliyində yerləşir. Şairin doğum ili 1141-ci il hesab olunur. Lakin “Xosrov və Şirin” poemasındakı aftobioqrafik məlumatların tətqiqi başqa qənaətlərə gəlməyə imkan verir. Belə deyilir ki, şair şir bürcü altında doğulmuşdur.
Şairin əmisi Xacə Ömər görünür, Azərbaycan hakimləri Atabəylərin Gəncədəki sarayında qulluq etmişdir.
Əsilzadə nəslindən olmasına baxmayaraq, Nizaminin ailəsi o qədər də böyük var-dövlətə malik deyildi. Amma hər halda valideynləri övladlarına o dövr üçün ən yüksək səviyyədə təhsil verməyə imkan tapmışdılar. Şair hələ uşaq çağlarından Quranı öyrənmiş, müsəlman hüququnu, “ədəb” kompleksinə daxil olan bütün fənləri dərindən mənimsəmişdi.
O vaxtlar varlı ailədən çıxanlar öz təhsillərini davam etdirmək üçün bir qayda olaraq, Bağdaddakı məşhur “Nizamiyyə” mədrəsəsinə və yaxud Dəməşqə, Məkkəyə, Qa-hirəyə və başqa şəhərlərə gedərdilər. Lakin Nizami başqa bir yerə getmədi, öz doğma şəhərində qalıb təhsilini burada zənginləşdirməklə məşğul oldu.
Gənc İlyas hələ yeniyetmə çağlarından şeirə böyük maraq göstərmişdir. O vaxtlar “türk” adlanan doğma Azərbaycan dilindən savayı o, ərəb və fars dillərini də gözəl bilirdi. Türk dili ana dili olsa da, elm və din ərəbcə, poeziya isə fars dilində yayılmışdı. Nizami və onun bütün müasirləri fars dilində yazsalar da, şair özü də türk olduğunu dəfələrlə qeyd edib.
60-cı illərin sonunda Nizaminin həyatında mühüm hadisə baş verir. Müzəffər ibn Məhəmməd ibn Xəlifənin əlinə qıpçaq tayfasından Afaq adlı bir türk qızı əsr düşür. Dərbənd hakimi bu gözəli bir qəsidənin mükafatı, peşkəşi kimi şairə bağışlamağı qərara alır. Lakin şair Afaqı kəniz yox, həyat yoldaşı kimi qəbul edir və ondan Məhəmməd adlı bir oğlu dünyaya gəllir. 1179-cu ildə Afaq vəfat edir. Afaqın ölümü şairə dərin yara vurur. Nizami “Xosrov və Şirin”, “İskəndərnamə” poemalarında da Afaqı xatırlayır.
Nizminin ölüm tarixi indiyədək dəqiqləşdirilməmiş qalır. Lakin bu problemi həll etməyə imkan verən müəyyən məlumatlar mövcuddur.
Yaxın və Orta Şərq ədəbiyyatında epik şeirin ən böyük ustadlarından biri sayılan Nizami lirik şeirin də gözəl nümunələrini yaratmış və yaradıcılığa lirika ilə başlamış, başlıca olaraq qəzəl və qəsidə yazmışdır. Şair ömrünün axırınacan qəzəl və qəsidə yazmışdır. “Leyli və Məcnun” poemasından göründüyü kimi, artıq 1188-ci ildə şairin Divanı varmış və bəzi orta əsr tarixçilərinin məlumatlarına görə bu divan 20 min beytdən ibarət imiş. Lakin bizə təqribən 2 min beyt gəlib çatmışdır, özü də onların bir çoxunun Nizamiyə aid olduğu şübhə altındadır.
Nizaminin yaradıcılığında qəsidə janrı mühüm yer tutur. Onun 6 qəsidəsi məlumdur. Şair qəsidə janrında əsl çevriliş etmişdir. Lirikanın ən qədim və maraqlı janrlarından biri olan bu şeir formassı Nizami dövründə hökm-ixtiyar sahibi olmuşdur. Saray məddahlığına nifrət edən şair qəsidə yazan saray şairlərinin yolu ilə getməkdən də imtina etmişdir.
Lirik janrın ikinci ən geniş yayılmış forması qəzəl idi. Şairin qəzəlləri onun daxili aləmini əks etdirən hiss və duyğularla aşılanıb. Nizami qəzəllərinin çoxu musiqi ilə ifa olunmaq üçün deyil, bu və ya digər hadisə ilə bağlı olaraq, onun daxilini bürüyən hisslərin təsiri altında bir qəlbin etirafı kimi yazılıb. Şairin 120 qəzəli məlumdur.
Hər gecə tədbir görür könlüm sənin hicranına
Sübh tezdən bənd olur eşqin şirin sultanına
Könlümü verdim sənə, mən-sən bir can olmuşuq.
Başqa bir can varmı, yetsin başqa bir cananına?
Nizami müxtəlif məzmunlu lirik duyğuları üçün rübai janrından da məharətlə istifadə etmişdir. Biz burada da onun Şərq intibahının qüdrətli hümanist nümayəndəsi kimi görürük.
Dünyada ədalətlə zəfər tapmışlar,
Zülm ilə bu dünyada zərər tapmışlar.
Hər yerdə paxıllıq hünəri danmışlar,
Mərdlər eyb örtüb də hünər tapmışlar.
Nizaminin zəngin lirik irsindən kiçik bir hissə qalsa da, bunlar şairin lirik duyğularından, qənaətlərindən danışmağa kifayət qədər imkan verir.
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.
Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qübar gəlmiş idi?
Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi
Uyuyub hər ikimiz rahət olub bir yatdıq,
Bəxtimin baxçasına güllü bahar gəlmiş idi .