Laçın və Kəlbəcər təkcə düşmən ölkə ilə dövlət sərhədimizin mövcud olduğu məkan deyil. Ora həm də Şərqi Zəngəzuru gələcəkdə Qərbi Zəngəzurla birləşdirəcək əsas kilid nöqtəmiz və ya körpümüzdür. Məhz bu mənada möhtərəm Prezident İlham Əliyrvin Laçın və Kəlbəcərə səfər etməsi olduqca əhəmiyyətlidir. Çünki hazırda bu ərazilər revanşist Ermənistanın silahlı qüvvələrinin tez-tez atəşə tutduğu əsas istiqamətlərdən biridir. Bundan əvvəl ermənilər Kəlbəcərin Azərbaycanın nəzarətində olmadığı görüntüsünü yaratmağa çalışırdılar. Lakin Prezident İlham Əliyev çətin relyefinə, yolsuzluğuna və ermənilərin atəşkəsi tez-tez pozmasına baxmayaraq Kəlbəcərə səfər planından vaz keçmədi. O, bütün risklərə və təhdidlərə baxmayaraq bu səfəri gerçəkləşdirdi və Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə həm Kəlbəcərə, həm də Laçına gedib orada görülən işlərlə tanış oldu, təməlqoyma mərasimlərində iştirak etdi, eyni zamanda olduqca mühüm açıqlamalar verdi. Prezidentin hazırkı həssas və kritik dönəmdə Kəlbəcər və Laçın rayonuna səfəri həm də müəyyəndairələrə bir mesaj idi.Bu səfər onu göstərdi ki, Kəlbəcər və Laçın Azərbaycanın tam nəzarəti altındadır və bu rayonların təhlükəsizliyi Azərbaycan tərəfindən tam təmin olunur. Beləliklə, ermənilərin Kəlbəcərlə, Laçınla bağlı uydurmaları, mifləri darmadağın oldu.
Bu səfər ilk növbədə 44 günlük müharibənin nəticələrinin diplomatik-siyasi müstəvidə bərkidilməsinə və işğaldan azad edilmiş ərazilərdə mövqelərimizin daha da möhkəmləndirilməsinə xidmət edirdi. Kəlbəcər və Laçın bizim sərhəd mövqelərimiz olduğuna görə, İlham Əliyevin bu səfəri onu göstərdi ki, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməyə davam edəcəyik. Sözügedən rayonlarda 30 illik işğalın nəticələrinin aradan qaldırılmasına start verilməsi, yenidənqurma və bərpa işlərinin sürətləndirilməsi də paralel olaraq sərhəd mövqelərimizin gücləndirilməsinə xidmət edir.
Möhtərəm Prezident İlham Əliyevin bu səfərində diqqət çəkən əsas məqamlardan biri də hazırda Ermənistanda olan keçmiş Azərbaycan ərazilərinin erməni adları ilə yox, öz tarixi adları ilə, qədim Azərbaycan adları ilə yazılmasının, səsləndirilməsinin vacibliyi barədə məsələnin Prezident səviyyəsində dilə gətirilməsi oldu. Bu çox mühüm məqamdır. Sovetlər və ermənilər tərəfindən onilliklər boyu qəsdən unutdurulmuş “Zəngəzur” adının İlham Əliyev tərəfindən yenidən beynəlxalq dövriyyəyə qaytarılması kimi Vardenisin əvəzinə Basarkeçər toponimindən istifadə edilməsi təşəbbüsünün irəli sürülməsi də Azərbaycan liderinin növbəti diplomatik-siyasi gedişi, taktikasıdır.
Cənab Prezidentin çıxışında sözügedən ərazilərlə bağlı milli yer adlarımızı sadalaması dünya ictimaiyyətinə o yerlərin gerçək sahibinin kimliyini tanıtmaq baxımından böyük əhəmiyyət kəsb edir. Çünki azərbaycanlılar deportasiyaya qədər oralarda əzəli yaşayıblar. Dövlət başçımız bu məqamı xüsusi vurğuladı. Bu istər sıravi azərbaycanlıların, istərsə də dövlətimizin siyasətini müəyyənləşdirən birinci şəxsin vaxtilə əcdadlarımızın yaşadıqları qədim Azərbaycan ərazilərini də yaddan çıxarmadıqlarını və yenidən o yerlərə qayıtmaq haqqına sahib olduğumuzu göstərir. Prezident də məhz bu istiqamətdəki hədəfimizi, əzmimizi ortaya qoydu. O, həmin ərazilərdən qovulmuş soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdış haqqına malik olduğunu bildirərək, lakin “Biz bunu sonrakı mərhələyə saxlayırıq” fikrini səsləndirməklə gələcək ümummilli hədəflərimizdən birinin konturlarını cızmış oldu. Prezidentin Kəlbəcər və Laçına səfəri həmçinin Qələbəmizin dönməzliyini nümayiş etdirməyə xidmət edirdi. Bununla Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyinə və havadarlarına açıq şəkildə mesaj verildi ki, Ermənistanın yenidən silahlandırılması və bu ölkənin revanşist cəhdləri əbəsdir, bütün bunlar onsuz da müharibənin nəticələrini dəyişə bilməz və Ermənistanın yeganə xilas yolu onun Azərbaycan ilə real sülhə təşəbbüs göstərməsindən ibarətdir. Bu mənada, İlham Əliyevin Kəlbəcər və Laçına səfərini rəsmi Bakının Ermənistana son xəbərdarlığı kimi də qiymətləndirmək olar.