ENİŞLİ-YOXUŞLU ÇƏTİN YOLLAR
16 ildir ki, qolboyun yol gedirik. Bu yolun çala-çuxuru da olub, hamar yerləri də. Birlikdə büdrəmişik, səndirləmişik, amma yıxılmamışıq, ayaq üstə durmağı bacarmışıq. Yolun başlanğıcında çox əziyyətlər və məhrumiyyətlər çəkmişik. Elə bilin ki, bazara nəsə almağa gedirsiniz, amma cibinizdə 1 manat da olsun pulunuz yoxdur. Lakin alış-veriş etməlisiniz. Yerimiz yox, yurdumuz yox, qələmimiz yox, kağızımız yox. Di gəl qəzet nəşr etdir görüm, necə etdirirsən?! Ən yaxın mətbəə isə ya Gəncə şəhərində, ya da Mingəçevir şəhərində idi. Bəzən yol pulumuz da olmurdu ki, səhifələrin plyonkalarını həmin mətbəələrə aparaq. Digər bir çətinlik də vardı–qəzetin səhifələri çapa getməmişdən əvvəl siqnal nüsxələrini rayon icra haki-miyyətinin başçısına göstərməliydik və o, razılıq verəndən sonra qəzet çap oluna bilərdi. Vay o günə ki, başçı səhifələrdə dəyişiklik edəydi! Onda Mingəçevirə və ya Gəncəyə bir qəzetin nəşrindən ötrü 2-3 dəfə gedib gəlməliydik. Hələ bu harasıdır?! Bir tənqidi material yazmağa ixtiyarımız yox idi. Yazsaq da, üstündən qara qələmlə xətt çəkilirdi – “Olmaz!”.Yəni qəzet rayon icra başçısının qəzeti idi biz də onun ”buyruqçuları”. Onun dediyilə oturub-durmalıydıq, çünki abunə yazılışını o təşkil edirdi, yoxsa…
Lap əvvəllər bələdiyyənin 2 nəfərlik bir otağında sonra erməni topunun dağıtdığı uçuq-sökük redaksiya binasında fəaliyyət göstərdik. Sonra o bina da əlimizdən alınıb verildi dairə seçki komissiyasına. Bizi aparıb soxdular köhnə havasız iç-içə 3 otağı olan baytarlıq aptekinə. Burada hava çatışmırdı, adam boğulurdu. Hələ bu azmış kimi divarlara, beton döşəməyə heyvan və zərərverici həşəratlara qarşı işlədilən dərmanların hopan kəskin qoxusundan başımız gicəllənirdi, hər yerdə– evdə, eşikdə adamlar arasında üst-başımızdan həmin dərmanların, əlalxüsus “Bit dərmanı“nın pis qoxusu gəlirdi. Aylıq əmək haqqımız çox az, iş şəraitimiz isə dözülməz idi. Buna baxmayaraq, çox məsuliyyətlə işləyirdik. Bir ailəni xatırladan səmimi bir kollektiv yarada bilmişdik.
Onu da deyim ki, Birinci Qarabağ müharibəsindən sonra adda-budda çıxan rayon qəzeti 1998-ci ildən fəaliyyətini tamam dayandırmış, düz 7 il nəşr olunmamışdı və redaksiyaya məxsus hər şey darmadağın edilmişdi, avadanlıqlar köhnəlib sıradan çıxmışdı. Yəni hər şeyi ”sıfır”dan başlamaq lazım gəlirdi . Bunlarla onu demək istəyirəm ki, redaksiyada yaratdığımız indiki şərait elə-belə, asanlıqla başa gəlməyib. Sözün həqiqi mənasında bu şəraiti “dişimizlə-dırnağımızla yaratmışıq”, ordan-burdan stol-stul yığmaqla, müvəqqəti istifadəyə kompüter götürməklə, hətta mağazadan borc qələm almaqla redaksiyanın fəaliyyətini təşkil etmişik. Təsəvvür edin, iş yeri yox, avadanlıq yox, bina yox, su yox, işıq yox, vəsait yox, oturmağa belə bir stol çatışmadan işləmişik, gah Yevlaxın “Kür” qəzetinin redaksiyasına, gah digər redaksiyalara yalvar-yapış edərək, bu “Yeni Tərtər” qəzetinin redaksiyasını formalaşdırıb işlək bir hala gətirmişik. Lap əvvəllər 300-500 nüsxə tirajla çıxan qəzetin sonrakı tirajının sayı hətta 1900-ə çatdı. Və daha sonralar yavaş-yavaş azalaraq aşağı endi. İndi 1300 nüsxə tirajla nəşr olunan “Yeni Tərtər” qəzeti region mətbuatı sırasında layiqli yer tutmuş və özünə nüfuz qazanmışdır.
Rayon qəzeti 1934-cü ildən üzü bəri 87 ildir ki, öz fəaliyyətini davam etdirir və rayonun gündəlik həyatını öz yaddaşına köçürüb. Onun səhifələrində 87 ilin ağlı- qaralı günləri mürgüləyir. Başlanğıcını “Kolxozçuların varlanması uğrunda” adından götürərək, sonra “Qızıl bayraq”, daha sonra “Tərtər” olan bu qəzet 2005-ci ilin avqustundan bu günə kimi ayda üç dəfə dərc olunmaqla “Yeni Tərtər” adını daşıyır və Tərtərin ye-ni həyatının səlnaməsini yazır. Neçə ildir ki, qəzetin elektron variantı da fəaliyyət göstərir və onun 20-dən çox ölkədə 10 minlərlə izləyicisi mövcuddur.
Hazırda maddi sıxıntı yaşayan redaksiyamızda bu səbəbdən əməkdaşların sayı xeyli azaldılmış və indi əvvəlki kollektivin üçdə biri qalmamışdır. Buna baxmayaraq, biz çalışırıq ki, qəzetimiz vaxtında çap olunsun, səhifələrində maraqlı materiallar, günün vacib məlumatları dərc olsun.
Neçə-neçə qanlı müharibələrin şahidi olmuş Tərtər rayonunun qəzeti Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarının söz deyən dilinə, xatirələr ünvanına və tribunasına çevrilmişdir. Bu qəzetin səhifələrində “Köhnə kişilər”, “Ağbirçək nənələr”, “Ziyalılarımız”, “Sadə peşə adamları”, “Şəhidlərimiz”, “Qazilərimiz”, “Veteranlarımız” və digərləri haqqında vaxtaşırı yazılar gedir, onların keçdikləri ömür yolu, Vətən, Torpaq sevgisi halal ruzi, doğruluq, müqəddəs, “İslam dünyası”, həmçinin milli-mənəvi dəyərlərimiz öz əksini tapır. Öz oxucularına gündəlik vacib informasiyaları çatdıran bu qəzet öz nömrələrində maraqlı bədii yazılara da yer verir. Həmçinin erməni faşizmini əks ifşa edən tarixi faktlar da bu qəzetə oxucu marağını artırır.
Bu illər ərzində iş yoldaşlarımızdan dünyasını dəyişəni də oldu, etibarsız çıxanı da, etibarlı olanı da. Bəziləri dözmədi getdi, bəziləri maaşın azlığından getdi. Gənc qızların çoxu burada bir az işləməmiş ailə qurub, ərə getdi. Zarafatla deyirdilər ki, kimin “Bəxti bağlanıb”sa, redaksiyada işə girsin, ora “yüngül ayaqdır”. Amma hara getsələr də, çoxu heç zaman “Yeni Tərtər”i unutmadı.. Biz indi özümüzün olmayan köhnə bir binada fəaliyyətimizi davam etdiririk və sabaha ümüdlə baxırıq. Düşünürük ki, hər şey yaxşı olacaq.
İndi Bakı şəhərində “SONDAKİKA” MMC-nin mətbəəsində nəşr olunuruq. Ora ilə yaxşı ünsiyyət yaratmışıq. Ümüdvarıq ki, həm oxucularla həm də ətraf mühitlə yaratdığımız səmimi ünsiyyət davam edəcək və bu çətin şəraitdə rayon rəhbərliyinin yaxından dəstətyi ilə bu doğma qəzeti hələ çox yaşadacağıq.
Tofiq Yusif