GÖZÜ YAŞLI ANA İLƏ GÖRÜŞ
“Şərəfsiz yaşamaqdansa, şərəflə ölmək yaxşıdır”. Bu sözləri yalnız qeyrətli, vətənpərvər, qorxub-çəkinməyən oğullar deyirlər.
Əjdər Sabirli valideynlərinə deyərmiş : “Müharibə başlasaydı, bu şərəfsiz erməniləri qırardıq!”
İllərdir xalqın çəkdiyi vətən həsrəti, yurd ayrılığı mərd oğullarımızın gözləri qarşısındadır. Sabirli Əjdər Xanlar oğlu rayonumuzun Hacallı kəndində yaşayırdı. Onun amalı belə idi: “Vətənin qəhrəman oğluna çevrilərək Vətən torpağı uğrunda ya şəhid, ya qazi olmaq!”.
Əjdərin də qismətinə şəhidlik düşdü, – ən uca zirvə, ən uca məqam! Ömrünün təravətli, gözəl çağında Vətən üçün şəhid oldu. Məqamın mübarək, Şəhidimiz!
Əjdər bütün həmyaşıdları kimi orta məktəb təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağrıldı. Vətən qarşısındakı borcunu şərəflə, ləyaqətlə başa vurdu. Hərbiçi olmagı özü üçün şərəfli peşə seçdi. Odur ki, 2016-cı ildən müddətdən artıq xidmətə yazıldı və Azərbaycan Ordusunun tərkibində ləyaqətlə xidmət etməyə başladı.
Vətən müharibəsi başlayanda 4 il idi ki, Əjdər orduda xidmət edirdi. Artıq püxtələşmiş, hərbi texnikanın dilini öyrənmişdi. Ermənilərlə mübarizəyə özünün idarə etdiyi tankla qoşulmuşdu. Tank-tuşlayıcı idi. Döyüşün başladığı ilk gündə, ermənilər tərəfdən dayanmadan qrad və toplardan atəş açılır, mərmilər yağıştək tökülürdü. Belə anda nəyisə gözləməyin yeri deyildi. Əsgər və zabitlərimiz mənfur erməninin qarşısına çıxaraq onları məhv etməyi, yaxın ərazilərdən qovub çıxarmağı qarşılarına məqsəd qoymuşdular. Əjdər də ekipajla birlikdə öz tankı ilə irəliləyirdi. Qəfləti hiss etdi ki, ermənilərin mühasirəsinə düşmək təhlükəsi var. Özünü itirmədən tankı “Ural” maşınının üstünə sürür və maşını əzib keçir. Yenidən geri qayıdanda minaatanla vurulur. Əjdər burada şəhid olur. 10 gün onun çəsədini neytral ərazidən çıxarmaq mümkün olmur. Bir igid oğlumuz da yüzlərlə oğullarımız kimi Suqovuşanın azad olunması uğrunda canını qurban verdi.
2020-ci il oktyabr ayının 11-də Əjdərin cansız bədəni tabutda böyüdüyü kəndə gətirildi və uğrunda şəhid oldugu torpağın qoynunda dəfn edildi.
Bu günlərdə şəhidin ailəsinin qonağı olduq, ata-anası ilə görüşüb, onların xatirələrini bölüşdük. Valideynləri oğulları haqqında qürurla danışırdılar. Anası Gülnar göz yaşı tökərək söylədi:
–Əjdər mənim oğlumdur deyə demirəm, o çox mükəmməl oğuluydu. Bir ağsaqqal düşüncəsi varıydı onda. Evimizin bütün ehtiyaclarını, problemlərini yalnız onunla məsləhətləşib həll edərdik. Hələ də Əjdərin yoxluğu ilə barışa bilmirəm. Elə bilirəm ki, bir gün qapımızdan içəri girərək deyəcək ki, mən şəhid olmamışam, burdayam!
Bir şəhid anasının çəkdikləri bəllidir. Bütün oğul itirən analar belədir, övladlarının yoxluğuna inanmaq istəmirlər. Hər bir şəhid anasının qarşısında baş əyib, onlara allahdan səbr diləyirəm!
Əjdər Sabirli müharibədə göstərdiyi şücaətlərə görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Ruhun şad, məkanın Cənnət olsun rayonumuzun şəhid oğlu Əjdər!