Səbuhi Məmmədov Kəngərli kəndindən şəhid olmuş igidlərdəndir. Orta təhsilini də burada – boya-başa çatdığı Kəngərli kəndində alıb. Bütün tay-tuşları kimi o da həqiqi hərbi xidmətə gedib. Əsgəri borcunu Naxçıvanda yerinə yetirib. Səbuhi ailədəki 3 övladın böyüyü idi. Ağır təbiətliydi, böyük-kiçik yolu biləniydi.
Bu gün Səbuhi haqqında keçmiş zamanda danışmağımın səbəbi onun şəhid olmasıdı. Axı, 44 günlük Vətən müharibəsi başlayanda Səbuhi də 21 sentyabrdan səfərbərliyə yazıldı. Qısa müddətli toplanışda iştirak etdikdən sonra– 27 sentyabr 2020-ci ildə ermənilərin məkrli niyyətlərinin qarşısını almaq üçün ayağa qalxan döyüşçülərin sırasında idi.
Səbuhi Məmmədov belə bir anı çoxdan gözləyirdi ki, fürsət düşsün, ermənilərin payını versin. Hamı bir məqsəd üçün döyüşə qalxmışdı. Onların bir amalı vardı: ”Necə olur-olsun düşmən ərazilərimizdən çıxarılmalı, torpaqlarımız azad edilməlidir!”. Bütün ordu böyük ruh yüksəkliyi ilə döyüşlərə atıldı. Suqovuşan azad edildi, bu istiqamətdə olan yüksəkliklər döyüşçülərimizin nəzarətinə keçdi, lakin xeyli itkilərlə. Elə ilk günlərdə şəhid olanlar arasında Səbuhi Məmmədov da var idi. Nəşi isə bir müddət sonra – noyabrın 8-də döyüşlər getdiyi ərazidən çıxarılaraq doğma kəndində dəfn edildi.
Söhbətimiz zamanı məlum oldu ki, Səbuhinin atası Birinci Qarabağ müharibəsinin veteranıdır. Ata oğul haqqında bildirdi ki, Səbuhi Orduya yazılanda ailəmizin xəbəri olmayıb. Ana-bacısına zarafatla deyirmiş: “Əgər müharibə başlasa, mən şəhid olsam, onda neyniyərsiniz?”. Elə bil onun ürəyinə damıbmış ki, müharibədə şəhid olacaq. Atası ilə əlaqə saxlayanda bildiribmiş ki, özünüzdən muğayat olun.
Bütün gün ata oğlu haqqında düşünürdü. Beyninə gələn qara fikirləri atmaq istəyirdi. Oğlundan xəbər ala bilməyəndə rahatlıq tapmırdı.
Oğlunun şəhid xəbəri gələndə atanın ümidləri qırıldı. Bir anlıq yerdən-göydən əl-ayağı üzüldü. Özünün o zaman döyüşlərdəki günlərini xatırladı, şəhid olanlar xəyalına gəldi. “Kaş ki, yer üzündə bu müharibələr olmaya!” – deyə, pıçıldadı.
44 günlük müharibədə xeyli sayda oğullar şəhid versək də, xeyli yaralılarımız olsa da, alnımızın ləkəsi silindi. Mübariz ordumuzun sayəsində, bir də birliyimiz nəticəsində düşmənin illərlə at oynatdığı ərazilərimiz işğaldan azad olundu. İnsanlarımızın bir gözü ağlasa da, bir gözü se-vinc yaşlarıyla doldu. Həsrətdən cadar-cadar olmuş torpaqlarımız dirçəldi, bulaqlarımız büllurlaşdı. Doğma yurd-yuvalarımızda çal-çağır yenidən başlandı. Bütün bunlar üçün şəhidlərimizə və qazilərimizə minnətdarlıq!
Səbuhi Məmmədov ölümündən sonra müharibədə göstərdiyi şücaətlərə görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
-
20Avq
Müəllif: Redaktor, 09:26