Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Avq

    Bu, bizim üçün tarixi bir Zəfərdir. Çünki qeyd etdiyiniz kimi, 30 il ərzində torpaqlarımız işğal altında idi. Bu, böyük ədalətsizlik idi və beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə etibarilə nəticə olmadı.

    Bu fikirləri Azərbaycan Prezidenti cənab İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.

    Dövlətimizin başçısı qeyd edib ki, nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, biz heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Dediyim sözlər həyatda öz yerini tutdu və Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi.

    Azərbaycan müharibənin ilk günlərində döyüş meydanında öz gücünü göstərdi və elə bir müharibə apardı ki, bütün dünya bunu izlədi. “İkinci Qarabağ savaşı dönəmində də Ermənistan döyüş meydanında ilk gündən məğlubiyyətə uğramağa başlamışdı”, – deyən Cənab Prezident bildirib ki, 44 gün ərzində hər gün biz irəli gedirdik, bir gün belə geri addım atmadıq: “Hətta manevr etmək məqsədilə də geri addım atmadıq. Ermənistan isə artıq öz qaçılmaz məğlubiyyətini dərk edərək bizi durdurmaq və mülki əhaliyə böyük zərər vermək üçün şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə daim atəşə tuturdu. Bunun nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən qadınlar və uşaqlar həlak oldular. Bu görüntülər var. Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər bölgələrimizi hər gün atəşə tuturdular.Tərtər şəhərinə, – o qədər də böyük şəhər deyil, – 20 minə yaxın raket düşmüşdür”. Ermənistan Ordusu humanitar atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini, mülki vətəndaşları atəşə tutulmaqda davam etməsi onu göstərmiş oldu ki, təzavüzkar siyasətini davam etdirir. Ermənistan Silahlı Qüvvələrinin Bərdə və Tərtər şəhərlərini “Smerç” raketindən atəşə tutması erməni vəhşiliyinin daha bir nümunəsi oldu. Bu bir daha Ermənistan tərəfinin Azərbaycanın hərbi qüvvələrinə zərbə endirməkdə acizliyini təsdiqlədi. Ermənistan silahlı qüvvələri oktyabrın 28-də yenidən Bərdədə dinc sakinləri “Smerç” raketləri ilə atəşə tutaraq, şəhərdə dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirdi. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla, 21 dinc sakin həlak oldu, 70-ə yaxın mülki şəxs yaralandı. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi. Bütün bu və ya digər olaylara baxmayaraq, Azərbaycan qətiyyətli mövqeyini, iradəsini, gücünü nümayiş etdirdi. “Azərbaycan xalqının iradəsini qıra bilmədilər”, – deyən Prezident müsahibəsində müharibə dövründə yaxınlarını, qohum-əqrəbalarını itirmiş insanların fikirlərini də ifadə edib: ancaq irəli getməliyik.

    Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunsa da, ölkəmizin xoşməramlı səylərinə, Ermənistanı diplomatik vasitələrlə işğalçılıq siyasətindən çəkindirməyə yönələn addımlara baxmayaraq, münaqişə hələ də həll olunmamış qalırdı. Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan “Bişkek protokolu” 1994-cü ilin mayında imzalanmışdır. 26 il atəşkəs rejimində Azərbaycan bu münaqişənin sülh yolu ilə həllinə nail ola bilmədi. Bu müddət ərzində, cəbhədə dəfələrlə atəşkəs rejimi pozuldu. İşğalçı Ermənistan beynəlxalq hüququ kobudcasına tapdalayaraq, dünyanın mötəbər beynəlxalq təşkilatlarının qətnamələrinə belə əhəmiyyət verməyib. BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən dörd müvafiq qətnamə qəbul etsə də, beynəlxalq hüququn normalarını kobud şəkildə pozub. Bir çox beynəlxalq təşkilatlar, dünya ölkələri Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsini pisləyiblər və işğalçılıq siyasətindən əl çəkməyə çağırıblar. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın azğınlığına laqeydlik göstərmişdirlər. Azərbaycanın haqlı tələblərinə məhəl qoyulmayıb. Cənab Prezident 30 il ərzində torpaqlarımızın işğal altında olmasının böyük ədalətsizlik olduğunu və beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olduğunu bildirib.

    “Təəssüflər olsun ki, 30 il ərzində Minsk qrupu bu məsələnin çözülməsinə yaxınlaşmadı, fəaliyyəti oldu, amma nəticə etibarilə nəticə olmadı. Nəticə sıfıra bərabər idi və Azərbaycan xalqının ümidləri tam tükənmişdi. Çünki 30 il ərzində aparılan danışıqlar nəticəsiz qalırdısa, deməli, bu məsələnin dondurulması prosesi gedirdi. Təbii ki, biz heç zaman bu vəziyyətlə barışmaq fikrində deyildik. Mən son illər ərzində dəfələrlə demişdim ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu”.

    Cənab Prezident müsahibəsində həm Ermənistana, həm də havadarlarına ciddi mesajlar verərək, düşmənə bir daha xəbərdarlıq etdi ki, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd göstərsə, biz onun başını bir daha əzəcəyik: “Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”. Vətən müharibəsində onlara Azərbaycan yetərincə dərs verdi və 44 gün ərzində işğalçıları öz torpaqlarından qovdu. Tarixi ədalət bərpa olundu. Azərbaycan ermənilərə elə bir dərs verdi ki, bunu tarix boyu unutmayacaqlar. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatla düşmən təslim oldu.

    Artıq işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. İllərdir yurd-yuva həsrəti ilə yaşayan insanlar öz yaşadıqları yurd yerlərinə dönəcəklər. “30 il Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdlarına, öz torpağına qayıtmaq istəyirlər”, – deyən Cənab Prezident diqqətə çatdırıb ki, işğaldan azad olunan yerlərdə bütün evlər, bütün şəhərlər dağıdılıb: “Siz indi bölgələrə gedəcəksiniz, səfər edəcəksiniz, görəcəksiniz ki, Ağdam şəhəri yoxdur. Ağdam şəhərində 30 mindən çox insan yaşayırdı. Şəhərdə bir dənə salamat bina qalmamışdır. Yəni, bütün binaları işğal dövründə erməni vəhşiləri yerlə bir etmişlər”. Dövlət başçısı həmçinin, Füzuli şəhəri, digər şəhərlərin və bütün kəndlərin də ermənilər tərəfindən dağıdıldığını bildirib. Bildiyimiz kimi, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. İlk olaraq Ağdamda, daha sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrinin Ermənistandan alınması on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir. Bu günə qədər yüzdən artıq vətəndaşımız minaya düşərək, xəsarət almış və onlarla insan həyatını itirmişdir. Minaların təmizlənməsi maliyə itkisi ilə yanaşı, vaxt itkisinə də səbəb olur. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib. Onu da xüsusi olaraq qeyd etməliyik ki, bu xəritələrin təhvil verilməsi işğaldan azad edilmiş ərazilərimizdə tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.

    Dövlət başçısı müsahibəsində Ermənistanın bizə minaların xəritələrini vermədiyini və son mərhələdə verilən xəritələrin dəqiqliyinin cəmi yüzdə iyirmi beş faiz olduğunu bildirib: “Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik. Ona görə azad edilmiş torpaqlarda – Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir. Siz oraya gedəndə böyük infrastruktur layihələri – yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları görəcəksiniz. Yəni, bunlar olmadan oraya həyat qayıda bilməz. Eyni zamanda, Ağdam şəhərinin baş planı da mayın 28-də, bizim Müstəqillik Günündə təsdiqləndi və orada artıq işlər başlayır”.

    Bu gün artıq Azərbaycan Ermənistan üzərindəki qələbədən sonra işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işlərinə başlayıb. İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Dini-mədəniyyət abidələrimiz təmir və bərpa olunur, infrastruktur qurulur. “30 il ərzində ermənilər o yerləri dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir”, deyən Prezident bizim burada əsas rəqibimizin zaman olduğunu bildirib: “Çünki Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada da zamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq. Birinci pilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilin sonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaqdır”.

    Türkiyə Azərbaycan qardaşlıq münasibətlərinə də toxunan ölkə rəhbəri bildirib ki, ilk növbədə, İkinci Qarabağ savaşının ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. O demişdir ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verir və verəcəkdir. Bunun çox böyük mənası var idi. Çünki bu, bir çoxlarını məsələyə müdaxilə etməkdən çəkindirdi. Çünki bilmək olmurdu bəzi ölkələr özlərini necə aparacaqlar. Bəzi ölkələrin İkinci Qarabağ savaşı dönəmində sərgilədikləri siyasi mövqe onu göstərir ki, onlar Ermənistan tərəfində idilər. Onlar şər qüvvələrin tərəfində idilər, işğalçının, zalımın, vəhşinin tərəfində idilər. Türkiyədən alınmış müasir silahlar, bayraktarlar daxil olmaqla, bizim işimizi böyük dərəcədə yüngülləşdirdi və insan itkisinin çox olmamasına da səbəb oldu.

    Bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Şuşa Bəyannaməsi qardaşlıq münasibətlərin zirvəsidir.

    Cənab prezident qeyd edib ki, Türkiyədə baş vermiş yanğınların söndürülməsində Azərbaycan yaxından iştirak edib. Yanğınlardan xəbər tutan kimi biz dərhal hərəkətə keçdik, heyətlər göndərdik, maşınlar göndərdik. Türkiyəyə 93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən yola saldıq. Onlara hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar;

    Ölkə rəhbəri xüsusi olaraq vurğulayıb ki Azərbaycan sülh müqaviləsinin imzalanmasını istəyir. Biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Azərbaycanın konkret təklifləri masa üzərindədir. Sülhə nail olmaq üçün ölkəmizin konkret təklifləri masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Bu cür sülh Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq.

     

    Müəllif: Redaktor, 10:29

İsmarıclar bağlıdır.