Bu günlərdə bir işlə əlaqədar 42 saylı yol istismarı idarəsinə getmişdim. Hər şeydən əvvəl burada sağlam və mehriban bir mühitin şahidi oldum. Xatırladım ki, illər öncə də – 30 il bundan əvvəl bu təşkilatın fəaliyyəti ilə bağlı bir məqalə yazmışdım. Hətta orada olarkən bəzi işçilər həmin yazımı xatırladılar. Fikirləşdim ki, bu gün həmin müəssisənin gördüyü ağır zəhmət tələb edən işlərdən yazsam, yerinə düşər. Odur ki, müəssisənin rəhbəri ilə əlaqə saxladım. Öyrəndim ki, müəssisənin rəhbəri uzun müddət yol istismarı sahəsində, həm Tərtər rayonunda, həm də ətraf rayonlarda rəhbər vəzifələrdə çalışan Əliqulu Bayramovun oğlu Ramin Bayramovdur. Hətta burada elə işçilər var ki, Əliqulu müəllimlə xeyli müddət bir yerdə işləyiblər.
Ramin Bayramovdan müəssisənin gördüyü işlər barədə soruşdum. Böyük fəxrlə əvvəl rəhbəri olduğu kollektiv üzvülərindən, sonra isə gördükləri işlərdən söz açdı. Ramin müəllimin söhbətindən məlum oldu ki, o bir rəhbər kimi hər bir işçini öz xasiyyətinə uyğun qəbul etməyi, öz dili ilə dindirməyi bacarır və bundan da məmnunluq duyur. Hətta maraqlı bir məsəl də çəkdi.
Ramin müəllim onu da bildirdi ki, hazırda rəhbərlik etdiyi müəssisə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 42 saylı yol istismarı idarəsidir və o da həmin idarənin direktorudur. 2000-ci ildən burada fəhlə kimi fəaliyyətə başlayıb. 2002-ci ildə iş icrası, 2016-ci ildən isə direktor işləyir. Azərbaycan Texnologiya Universitetinin mühəndis vəidarəetmə fakültəsini müvəffəqiyyətlə bitirdikdən sonra 2002-ci ildən həmin universitetin magistrı olub. Rayonumuzun rəhbər kadrları arasında adı hörmətlə çəkilir. Çalışdığı kollektivdə işgüzar bir mühit yaratmağı bacarıb. Bu mühit işin səmərəliliyini gündən-günə artırır. Direktor 40 ildən çox iş təcrübəsi olan baş mühəndis Telman Hüseynovun, müəssisədə 30 ildən çox fəaliyyət göstərən kadr üzrə mütəxəssis Əsayə Əliyevanın, 10 ildən çox iş təcrübəsi olan baş mühasib Rüstəm Əliyevin, iş icraçısı Əli İmanovun, yol ustaları Elxan Muradovun, Asim Allahverdiyevin adlarını fəxrlə çəkdi. Bildirdi ki, burada onların işgüzarlığı və etibarlılığı sayəsində bir ailəni xatırladan mühit yaranıbdır.
Bu məqamda qızmar günəş altında çalışan fəhlələri– Alışan Səfərovun, Ələsgər Abdullayevin, Əli Şahnəzərovun, Taleh Tağıyevin, sürücülərdən Qara Bayramovun, Nəriman Şirinovun, Aydın Abbasovun, mexanizatorlardan Məhəmməd Qəhrəmanovun, Sadiq Quliyevin, Sahib Məmmədovun adlarını xüsusilə qeyd etdi. Dedi ki, məhz onların gərgin zəhmətləri sayəsində müəssisəmiz Agentlik, rayon icra hakimiyyəti, YAP rayon təşkilatı tərəfindən medallarla, diplom və fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb. Bu müka-fatlar idarəmizdə əziz xatirə kimi qorunub saxlanılır.
Söhbət zamanı öyrənirəm ki, müəssisənin əsas işi magistral yolların çəkilişindən ibarətdir. Lakin ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və rayon rəhbərliyinin yaxından köməkliyi sayəsində şəhər və kəndarası yolların asfaltlanması işləri müvəffəqiyyətlə həyata keçirilir. Şəhər daxilində Heydər Əliyev prospektində, Elman Hüseynov, Mübariz İbrahimov, Bəsti Bağırova, Vəzir Orucov, Sahil və başqa küçələrdə təmir və bərpa işləri başa çatmışdır. “Buruc-Gülabatlı”, “Sarov-Borsunlu”, Hacıqərvənd, “Səhlabad-Əskipara”, “Qarağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Təzəkənd-Hüsənli”, “İsmayılbəyli-Evoğlu” kəndarası yolları asfatlanmışdır. Hazırda Azadqaraqoyunlu-Köçərli kəndlərində asfaltlanma işləri davam edir.
Ümumiyyətlə son illərdə aparılan yenidənqurma işlərində 42 saylı yol istismarı idarəsinin apardığı abadlıq işləri bütün rayon zəhmətkeşlərinin gözləri önündədir. Düz və hamar asfalt yollar məhz bu zəhmət adamlarının gördüyü işlərin nəticəsidir.
Müəssisə kollektivinin zəhmətinin bəhrəsi olaraq “Goranboy-Tərtər”, “Tərtər-Hindarx” respublika əhəmiyyətli yolda tikinti quraşdırma işləri müvəffəqiyyətlə başa çatmışdır. Ramin Bayramov abad yollar salmağı özünün şərəf işi sayır. Bundan sonra düşməndən azad olunmuş ərazilərə yol çəkmək onun üçün fəxredicidir.
42 saylı Yol İstismarı idarəsindən məmnunluqla ayrıldım.
Elfuzə Vəliyeva