Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Avq

    Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi zəfərdən sonra Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi gündəmə gəldi. Hazırda bu istiqamətdə işlər gedir, tezliklə tarixi torpaqlarımız olan Zəngəzurda regionun iqtisadi mənzərəsini dəyişəcək böyük nəqliyyat infrastrukturunun qurulmasının şahidi olacağıq. Amma bu, hələ hamısı deyil…
    Prezident İlham Əliyevin imzaladığı Fərman əsasında Qarabağ iqtisadi zonası ilə yanaşı Şərqi Zəngəzur iqtisadi zonası da yaradıldı. Bəs, ümumiyyətlə “Zəngəzur” deyəndə tarixi-coğrafi baxımdan nə anlaşılır, bu ərazilər hansı torpaqları əhatə edib və necə oldu ki, onun hüdudları dəyişdi? Qərbi və Şərqi Zəngəzur anlayışlarının yaranmasının tarixi nəyə bağlıdır?
    Həmin tarixi Azərbaycan ərazilərində 1867-ci ildə Zəngəzur qəzası yaradılıb. Qəza Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə daxil olub. Zəngəzur qəzasına indiki Qafan, Gorus, Mehri, Sisian, Laçın, Qubadlı və Zəngilan rayonları aid idi, mərkəz də Gorus qəsəbəsi olub.
    Lakin sonradan bir sıra arzuolunmaz siyasi proseslər cərəyan etdi. 1920-ci ilin noyabrın 29-da Ermənistan sovetləşdiriləndən bir gün sonra Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin siyasi və təşkilat bürolarının birgə iclası keçirildi.Həmin iclasda Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi, Qarabağın da dağlıq hissəsinə öz müqəddəratını təyinetmə hüququ vermək barədə qərar qəbul olundu. Bu qərar üzrə 1920-ci ilin dekabrın 1-də “Nərimanov bəyanatı” adıyla tanınan bəyanat verildi. AKP-nin Naxçıvan, Zəngəzur və Qarabağla bağlı verdiyi qərarı ehtiva edən həmin “Nərimanov bəyanatı”nda göstərilirdi ki, Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz tərkib hissəsidir, Dağlıq Qarabağin əməkçi kəndlərinə isə öz müqəddəratını təyin etmə hüququ verilir. Zəngəzur hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılmalı, Sovet Azərbaycanının qoşunları buradan çıxarılmalı idi. Həmin dövrdə Orconikidze Nərimanovun bu bəyanatını bəşəriyyət tarixində nümunəsi olmayan bir tarixi akt kimi qiymətləndirmişdi.
    Stalin isə bəyanata belə şərh vermişdi: “Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü əl çəkir və Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir”. Əslində Stalinin bu şərhində bəyanatın mahiyyəti təhrif edilmişdi. Çünki həmin bəyanata görə Dağlıq Qarabağ Ermənistana verilmirdi. Bu ərazilərin erməni əhalisinə öz müqəddaratını təyin etmə hüququ tanınırdı. Lakin 1921-ci ilin Moskva və bunun davamı kimi, Qars konfranslarında türk diplomatiyasının ortaya prinsipial mövqe qoyaraq, məsələni sona qədər müdafiə etməsinin nəticəsində Naxçıvanın Ermənistana birləşdirilməsinin qarşısı alındı. Amma Zəngəzur iki hissəyə parçalandı. Qafan, Gorus, Mehri və Sisian rayonları Ermənistana verildi, Laçın, Qubadlı və Zəngilan rayonları isə Azərbaycan SSR-nin tərkibində qaldı. Beləliklə də, Şərqi və Qərbi Zəngəzur adları meydana çıxdı. Qərbi Zəngəzur Ermənistana verildi, Şərqi Zəngəzur isə Azərbaycanın tərkibində qaldı. Beləsə, Şərqi və Qərbi Zəngəzurun tarixi 1920-ci ilin sonlarından başlayır.
    Zəngəzur ərazisində yaşayan əhali tarix boyu müsəlman türklərdən ibarət olub. 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay sülh müqaviləsindən sonra İrandan Azərbaycan ərazilərinə 40 mindən çox erməni köçürüldü. Eyni zamanda, 1829-cu ildə Rusiya ilə Osmanlı dövləti arasında imzalanan Ədirnə sülh müqaviləsinə görə, Qafqaza təxminən 90-100 min civarında erməni gətirildi. Köçürülən ermənilərin əksəriyyəti İrəvan quberniyası ilə Qarabağ ərazisində məskunlaşdırıldı. Ona qədər ermənilər bu torpaqlarda yaşayan əhalinin heç 3-5 faizini təşkil etməyiblər. Tarix boyu Zəngəzur ərazisində erməni görünməyib. İrəvan quberniyasının bəzi ərazilərində ermənilər olub. Bu bölgədə sözügedən xalqın süni şəkildə məskunlaşdırılması Türkmənçay, Ədirnə sülh müqavilələrinin nəticəsində ermənilərin köçürülməsindən sonra həyata keçirildi. Sonrakı mərhələlərdə Krım savaşından, 1877-78-ci illərin Rusiya-Osmanlı müharibələrindən, eyni zamanda, 19-cu əsrin sonlarında ermənilərin Osmanlı dövlətində qaldırdıqları qiyamlar uğursuzluqla nəticələndikdən sonra ermənilərin Qafqaza yeni köç dalğaları baş verdi. Azərbaycanın, xüsusən də İrəvan ilə Yelizavetpol quberniyalarının digər əraziləri kimi Zəngəzur torpaqları da bu köç hesabına erməni məskunlaşması ilə üz-üzə qaldı. Köçürülmələr 20-ci əsrin əvvəllərində və Birinci Dünya Müharibəsi illərində də davam etdirildi. Bütün bu köçlərə baxmayaraq, Zəngəzurun Qərb hissəsinin Ermənistana verilməsinə qədər bu ərazilərdə ermənilər yenə də azlıq təşkil edirdilər. Üstünlüyə isə hər zaman türk-müsəlmanlar malik olublar.
    Yelizavetpol quberniyası bir neçə qəzadan ibarət olub: Yelizavetpol, Qazax, Nuxa, Ərəş, Cavanşir, Şuşa, Zəngəzur və Cəbrayıl qəzaları. İndiki Şərqi Zəngəzur isə 1920-ci ildən sonra Zəngəzurun Azərbaycan SSR-nin tərkibində qalan ərazilərini əhatə edir. Laçın, Qubadlı, Zəngilan və əlavə olaraq, Cəbrayıl rayonu bura daxil olub. Zəngəzurun Şərqi ilə Qərbi nəinki tarixi, elə iqtisadi baxımdan da bir-birinə sıx tellərlə bağlı olub. Amma Şərqi Zəngəzurun tərkibinə daxil olan bu rayonların iqtisadi birliyi var idi. Eyni iqtisadi sistem qurmuşdular. Bölgələrin gələcəkdə də vahid iqtisadiyyatı olacaq.

     

    Müəllif: Redaktor, 11:11

İsmarıclar bağlıdır.