(Mini hekayə)
Baharla Əliş bir ay deyildi ki, nişanlanmışdılar. Hər iki ailədə payız toyuna ciddi hazırlıq gedirdi.
Aprel döyüşləri başlamağa iki gün qalmış əsgərlikdə topçu olduğundan Əlişi yenidən orduya çağırdılar. Bahar tutulsa da, Əlişin sevinci yerə-göyə sığmırdı. Ermənilərin vəhşiliyi uşaqlıqdan onun içində bir qisas ocağı yandırmışdı.
Döyüşün dördüncü günü Əlişdən qara xəbər gəldi. Hərbiçilər əsgər yoldaşlarını kəndə gətirib, çiyinlərində son mənzilə apardılar. O gündən Əlişgilin darvazasından bir qırmızı, bir qara lent asılı qaldı. Neçə müddət keçsə də, bu lentləri darvazadan götürməyə kiminsə əli gəlmədi. Lentlər darvazadan asılı qaldıqca, Baharın da qara paltarı dəyişmədi.
Aradan iki il keçməsinə baxmayaraq Bahar hələ də Əlişin yolunu gözləyirdi. Nə qədər elçi gəlirdisə, daş atıb başını tuturdu. Eləcə deyirdi, mən Əlişə xəyanət edə bilmərəm. Onun xiffətindən anası saç ağartmışdır. Atasının beli də elə bil bükülürdü. Əlişin anası da Bahara minnətçi düşmüşdür.
– Ay qızım,- deyirdi, oğul mənimdir, onun yarası da mənimlə gedəcək. Gəl ata-anana zülm etmə, ölənlə ölmək olmaz. Sən Əlişin ruhuna hörmət elə. Ona rahatlıq ver.
Bahar isə “ana” dediyi bu qadının sözlərini dinləsə də, ancaq cavab verməzdi. Eləcə yanaqlarından göz yaşları süzülərdi.
Bahara elçi gələn çox idi. Ətraf kəndlərdən də onu istəyənlərin sayı artmışdır. Bir gün də qonşu kənddən Mustafa kişi Əlişin atasını da yanına alıb Bahara elçi gəldi. Əlişin atası Baharı yanına çağırtdırıb alnından öpdü. Kövrələ-kövrələ dedi:
– Get qızım, mən xeyir – duamı verdim.
Sabahısı Bahar Əlişgilə gəldi. “Ana” dediyi qadınla qucaqlaşıb öpüşdülər. Nə qədər təklif etdilərsə, içəri keçib çay da içmədi. Eləcə Əlişin anasının əlini əlinə aldı, nişan üzüyünü onun ovcuna qoyub barmaqlarını qatladı.
– Mən bunu qaytarmaq üçün verməmişdim, qızım. Halalın olsun!
Bahar dedi:
-Yox, ay ana, qaytarmalıyam, Əlişin üzüyünə yad əl toxuna bilməz!
Bir həftədən sonra xəbər yayıldı ki, Bahara nişan gətirəcəklər. Bahar isə nişandan qabaq oğlanı görmək istədi.
Elə də etdilər. Oğlan gəldi. Bahar bir xeyli onu süzdü. Oğlan pis oğlan deyildi. Danışığı, özünü aparması xoşagələn idi.
Bahar dedi:
– Səndən bir xahiş edə bilərəmmi?
– Buyur, Bahar, nə desən mən razıyam.
– Sabah dördüncü gündür. İstəyirəm məni qəbiristanlığa aparasan.
Oğlan bir az duruxdu. Sonra: “baş üstə”! – dedi.
Sabah Murad öz maşını ilə deyilən vaxtda Bahargilin qapısında hazır oldu. Bahar bir dəstə qızılgüllə evdən çıxıb maşına əyləşdi. Gəlib Baharın göstərdiyi qəbrin yanında dayandılar. Əsgər məzarı idi. Bahar maşından düşüb gülləri səliqə ilə məzarın üstünə düzdü.
– Əlişin qəbridir?
Bahar başı ilə təsdiq etdi.
– Bu istəyin bizə mane olmaz ki?
– Mən Əlişi sevmişəm, Murad. Onu yad etməliyəm. O tək qala bilməz.
Murad daha dillənmədi. Evə döndülər.
O biri dördüncü gün Murad heç kimə xəbər vermədən Bahargilə gəlmişdi. Bir dəstə qızılgül gətirmişdi ki, Əlişi yad etsinlər.
Maqbet Əhmədov