MEDİA NÜMAYƏNDƏLƏRİ MÜKAFATLANDIRILIB
Azərbaycan Mətbuat Şurası 22 iyul – Milli Mətbuat Gününü kütləvi informasiya vasitələrinin Qarabağ bölgəsi üzrə müxbirləri ilə birgə qeyd edib. Bu münasibətlə Tərtərdə Mətbuat Şurası və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə toplantı keçirilib.Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək, media nümayəndələrinə Milli Mətbuat Günü ilə bağlı təbriklərini çatdırıb, 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsindən, 30 ilə yaxın işğaldan qalan torpaqlarımızın 44 gün ərzində azad edilməsindən danışıb. Müharibə zamanı jurnalistlər – kütləvi informasiya vasitələrinin bölgə müxbirləri, eləcə də operatorlar xüsusi fəallıqları ilə seçilirdilər. Onlar Azərbaycan ictimaiyyətinin dəqiq və qərəzsiz informasiyalarla təminatında müstəsna missiya yerinə yetiriblər.Bu missiya eyni zamanda vahid hədəf uğrunda dövlət və media əməkdaşlığı baxımından nümunə idi.Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da bölgələrdəki KİV əməkdaşlarını 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib, əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın Azərbaycan xalqının formalaşmasında, ictimai fikir tariximizdə oynadığı misilsiz roldan söz açıb. O qeyd edib ki, Tərtər müharibə zamanı düşmənə ləyaqətlə sinə gərən rayonlarımızdandır. Bura arxa cəbhənin bir növ mərkəzi sayılırdı. Həm də ön cəbhəyə yaxınlıq baxımından. Mən özüm iki dəfə burada oldum. Nə qədər ağır və gərgin şəraitin hökm sürdüyünü gördüm. Eyni zamanda insanlardakı ruh yüksəkliyini də hiss etdim, duydum. Hər kəs, hər bir tərtərli Prezident, Ali Baş Komandan İlham Əliyevin müsəlləh əsgəriydi. Sizlər də bu şəraitdə işləmisiniz, zəhmətə, əziyyətə və məhrumiyyətə qatlaşmısınız, öz peşə borcunuzu ləyaqətlə yerinə yetirmisiniz.Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli çıxışında bildirib ki, indiyədək Qarabağ müharibəsində 20-dək jurnalist şəhid olub. Bilavasitə İkinci Qarabağ Müharibəsi zamanı isə 34 jurnalist cəbhədə döyüşçü kimi iştirak edib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də Vətən Müharibəsində medianın daşıdığı missiyaya toxunub. O bildirib ki, zamanla bu missiyaya daha dolğun tarixi qiymət veriləcəkdir.
“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə çıxışında toplantı iş-tirakçıları olan həmkarlarına milli mətbuatımızın yaranmasının 146-cı ildönümü münasibətilə təbriklərini çatdırıb, tədbir iştirakçıları olan bölgə müxbirlərinin əlamətdar günün sevincini yaşamağa daha çox haqlarının çatdığını bildirib.
Toplantıda 44 günlük Vətən Müharibəsi zamanı KİV-lərin Qarabağ bölgəsi üzrə müxbirlərinin adından çıxış edən İTV-nin bölgə müxbiri Şöhrət Eyvazov, “Respublika” qəzetinin bölgə müxbiri Salman Babayev və başqaları həmkarlarının əməyinə verilən qiymətə görə təşəkkürlərini çatdırıblar.
Toplantının sonunda KİV-lərin Qarabağ bölgəsi üzrə 30-dan çox əməkdaşı Vətən müharibəsi zamanı peşə fəaliyyətinə həssas yanaşdığına və Azərbaycan ictimaiyyətinin operativ və dəqiq informasiyalarla təmin edilməsində aktiv iştirakına görə Mətbuat Şurasının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə diplomu ilə təltif ediliblər.
Toplantıda həmçinin Vətən müharibəsi dönəmində qardaş Türkiyənin Azərbaycanda fəaliyyət göstərmiş kütləvi informasiya vasitələrinin – TRT, ATV, CNN türk, A-Haber, Haber Qlobal telekanallarının, “Hürriyyət”, “Sabah” qəzetlərinin əməkdaşlarının da böyük əmək sərf etdikləri, bu media orqanlarına da diplomların təqdim ediləcəyi diqqətə çatdırılıb. Bundan başqa tanınmış fotojurnalist Rza Deqqati və CNN türk telekanalının əməkdaşı Fulya Öztürk müharibə həqiqətlərini peşəkarcasına işıqlandırılmasındakı xidmətlərinə görə təltif ediliblər. Bu şəxslərə də mükafatlarının çatdırılacağı qeyd olunub.