Prezident İlham Əliyevin 22 iyul 2021-ci il tarixində Daşkəsən rayonunda Azərbaycan Televiziyasına verdiyi müsahibədə regionların sosial-iqtisadi inkişafı naminə dövlət proqramlarının icrası ilə bağlı, eləcə də digər tarixi əhəmiyyətli məsələlərdən də bəhs olunmuşdur. İstifadəyə verilən obyektlərin regionların hərtərəfli inkişafına xidmət etməsini vurğulayarkən dövlət başçısı bildirib ki, əksəriyyətində ən müasir idman qurğuları olmaqla Azərbaycanda fəaliyyət göstərən 48 idman kompleksindən biri Goranboy rayonunda istifadəyə verilib.
Naftalanda açılan yeni sanatoriya isə şəhərin turizm potensialını artırır. Kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən Şəmkir su kanalının çəkilməsi böyük əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, Naftalan şəhərində, Goranboy, Daşkəsən rayonlarında icra edilən layihələr sırasında eyni zamanda yolların, içməli su xətlərinin çəkilməsi, xəstəxanaların, sosial obyektlərin tikilməsi, iş yerlərinin yaradılması da durur.
Prezident onu da bildirib ki, İkinci Qarabağ Müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır.
Dövlət başçmız altı ayın yekunları ilə bağlı onu qeyd edib ki, iqtisadi göstəricilər Azərbaycan iqtisadiyyatının tənəzzüldən çıxmasından xəbər verir. Belə ki, dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ də iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq.
Qeyri-neft sektorunda gedən davamlı inkişafdan bəhs edərkən Prezident İlham Əliyev bu sahəyə daim dövlət dəstəyi olacağını vurğulayıb. Çünki dövlət dəstəyi olmadan kənd təsərrüfatı istənilən qədər inkişaf edə bilməz.
Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi kimi önəmli hadisədən, oradakı ənənəvi sahə olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlardan söz açan Prezident Azərbaycanın mədənlərinin qanunsuz istismar edilməsi məsələlərinə də mövqeyini bildirib.
Müsahibə zamanı valyuta ehtiyatlarının artımı haqqında məlumatlardan söz açan dövlət başçısı lazım olmayan layihələrə investisiya edilməyəcəyindən də bəhs edib. İxracın artması ilə yanaşı xarici ticarətdə nailiyyətlərimizin olmasından da, gömrük orqanlarının uğurlu işlərindən də danışıb.
Möhtərəm Prezident işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi barəsində söhbət edərkən bildirib ki,azad edilmiş ərazilərdə ilin sonunadək bütün elektrik təsərrüfatı qurulacaq.Enerji sahəsindən sonra isə ikinci vacib sahənin yol infrastrukturu olmasını söyləyib.
O, Avropa İttifaqı ilə əməkdaşlıqdan da bəhs edib və bildirib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri siyasi əlaqələrin inkişafına xidmət göstərən bir səfərdir. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib və imzalanıb. Son vaxtlar nəqliyyat sektoruna çox böyük diqqət göstərən Avropa İttifaqı Azərbaycanı artıq nəinki önəmli nəqliyyat, logistika mərkəzi kimi tanıyır, hətta bizim potensialımıza da arxalana bilir.
Ancaq Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu çəkilişinin təşəbbüsünü irəli sürəndə Avropa bizi dəstəkləmədi. Amerika nəinki dəstəkləmədi, bunun əleyhinə çıxdı. Lakin bu gün nəqliyyat sahəsində Avropa İttifaqı-Azərbaycan əlaqələrinin xüsusi gündəliyi vardır.
Prezident İlham Əliyev müsahibəsində bir daha təsdiqləyib ki, Azərbaycanın Zəfəri Ermənistanın ideoloji süqutu deməkdir və Ermənistanın məyusluğu davam edəcək. Azərbaycanın Zəfəri onların bütünideoloji sütunlarını darmadağın edib.
Mina xəritələrinin Azərbaycana verilməməsini mənəviyyatsızlıq, vicdansızlıq adlandıran Prezident bildirib ki, bu, normal insani davranışa zidd olan yanaşmadır. Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyinin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur.
Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayrıldığı halda, Azərbaycana heç bir vəsait ayrılmamasının növbəti beynəlxalq ədalətsizliyin təzahürü olmasını vurğulayaraq dövlət başçısı söyləyib ki, müharibədən ən çox əziyyət çəkən ölkə Azərbaycandır və Azərbaycana bu vəsait verilməlidir.
Azərbaycanın bütün məsələlərdə konseptual və ədalətli yanaşma sərgilədiyini söyləyən Prezident bildirib ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə rəsmən Azərbaycan sədrliyi öz üzərinə götürmüşdü. Biz üzv ölkələrin maraqlarını, beynəlxalq hüququ və ədaləti müdafiə edəcəyik və bunu edirik. Bunun ən gözəl nümunəsi İkinci Qarabağ Müharibəsidir.
Biz təkbaşına, bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, beynəlxalq hüququ və ədaləti bərpa etdik. Qoşulmama Hərəkatının 60 illik tarixi var və bu müddət ərzində müxtəlif sədrlər olub. Bəziləri buna laqeyd, necə deyərlər, bir status kimi formal yanaşıbılar. Bizim yanaşmamız isə çox dəqiqdir, məsuliyyətlidir və məqsədə hesablanmışdır. Biz üzv ölkələrin maraqlarını beynəlxalq tribunalarda müdafiə edirik, onlar da bizi müdafiə edirlər.
Müsahibə zamanı pandemiya ilə mübarizədə Azərbaycanın beynəlxalq təşəbbüsləri mövzusuna da toxunulub. Azərbaycanın təşəbbüsü ilə COVID-lə bağlı Zirvə görüşü keçirilməsi, 30-dan çox ölkəyə humanitar və maddi yardım göstərilməsi, bizim təşəbbüsümüzlə COVID-lə bağlı BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi, eləcə də BMT çərçivəsində digər addımların atılması vurğulanıb. Bildirilib ki, biz vaksin millətçiliyinə qarşı öz səsimizi ucaltmışıq.
Prezident İlham Əliyev müsahibəsində deyib ki, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır və bu, sadəcə olaraq, söz deyil. Real həyatda da biz strateji tərəfdaşıq, çünki uzunmüddətli strateji əməkdaşlıq perspektivləri ilə bağlı fikir ayrılığı yoxdur. Bizim aramızda çox möhkəm dostluq əlaqələri var və bu, çox önəmlidir. Bütün tərəfmüqabillərimiz çox yaxşı bilirlər ki, Azərbaycanın güclü daxili potensialı var.Azərbaycandüzgün siyasət aparır.
Azərbaycanda milli həmrəylik var, xalq-iqtidar birliyi var və biz ləyaqətli ölkə kimi bütün tərəfdaşlarla bərabərhüquqlu, dostluq və əməkdaşlıq əsasında münasibətlər qura bilmişik. Bütün sahələrdə olduğu kimi postmüharibə dövrü ilə bağlı da konseptual yanaşmamız var. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub. Postmüharibə dövrü müharibə dövrü qədər çətin olmasa da, çox qeyri-müəyyən bir dövr idi, çünki kim bilə bilərdi ki, proseslər necə inkişaf edəcək.
Çünki müharibə dövründə bəzi ölkələr bizə qarşı açıq-aydın hərəkətə keçmişdilər, bizi əsassız ittiham edirdilər, bizi hədələyirdilər, sanksiyalarla hədələyirdilər, bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışırdılar. Bütün bunlar anti-Azərbaycan ssenarisinin tərkib hissəsidir və biz bunu da unutmamışıq.