Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini qəbul edib. Qəbula vətəndaşların şikayətləri ilə bağlı əlaqədar idarə, müəssisə rəhbərləri də dəvət olunublar.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, müraciətləri yerində həll olunub.
Mamırlı, Köçərli kənd sakinləri suvarmada rastlaşdıqları çətinliklərlə, bəzi vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi ilə bağlı icra başçısına müraciət ediblər. Onların hər birinin probleminin həllinə həssaslıqla yanaşılıb və köməklik göstərilib, həlli vaxt tələb edən məsələlər barədə izahatlar verilib.
İcra başçısı qəbula gələn vətəndaşlara 2020-ci il sentyabr ayının 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına, mülki əhalinin əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında Respublika PrezidentininSərəncamlarına əsasən məlumat verib,vətəndaşlara tezliklə onların şəxsi əmlaklarına dəymiş ziyanla əlaqədar kompensasiyaların ödəniləcəyini bildirib.
Rayon sakinləri görülən işlərə görə ölkə rəhbərinə və Birinci vitse-prezidentə minnətdarlıqlarını bildiriblər.