Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri becərmə işlərini uğurla davam etdirirlər. Tərtər pambıqçıları əvvəlki illərdə olduğu kimi, bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar.
Bu il rayon ərazisində 3440 hektarda çiyid səpini həyata keçirilib. “MKT İstehsalat Kommersiya” MMC və “Azərpambıq” MMC ilə müqavilə bağlayan fermerlər becərmə işlərini davam etdirirlər. Sahələrə göstərilən düzgün aqrotexniki tədbirlərin nəticəsində yaxşı bitiş alınıb. Bu isə 2021-ci təsərrüfat ilində də məhsuldarlığın yüksək olacağından xəbər verir.
Ötən il pambıq yığımı dövründə rayon ərazisi artilleriya atəşinə məruz qalsa da, yüksək məhsuldarlığa nail olunub. Bu il məhsuldarlığın daha da yüksək olacağı gözlənilir: Ötən il tarlalardan 7173,72 ton məhsul tədarük olunub. Bu isə bir hektar üçün orta hesabla 41,44 sentner məhsuldarlıq deməkdir. Hazırda düşmənin atəşi nəticəsində filiala dəyən ziyan aradan qaldırılır.
Bu il 682 nəfər fermerlə 1810 hektar sahədə pambıq becərilməsi üçün müqavilə bağlanılıb. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparılır. Sahələrdə birinci suvarma yekunlaşıb. Bu ayın birinci ongünlüyünün sonuna qədər 946,60 hektarda kalışa, 2860,24 hektarda mənənəyə, 2037,50 hektarda çora, 1250,94 hektarda sovkaya qarşı dərmanlama tədbirləri həyata keçirilib. Sahələrdə dörd dəfə kultivasiya işi aparılıb. Hazırda beşinci kultivasiyaya başlanılıb, bitkilərə kökdənkənar yemləmə gübrələri verilir. Tarlaların vəziyyəti qənaətbəxşdir.
Bu il “Azərpambıq” MMC-nin pambıq tarlalarında da bol məhsul olacağı gözlənilir. Rayon ərazisində 1630 hektar sahədə pambıq becərilir. Ötən təsərrüfat ilində pambıq yığımı mövsümü zamanı düşmənin artilleriya atəşi nəticəsində 1 kombayna, 4 traktora, filialın laboratoriyasına, ofis və digər otaqlara ziyan dəydi. Lakin çətinliklə olsa da, məhsul tarlalardan toplandı. Hər hektardan orta hesabla 35,73 sentner olmaqla, 4287 ton məhsul tədarük edildi. “Azərpambıq” MMC-nin tarlalarında indiyədək 1100 hektarda mənənəyə, 1500 hektarda sovkaya, 900 hektarda tor gənəciyinə, 700 hektarda alaq otlarına qarşı dərmanlama aparılıb. Sahələr dörd dəfə kultivasiya olunub, birinci suvarma başa çatıb. Hazırda kultivasiya və zərərvericilərə qarşı mübarizə işləri davam etdirilir.
Qeyd edək ki, 2020-ci ildə Tərtər rayonunda 2981 hektar sahədə pambıq becərilib, 11 min 580 ton məhsul istehsal edilib. Hər hektardan məhsuldarlıq 38,84 sentner təşkil edib.