Kəngərli kəndindəki şəhid ailələrini ziyarət zamanı İntiqam Mənsimlinin yaşadığı evin də qonağı oldum. Burada hər şey tamam fərqli idi. Sanki şəhid bir oğulun özü yaşayırdı onun üçün ayrılmış otaqda. Qapıdan içəri girərkən elə bil hər kəsə əl uzadıb xoş gəldin deyəcək. Bu otaqda nə varsa İntiqam nəfəslidir. Burada heyrətlənməmək olmur. Otaq İntiqam həsrətli, arzuları ürəyində donub qalmış, günlərini onun xəyalları ilə həmdərd olan ananın istəyilə bu cür yaradılıb. Burada hansı tərəfə üz çevirsən şəhid olmuş deyil, elə bil həyatda yaşayan İntiqamla üz-üzə gəlirsən. Bu otaqda şəhid İntiqam haqqında danışmasını atası Rövşəndən xahiş etdim. Doluxsunmuş ata özünü toplayaraq danışdı:
– İntiqam 1998-ci ilin 5 iyununda yaşadığımız bu Kəngərli kəndində doğulub. O 3 qardaşın böyüyü olub. Orta məktəb təhsilini Kəngərli kənd tam orta məktəbində alıb. 8-ci sinfi bitirdikdən sonra, 2012-ci ildə Naxçıvanski adına hərbi liseyə daxil olub. 2015-ci ildə liseyi müvəffəqiyyətlə bitirdikdən sonra – Heydər Əliyev adına Komandirlər məktəbinə daxil olub. Orada 2 il təhsil aldıqdan sonra öz ərizəsi ilə məktəbdən çıxıb, hərbi xidmətə yollanıb. Əsgəri xidmətini Beyləqan rayonunda çəkib. Xidmət müddətində komandirlik tərəfindən təşəkkür və fəxri fərman alıb.
Atanı qəhər boğur:
–Çox ağıllı oğlanıydı – deyir.
Yadıma digər tanıdığım şəhidlərimiz düşür. Hamısı ailədə, tay-tuş arasında, qonum-qonşuda fərqlənənlərdir. Sanki, seçilmişlərdi. Qeyrətli, vətənpərvər, təəssübkeş, ən əsası da hamı tərəfindən hörmətlə qəbul olunmuşlardır.
İntiqam Mənsimli 21 sentyabrda qismən səfərbərlik zamanı Ordumuzun tərkibinə qatılıb. 27 sentyabrda mənfur ermənilərə qarşı mübarizəyə o da qoşulub. Talış, Suqovuşan istiqamətində döyüşüb. Şiddətli döyüşlərin davam etdiyi gündə –oktyabrın 16-da yaralı döyüş yoldaşlarını neytral ərazidən çıxararkən ermənilər tərəfindən atılmış mina qəlpəsindən başından aldığı yaradan şəhid olub. Bir gün – sonra oktyabrın 17-də yaşadığı kəndin qəbristanlığında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”medalı ilə təltif olunub.
Bu gün bir şəhidimiz də onu tanıyanlar arasında anılıb, yad edilir. Hər kəs onun haqqında xoş sözlər deyir. Təkcə ana oğul barəsində keçmiş zamanla danışa bilmir. Şəhid anasını dindirəndə gözlərində şimşək çaxır, ürəyindəki oğul həsrəti yağış olub selə – suya dönür. Bir kəlməyə bənd imiş kimi danışmaq, ürəyindəki oğul dərdini kiməsə boşaltmaq istəyir. Amma bunların heç biri ananın yaralı ürəyini ovundura bilmir.
Oğul barəsindəki arzularını bu otaqda elə hey öz-özünə pıçıldayır ana.
Kaşki!…
-
16İyl
Müəllif: Redaktor, 09:19