HAQQI VERMƏMƏK
Cəmiyyət halında yaşamaq qarşılıqlı haqq və məsuliyyəti də özü ilə gətirir.
İnsanlar arasında ata-ana və övlad, ər-arvad, qonşu, qohum, dost, işçi-işverən kimi qarşılıqlı əlaqələri təşkil edən fərdi münasibətlər tərəflər üzərinə müxtəlif haqlar qoyur.
Hörmətli möminlər!
İslam dini haqqlının haqqını verməyə çox böyük önəm verir. Bildiyimiz kimi, bir gün bu fani dünya həyatı sona çatacaq, həqiqi həyat adlandırdığımız axirət həyatı başlayacaq və hər kəs dünyadakı həyatına görə hesaba çəkiləcək. Ağıllı və bəsirətli insan o insandır ki, Allaha və Onun qullarına qarşı öz vəzifələrini yerinə yetirir, haqq və hüquqlara hörmət göstərir, hesab gününə borcsuz və günahsız getməyə çalışır.
Bir həqiqət heç bir zaman unudulmamalıdır: Yaxşılıq və pislik olaraq etdiyimiz hər bir şeyin qarşılığını mütləq görəcəyik. Allah-Təala Qurani-Kərimdə belə buyurur: «Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir» (Zilzal, 7-8).
Həzrəti Peyğəmbər (s.a.-a.s.) bu barədə belə buyurmuşdur: «Bir kəsin digərinin heysiyyətinə, yaxud malına təcavüzdən ötrü üzərində bir haqq olarsa qızıl və gümüşün keçməyəcəyi hesab günü gəlməmiş onunla hesablaşsın. Əks təqdirdə, etdiyi haqsızlıq miqdarında yaxşı əməllərindən alınıb haqq sahibinə veriləcək. Yaxşılığı yoxdursa, haqq sahibinin günahından alınıb haqsızılıq edən kimsəyə yüklənəcək» (Təcrid, c.7 s.375).
Əziz möminlər!
Belə olan halda həm bir müsəlman haqlının haqqına son dərəcə həssas yanaşmalıdır. Bilərəkdən və ya bilməyərəkdən başqalarının haqqını alan kimsə o haqqı ödəmək və halallaşmaq yolu ilə özünü qurtarmağa çalışmalıdır. Haqsızlıq edib haqq sahibinə haqqını verməyənlər axirətdə peşmanlıq yaşayacaq və ağır bir əzaba düçar olacaqlar.
Təsadüfi deyil ki, dünyadakı bir çox pislik, dava-dalaş və cinayətlərin, insanlar arasındakı problemlərin çoxu haqqlının haqqını verməməkdən irəli gəlir.
Elə isə gəlin hər kəsin haqq və hüququna hörmət edək. Haqqlının haqqını əlindən alaraq Allahın hüzuruna çıxmaqdan çəkinək. Unutmayaq ki, haqq sahibi bağışlamayana qədər Allah bağışlamayacaq..!