Qurban bayramı bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzidir. Bu bayramın dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir. Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır.
Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur. Azərbaycan dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanınır.
Ümummilli Lider Heydər Əliyevin hər il xalqı Qurban bayramı münasibəti ilə təbrik etməsi, bayramı məcburi köçkün soydaşlarımızla birgə keçirməsi, dövlətin bu bayrama olan münasibətini əks etdirirdi. Ulu Öndərin xalqa müraciətində qeyd etdiyi kimi: “İnanıram ki, bu müqəddəs bayram günlərində böyük xalqın bəxş etdiyi nemətlərə görə minnətdarlığınızı bildirməklə yanaşı, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi, xalqımızın xoşbəxt həyata qovuşmasını diləyirsiniz. Əminəm ki, arzu və diləkləriniz Allahın köməyi və xalqımızın qeyrəti ilə həyata keçəcəkdir. Xalqımızın haqq işi qalib gələcəkdir.”
Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etmişdir.
Azərbaycan İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına misilsiz töhfələr bəxş etmişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratmışdır.
Cənab Prezident İlham Əliyevin xalqa müraciətində demişdir:“Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Ümidvaram, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.
Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.
Biz builki Qurban bayramı xüsusi bir tarixi şəraitdə qarşılayacağıq. Xalqımızın duaları çin oldu. İndi biz suvirenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş güclü Azərbaycan Dövlətinin vətəndaşlarıyıq.