Tərtər Rayon İcra Hakimiyyətinin və AFFA-nın birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir Tərtər rayonunda keçirilib.
Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və millət vəkili Sahib Alıyev Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Səhləbad və Əskipara kəndlərində keçirilən tədbirdə öncə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov layihənin əhəmiyyətindən, ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb. O qeyd edib ki, indi toplaşdığımız Səhlabad və Əskipara kəndləri düşmənin ən çox artilleriya atəşinə və dağıntıya məruz qalan yaşayış məntəqələrimizdən biridir.
AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək layihə haqqında məlumat verib. Bildirib ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.
Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək göstərib ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Qeyd edək ki layihə çərçivəsində keçirilən tədbirdə rayonun Səhlabad və Əskipara kəndlərindən 50 məktəbli uşaq iştirak edib. Onlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilib. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər.