HƏKİM–DÖYÜŞÇÜ
Müharibəni qansız, qadasız təsəvvür etmək mümkün deyil. Əlinə silah alan, hərbi texnikaların sükanı arxasında əyləşib düşmən üzərinə irəliləyən hər kəs bilir ki, burada qan axıtmaq da var, ölmək də. Lakin bu itkilərin qarşısında qələbə və zəfər olanda qürurlanmağa dəyər. 44 günlük Vətən müharibəsində yurdumuzun igid oğulları silahlanaraq düşmən qarşısına çıxanda bütün bunları gözə almışdılar. Ölümün gözünə dik baxanlar qazi oldular, şəhid oldular, lakin Vətən tarixinə “Zəfər səhifəsi” yazdılar.
Belə oğullarımızdan biri də əynindəki ağ xalatı hərbi paltarla əvəz etmiş həkim Azər Şəmilov idi. Onu yaxından tanımaq, haqqında daha mükəmməl öyrənmək üçün ata ocağına –Tərtər rayonunun Alışarlı kəndinə yollandıq. Kənd inzibati ərazi dairəsinin nümayəndəsi bizi həyətə dəvət etdi: “Burada şəhidin ata-anası yaşayır”– dedi.
Evə daxil olduq. Qarşılaşdığımız mənzərə məni kövrəltdi. Gözləri öz nurunu itirmiş, güclə yeriyən ata və yataq xəstəsi, ayağa qalxa bilməyən, çarpayıda əyləşmiş ana, dərdli kiçik bacı, bir də onları yoxlamağa gəlmiş yaxın qohumlar. Düşündüm ki, bu ailənin də qədəri beləymiş. Bəzən xoşbəxtliklər içərisində elə bədbəxtliklər baş verir ki, təəccüb etməmək mümkün olmur.
Azər Şəmilov haqqında ic-ra nümayəndəsi danışmağa başladı: “Elyas həkim kəndin tanınmış feldşer-həkimidir. Azər də onun oğlu idi”.
Azərin Atası söhbətə qoşulur. Öyrənirəm ki, elə bu kənddə doğulub, boya-başa çatıb Azər. Söylən kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra təhsilini Bakı şəhərində–Kimya-Biologiya təmayüllü məktəbdə davam etdirib. Oranı əla qiymətlərlə bitirdikdən sonra hərbi xidmətə yollanıb. Əsgərliyi Qazaxıstanda keçib. Xidmət müddətini müvəffəqiyyətlə başa vurub doğma ailəsinə qayıdıb. Həmin illər Ermənistan-Azərbaycan-Dağlıq-Qarabağ münaqişəsinə təsadüf edirdi. Odur ki, könüllü olaraq savaş meydanına atıldı. Döyüşlərdə iştirak etdi. Lakin təhsilini davam etdirməyi yaddan çıxarmadı. İmtahan verib Azərbaycan Tibb Universitetinə qəbul oldu. Oranı müvəffəqiyyətlə başa vuraraq həkim ixtisası aldı. Elə həmin il–1998-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin ehtiyat zabit hazırlığı kursunu bitirdi. Oktyabr ayında Azərbaycan Respublikası-nın Müdafiə nazirinin əmri ilə ona “Tibb xidməti leytenantı” hərbi rütbəsi verildi.
30 avqust 1999-cu ildən 23 oktyabr 2001-ci ilədək tibb bölüyünün baş ordinatoru vəzifəsində müddətli həqiqi hərbi xidmət keçdi.
Azər ailənin də, böyüdüyü doğma kəndin də fəxri olub. O, həkim ixtisası ilə Naxçıvanda hərbi həkim işlədi. Burada da peşəkarlığı və qayğıkeşıiyi ilə fərqələndi. Qulluq müddəti başa çatandan sonra doğma kəndinə baş Leytenat rütbəsi ilə qa-yıtdı, atasının çalışdığı Söylən tibb məntəqəsində baş həkim vəzifəsi ilə fəaliyyətə başladı. Bir həkim kimi burada da özünü doğrultdu. Təkcə doğma kəndindən deyil ətraf kəndlərdən də yanına xəstələr gəlirdi. 2004-cü ildə Azəri qeyri hökümət təşkilatı–ANAMA-da baş həkim vəzifəsinə təyin edirlər və 16 il burada baş həkim vəzifəsində çalışır. Savadı və təcrübəsi ilə burada da özünə böyük hörmət qazanır.
Azər həkim ailəli idi. O, həm ata ocağına, həm də ailəsinə bağlı bir insan idi. Həyat yoldaşı Səidənin işi ilə əlaqədar 2006-cı ildən Bərdə rayonunun Kələntərli kəndində yaşamalı olur. Lakin ata ocağını bir an unutmur. Azər atasıgılın maddi-mənəvi dayağına çevrilir.
Həyat yoldaşı ilə birgə oğlu Fədayəti və qızı Aynurəni sonsuz arzularla böyüdürdülər. Lakin Vətən müharibəsinin başlaması hər şeyi yarımçıq qoydu.
Sentyabrın 27-i 2020-ci il-də hərbi təlimə çağrıldı. Vətən müharibəsinin döyüşçülərindən birinə çevrildi. Əlinə avtomat alıb həm döyüşdü, həm də yaralılarımızın həyata qaytarılmasına kömək oldu. Onun döyüş yolu Talış-Sərsəng Goranboy və Tapqaraqoyunlu istiqamətində davam etdi.
Oktyabrın 14-də onun xidmət etdiyi təcili yardım maşını ermənilər tərəfindən atəşə tutulur və Azər orada düşmən gülləsindən şəhid olur.
Bu gün Azər həkim təkcə ailəsində deyil bütün xalqımızın Vətən uğrunda şəhid olan oğlanlarından biri olaraq xatırlanıb, yad edilir. Bu igid, qəhrəman eloğlumuz ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad edilməsinə görə” və “Hərbi xidmətə görə” medalları ilə təltif olunub.
Şəhidlər bizim qürur yerimizdir. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayır və yaşayacaqdır. Şəhid övladları atalarının davamçılarıdır. Azər həkimin bu il onbirinci sinifdə oxuyan oğlu Fədayət kimi.