Şəhdilər bizim qürur yerimizdir. Çünki bu igidlərin sayəsində alnımızın qeyrət, namus ləkəsi təmizlənib, əsir insalarımız kimi əsir torpaqlarımız da azad olunub. Tariximizdə yeni səhifə açılıb, Qəhrəmanlıq səhifəsi. Vətinin ərazi bütövlüyü bərpa olunmaqla soydaşlarımızın yurd həsrətinə son qoyulub. Vətən, Torpaq üçün qan töküb, can qoyan igidlərimiz həm xalqımız, həm dövlətimiz tərəfindən böyük sayğı ilə anılır.
Belə şəhidlərdən biri rayonumuzun Mamırlı kəndində doğulub, orada böyüyüb boya-başa çatmış Babazadə Mirşəmsi Elşad oğludur. O, həqiqi hərbi xidmətini başa vurduqdan sonra doğma kəndinə qayıdaraq təsərrüfat işləri ilə məşğul olmağa başlayıb. Ata-anasına torpaq əkib-becərməkdə, mal-heyvan saxlamaqda kömək edib, arxa-dayaq olub.
Orduda xidmət etmək qərarına gələn Mirşəmsi ürəyindəki fikrini ata-anasına bildirir. Ailədə onun bu fik-rinə narazı olurlar. Hərbiçilərin işləri ağır olur, ev eşiklərindən vaxtlı-vaxtında xəbərləri olmur deyə etiraz edirlər. Lakin heç kim onu bu fikrindən yayındıra bilmir. 2019-cu ildə müddətdən artıq hərbi xidmətə yazılır.
Mirşəmsi Ordumuzun tərkibinə yazıldıqdan sonra reallaşmış arzusunu həyata keçirməyə–Vətənə xidmətini ləyaqətlə yerinə yetirməyə çalışıb. Komandirlərin və hərbiçi yoldaşlarının rəğbətini qazanıb, verilən tapşırıqları böyük vətənpərvərlik hissi ilə, təmkinlə yerinə yetirib. O, təkcə xidmət etdiyi hərbi hissədə deyil, böyüdüyü kəndə də özünə xüsusi hörmət qazanmışdı. Bunu atası da bizimlə söhbətində bildirdi. Dedi ki, bu günə kimi kiminsə ondan incidiyinin şahidi olmamışam. Böyük də, kiçik də həmişə Mirşəmsidən razılıq edib. Evdə də bizim köməyimiz, bacılarının isə arxa-dayağı olub.
44 günlük Vətən müharibəsi başlayanda Mirşəmsi də Ordumuzun tərkibində döyüşə qatıldı. Motoatıcı olaraq düşmənlə mübarizəyə qalxdı. Ötən il sentyabrın 27-də əks hücuma keçən döyüşçülər arasında bu igid eloğlumuz da vuruşurdu. Sentyabrın 28-də Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid oldu.
Hamının hörmətini qazanmış bu igid eloğlumuz 3 gündən sonra boya-başa çatdığı kənddə uğrunda şəhid olduğu torpaqda dəfn edildi. Hamının xatirində isə yaxşı bir insan, unudulmayacaq gənc döyüşçü kimi qalacaq. O, şəhid oldu cəmi 25 yaşında.
Mirşəmsi Babazadə ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb. Allah dərgahında isə ən uca zirvədə–Şəhidlik zirvəsində məqama çatıb. Məkanının Cənnət olsun 25 yaşlı Şəhid!
-
09İyl
Müəllif: Redaktor, 11:03