Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09İyl

    Agah olaq ki, bu ay Məsumların (ə) və onların davamçılarının qəm və qüssə ayıdır.
    Həzrət İmam Rzadan (ə) nəql edilir: “O zaman ki, Məhərrəm ayı gələr, heç kim atamı gülərüz görməzdi. Onuncu gününə qədər bu qəm və qüssəli olmağı davam edərdi. Aşura günü çatanda, onun müsibət, qəm və göz yaşı günü olardı. Buyurardı: Bu gün elə bir gündür ki, Hüseyn (ə) şəhid olmuşdur”.
    Məhərrəm ayının ilk gecəsi: İbni Tavus “İqbal” kitabında bu gecə haqqında bir neçə namaz zikr etmişdir.
    1. Yüz rükət namazdır ki, hər bir rükətində “Həmd” və “Tövhid” surələri oxunur.
    2. İki rükətli namazdır ki, birinci rükətdə “Həmd” və “Ənam” və ikinci rükətdə isə “Həmd” və “Yasin” surəsi oxunar.
    3. İkirükətli namazdır ki, hər bir rükətində “Həmddən” sonra 11 dəfə “Tövhid” surəsi oxunar.
    Peyğəmbərdən (s) nəql edilir: “Hər kim bu iki rükət namazı bu gecədə yerinə yetirərsə, sabahısı günü oruc tutsun. O kəs kimi olar ki, bütün il boyu xeyr iş görmüşdür. Həmin ildə hifz edilər. Əgər ölərsə, behiştə gedər”.
    Birinci gün: Oruc tutmaq. Riyan ibni Şəbib İmam Rzadan nəql edir: “Hər kim bu günü oruc tutarsa, Allahı çağırarsa, Allah onun duasını yerinə yetirər. Necə ki, Zəkəriyyənin (ə) duasını qəbul etmişdi”.
    İmam Rzadan (ə) nəql edilir: “Peyğəmbər (s) Məhərrəm ayının birində iki rükətli namaz qılardı. Qurtarandan sonra əllərini göyə qaldıraraq, bu duanı edərdi: Allahım, Sən əzəli Məbudsan! Bu Sənin ilindir.
    Bu aydan Səndən şeytandan hifz edilməyimi, günah işlədə bilən nəfsə qələbə çalmağımı, məni Sənə ya-xınlaşdıran şeylərlə məşğul olmağımı istəyirəm.
    Ey Böyük və böyüklərin Sahibi! Ey sığınacağı olmayanların Sığınacağı! Ey o kəsin qəm yeyəni ki, onun qəm yeyəni yoxdur! Ey o kəsin pənah yeri ki, başqa pənah yeri yoxdur! Ey o kəsin fəryadına çatanı ki, fəryadına çatan yoxdur!
    Ey o kəsin himayəçisi ki, onun himayəçisi yoxdur! Ey o kəsin xəzinəsi ki, onun xəzinəsi yoxdur! Ey yaxşı imtahan edən, ey ümidlərin böyüyü, ey gücsüzlərin izzəti, ey qərq olmuşların nicat verəni, ey həlak olanları xilas edən, ey nemətverən…”.
    Üçüncü gün: Həzrət Yusifin (ə) zindandan azad olduğu gündür. Kim həmin günü oruc tutarsa, Allah Təala çətin işləri onun üçün asan edər. Qəmi ondan uzaqlaşdırar. Duası qəbul olar.
    Doqquzuncu gün: Tasua günüdür. İmam Sadiqdən (ə) nəql edilir: “Tasua o gündür ki, İmam Hüseyni (ə) və tərəfdaşlarını Kərbəlada mühasirəyə aldılar. Şam ordusu Həzrətlə döyüşmək üçün dairə qurdu.
    İbni Mərcanə və Ömər Səd ordunun çoxluğuna görə sevinirdilər. İmam Hüseyni (ə) və səhabələrini zəif hesab edirdilər. Yəqin etdilər ki, Həzrətin köməyinə heç kim gəlməyəcəkdir. İraq xalqı ona yardım etməyəcəkdir”
    Onuncu günün gecəsi: Aşura gününün gecəsidir. Seyid Tavus bu gecə üçün çox sayda namaz və dualar zikr etmişdir. O cümlədən yüz rükət namazdır ki, hər rükətində “Həmd” surəsindən sonra üç dəfə “Tövhid” deyilir və sonra bu duanı oxuyursan: “Allah münəzzəhdir, Allaha həmd olsun, Allahdan başqa məbud yoxdur. Allah böyükdür”.
    Başqa bir hədisdə tövbə etmək də zikr edilmişdir. Gecənin sonunda dörd rükət namaz zikr edilmişdir ki, hər bir rükətində “Həmddən” sonra “Ayətil-kürsünün” hər hansı ayəsi, “Tövhid”, “Nas”, “Fələq” surələrini on dəfə oxumaq. Sa-lamdan sonra yüz dəfə “Tövhid” surəsini oxumaq.
    Başqa bir namaz dörd rükətli namazdır ki, hər rükətində “Həmddən” sonra 50 dəfə “Tövhid” surəsini oxumaqdır. Bu namaz Əmirəl-möminin (ə) namazına bərabərdir və çox fəzilətlidir.
    Namazdan sonra Allahı çoxlu zikr edin, Peyğəmbərə (s) salavat göndərin, nə qədər bacarırsınızsa, düşmənlərə lənət deyin. Bu gecədə ibadət etmək bütün mələklərin ibadəti kimidir.
    Bu gecənin ibadəti 70 ilin ibadətinə bərabərdir. Əgər kimsə bu gecə Kərbəlada olarsa, İmam Hüseyni (ə) ziyarət etsin və o Həzrətin yanında səhərə qədər dua etsin. Allah onu şəhidlər sırasında məhşur edər.
    Aşura günü: Həzrət Hüseynin (ə) şəhid olan günüdür. Bu gün Məsumların (ə) və onların davamçılarının qəm və qüssə günüdür. Bu gün yaxşı olar ki, müsəlmanlar dünya işləri ilə məşğul olmasınlar. Göz yaşı tökərək, mərsiyə desinlər. Həzrətə əzadarlıq keçirtsinlər.
    Sanki övladları və yaxın əzizlərinin əzadarlığını keçirmiş kimi, bu işə şövqlə yanaşsınlar. “Aşura” ziyarətini oxuyaraq, Həzrəti (ə) ziyarət etsinlər. Həzrətin qatillərinə lənət oxusunlar. Həmin günü oruc tutmayın, ancaq yemək və içməyə meyl göstərməyin.
    Əsrdən sonra müsibət əhlinin iftar etdiyi yeməklərdən yeyin. Qatıq, süd kimi. Əllamə Məclisi buyurmuşdur: “Yaxşı olar ki, Məhərrəm ayının doqquzuncu və onuncu günü oruc tutmayasınız. Çünki Bəni-Ümməyə bərəkət olsun deyə bu iki günü oruc tutmuşdular.
    Yalan deyərək, bu iki gündə oruc tutmağın fəzilətli olmasını Peyğəmbərə (s) nisbət vermişdilər. Əhli-Beyt (ə) bu iki gün haqqında çox sayda hədis nəql etmişdir. Bu iki gün, xüsusilə də Aşura günü məzəmmət edilmişdir”.
    Həzrət Rzadan (ə) nəql edilir: “Hər kim Aşura günü öz ehtiyaclarını unudar, iş dalınca getməz, Allah onun dünya və axirət ehtiyaclarını ödəyər. Hər kim Aşura günü qəmgin və ağlar olarsa, Allah Qiyamət gününü onun sevincli və xoşhal olan günü edər.
    Behiştdə nəzərləri bizimlə aydın olar. Hər kim Aşura günü bərəkət günü adlandırar, həmin günü evi üçün nəyisə alarsa, Allah aldığı şeyi onun üçün mübarək etməz. Qiyamət günü Yezid, Ubeydullah ibni Ziyad və Ömər ibni Sədlə məhşur olar”.
    Ona görə də bu günü insan başqa işlə məşğul olmamalıdır. Ağlamalı və mərsiyə deməlidir. Ev əhlinə göstəriş verin ki, o Həzrətin əzasını saxlasınlar. Matəm və əzadarlıqla məşğul olsunlar.
    İyirmi beşinci gün: Həzrət Zeynəlabidin (ə) dünyadan köçmüşdür.

     

    Müəllif: Redaktor, 10:03

İsmarıclar bağlıdır.