Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 26 iyul Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyyətinin bir qrupu ilə görüşündə bir sıra məqamlar toxunmuşdur. İkinci Qarabağ müharibəsinin Azərbaycanın tam qələbəsi ilə nəticələndiyini bildirərək qeyd etmişdir ki: “ Şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Qürur hissi ilə deyə bilərik ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.
Həmçinin ölkə başçısının çıxışında bildirilmişdir ki, birinci Qarabağ müharibəsi Azərbaycanda böyük humanitar fəlakətə səbəb olmuşdur. Birinci Qarabağ müharibəsi ölkəmiz üçün böyük faciə idi, milli faciə idi. Eyni zamanda, bu, böyük humanitar fəlakətə gətirib çıxardı.
Çünki o vaxt Azərbaycan əhalisinin sayı səkkiz milyon idi, onlardan bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdur. Bizim iqtisadiyyatımız demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi.
Bildirilmişdir ki, əldə olunmuş Qələbə ədalətin təntənəsi olmaqla: “Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Müharibə nəticəsində Ermənistan ordusu məhv edilib. Ermənistan ordusu yoxdur. 336 tank məhv edilib, ya da ki, qənimət kimi götürülüb. Səkkiz S300 qurğusu məhv edilib, onların hava hücumuna qarşı digər artilleriya qurğuları məhv edilib. Biz Şuşanı işğalçılardan azad edəndən sonra işğalçılar məcbur olub noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar. İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan isə bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaqdır” deyə qeyd olunmuşdur.
Ermənistanın inkişafı üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdir deyə bildirən dövlət başçısı qətiyyətlə qeyd etmişdir ki: “ Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik. Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz”.
Ölkə başçısının çıxışında bu gün Ermənistanın müstəqil dövlət sayılmadığı, qonşularla düşmənçiliyinin Ermənistana çox baha başa gəldiyi qeyd olunmuşdur. Bildirilmişdir ki, son 30 il ərzində Ermənistanda müstəqil dövlət qura bilmədilər və indi onlar xarici dairələrdən və xarici hərbi yardımdan tam asılıdır. Xaricdən gələn siyasi sifarişlərdən tam asılıdır. Düşmənçilik və Azərbaycan xalqına nifrət Ermənistanı bu günə saldı və ədalət özünü göstərdi deyə qeyd olunmuşdur.
Dövlət rəhbərinin çıxışında qeyd olunmuşdur ki, qələbəni əldə etmək üçün ölkədə və beynəlxalq müstəvidə böyük hazırlıq işləri görülmüşdü. Ölkə başçısı bildirib ki, “Ordu quruculuğu sahəsində böyük islahatlar aparılmışdır. İlk növbədə, beynəlxalq müstəvidə uğur qazanmalı idik və buna nail olduq. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Biz sübut etməli idik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz sübut etməli idik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər”.
Ötən illər ərzində ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirən ikitərəfli əlaqələr qurulması nəticəsində bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən ölkələrin sayı durmadan artır və İkinci Qarabağ müharibəsi onu bir daha göstərdi deyən dövlət başçısı “Ermənistan tamamilə təcrid edilmiş vəziyyətdə olduğunu, Yorulmaz fəaliyyətin nəticəsində bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və həqiqəti əks etdirən təsəvvür var idi. O cümlədən, ikitərəfli formatda bir çox ölkələrlə bərabərhüquqlu və qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər bizim gücümüzü artırırdı. Qardaş ölkələr – Türkiyə başda olmaqla Pakistan və Əfqanıstan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər ölkələr müharibənin ilk saatlarından öz dəstəyini göstərirdi” deyərək qeyd etmişdir.
Haqlı olaraq qeyd olunmuşdur ki, ölkənin iqtisadi potensialı qələbəni təmin etməkdə əsas amillərdən biri olmuşdur. Hazırlıq işlərində iqtisadi amil aparıcı rol oynamışdır. Çünki açıq-aydın dərk edirdik ki, iqtisadi müstəqillik olmasa, biz istədiyimizə nail ola bilmərik. Çünki biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. Bizim vəsaitimiz yox idi, xəzinə boş idi, inflyasiya min faiz səviyyəsində idi, kütləvi işsizlik və səfalət hökm sürürdü, biz iqtisadi cəhətdən asılı vəziyyətdə idik. Ona görə iqtisadi müstəqillik əldə etmək başlıca vəzifələrimizdən biri idi və biz bunu artıq neçə ildir ki, təmin etmişik. Bu gün heç kimdən asılı deyilik. Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdə qərarlaşmışdır.
Ermənistandan fərqli olaraq Azərbaycanın İqtisadi müstəqilliyi ölkəmizin əsas uğurlarındandır. Ölkə rəhbərinin çıxışında da: ”Bu gün inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulundan daha çoxdur. Amma Azərbaycanda xarici borc ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir. Bundan əlavə, ölkəmizin valyuta ehtiyatları xarici borcunu 6 dəfə üstələyir. Ona görə iqtisadi müstəqilliyi əldə etmək, özü də çətin geosiyasi vəziyyətdə və o qədər də böyük maliyyə resursumuz olmayan dövrdə əsl siyasi məharət və uzaqgörənlik tələb edirdi və biz buna nail olduq. Azərbaycan artıq neçə ildir ki, heç kimdən asılı deyil. Əksinə, Azərbaycan özü kömək göstərir, Azərbaycan donor ölkədir, pandemiya dövründə 30-dan çox ölkəyə kömək göstərib və bu ölkələr bizim dost ölkələrimizdir” deyə bildirilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz fəaliyyəti ilə illər ərzində görülmüş işlər öz müsbət nəticəsini göstərir. Bu baxımdan dövlət başçısının çıxışında ”Böyük quruculuq işlərinə start verilib. Müharibədən cəmi 7 ay keçməsinə baxmayaraq, böyük işlər görülüb. Əgər bizdə bu hazırlıq olmasaydı, biz bunu edə bilməzdik. İndi nə qədər vəsaitin olursa-olsun, əgər sənin texniki imkanın yoxdursa, kadr potensialın yoxdursa, infrastruktur layihələri vaxtında icra edilməyibsə, bunların heç yüzdəbirini edə bilməzsən. Amma bu gün misli görünməmiş bərpa işləri aparılır. Məhz hazırlıq hesabına güclü dövlət yaratmışıq. Bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır” deyə bildirilmişdir.
Uğurun əsas amili olan xalq-iqtidar birliyinə həmişə istinad edən dövlət başçısı aparılan dövlət siyasətinin xalq tərəfindən dəstəkləndiyini, bu siyasətə böyük inam olduğunu, müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayış etdirdiyini bildirmişdir.
Uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həll olunmasına mane olan beynəlxalq riyakarlıq, “İkili standartlar” siyasəti ölkəmizdə haqlı olaraq beynəlxalq təşkilatlara qarşı etibarı azaltmışdır. Bu baxımdan dövlət başçısınında çıxışında: “Beynəlxalq hüquq normaları işləmir. Böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər, sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Beynəlxalq hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər” deyə qeyd olunmuşdur.
Xüsusilə bu illər ərzində Ermənipərəst dairələr və ölkələr Azərbaycana qarşı reallığı əks etdirməyən qətnamə qəbul etdirməyə çalışırdılar ki, dövlət rəhbəri bunada münasibət bildirərək “Müharibə dövründə bəzi ölkələr, BMT Təhlükəsizlik Şurasının üzvləri BMT Təhlükəsizlik Şurasında bizim əleyhimizə bəzi təşəbbüslər irəli sürmüşdülər və o təşəbbüslərin çox mənfi fəsadları ola bilərdi. Bu, bir daha Azərbaycana qarşı ədalətsizliyin növbəti təzahürü idi. Çünki biz öz torpağımızda vuruşurduq, öz ərazi bütövlüyümüzü bərpa edirdik” deyə vurğulamışdır.
Uzun illərdən bəri danışıqların nəticəsiz qalması, sülh yolu ilə münaqişənin həllini mümkünsüz etmişdir. Bu baxımdan dövlət bbaşçısının çıxışında: “ Ermənistanın danışıqlar prosesində sərgilədiyi riyakar mövqe vasitəçiləri də artıq bezdirmişdi. Çünki Ermənistan və onun rəhbərliyi beynəlxalq vasitəçiləri də aldatmağa çalışırdı. Elə şərtlər qoyurdu ki, bəri başdan hər kəs bilirdi, bu şərtlər qəbuledilməzdir. Biz heç vaxt imkan verə bilmərik ki, bizim tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın. Birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıb. Bunu indi bütün dünya bilir, tarixçilər bilir” deyə qeyd olunması erməni məkrini bir daha ifşa etmişdir.
Sevindirici haldır ki, ölkəmizin hərbi qüdrəti durmadan artır, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bununla bağlı dövlət başçısı cənab İlham Əliyev çıxışında: “Ordumuzun silah-sursatla təchiz edilməsibizim imkanlarımızı bütün dünyaya göstərdi. Bəzi aparıcı Qərb mətbu orqanlarında, analitik dərgilərdə belə bir fikir ortalığa atılıb ki, hətta dünyanın aparıcı ölkəsi bizim qarşımızda olsaydı, onların da bizim qabağımızda heç bir şansı olmayacaqdı. Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsi” olduğunu bildirmiş, bütün digər sahələrdə olduğu kimi texniki təminat sahəsində də böyük işlər görülmüş və İkinci Qarabağ müharibəsində bunu nümayiş etdirdik. Nümayiş etdirdik ki, istənilən məsələ öz həllini tapa bilər” deyə qeyd etmişdir.
Haqlı olaraq ölkə Prezidenti cənab İlham Əliyev çıxışında: “Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək. O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur” deyərək Ermənistanı ölkəmizə qarşı yersiz iddialardan əl çəkməyə səsləmişdir.