Yol getdiyim yerdə birdən elə bir şey yadıma düşür ki, başlayıram gülməyə. Nə qədər özümü sıxıram ki, gülməyim, yenə də gülürəm. Gülmək də var, gülmək də. Xeyli çəkəndən sonra bir təhər sakitləşirsən. Sakitləşən kimi də o tərəf bu tərəfə boylanırsan ki, birdən görən olar. Görən oldusa, vay halına. Deməzmi, yolun ortasında bu kişi öz-özünə niyə gülür? Yəqin o məsələ…Yəni havalanmışam. And verirəm Allahın adına, məni qınamayın. Bilirsiz nəyə gülürəm? Hardansa yadıma Ramazan ayının birinci gününün duası düşür. Bilmirəm bunu necə yozum? O mənadan ki, duada deyilir:”Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı! Məni bağışla, ey günahkarları bağışlayan!”.
Düzünə qalsa burada gülməli bir şey yoxdur. Bu insanları düz yola dəvət etməkdir, yolunu azanlara nəsə xatırlatmaqdır. Mən tamamən başqa bir mətləbə gülürəm. Tutalım ahıl bir kişiyəm. Xeyli gün keçirmişəm. Mən bir yana, cavanları deyirəm. Ya da cavanlarla ahıl olanlar arasındakıları.
Necə olsa da bunlar günah edə bilərlər. Günahsız adam varmı ki? Ola da bilməz. Söhbət oruc tutan 10-12 yaşlı uşaqlardan gedir. Bunlar nə yatdılar ki, nə də yuxu görələr?! Bu yaşda olan tifillər nə günah iş görüblər ki, bağışlanmalarını Tanrıdan istəsinlər. Uşaq hardasa, nədəsə səhv edib. Dalaşıb, pis söz deyib, kimisə cırnadıb, atasının tapşırığı yadından çıxıb, anasının dediyini unudub. Bunlar günah sayılırsa, daha nə deyim? Uşaq səhv iş görər, amma onların səhvi günaha yazılmaz. Bəs onda niyə uşaq deyirlər?
Elə bu sözləri gəlib qabağımda bitən Yusif kişiyə də söylədim. O da başladı öz aləmindən dəm vurmağa.
-Gəldi ey, qadasın aldığım gəldi!
-Kim gəldi, a Yusif kişi?
-Kim gələcək? Ayların sultanı, sultanların da sultanı.
-Gəldi, gəldi də. Burda nə var ki? Hər il gəlir, bu il də onlardan biri.
-Əşi, sən belə şeyləri bilməzsən. Elə birinci gündən ilk duamı edəcəyəm ki, bağışlayan Allah mənim günahlarmı da bağışlasın, ondan sonra əlimi qoyuram qulağımın dibinə, düz bir il günahlarıma davam edirəm.
-Kefsən vallah. Günah etməkdən ləzzət alırsan.
-Niyə də almayım? Günah var ki, puldu, pul, günah var ki, düşürsən düz cənnətin köbəyinə.
-Sənin deməyinlə oğurluq edənlər də bağışlanıb təzədən davam edəcəklər?
-Bəs nə bilmisən? Tövbə də, allaha dualar da o günə qədər olanlara aiddir. Elə ki, təmizə çıxdın, niyə də etməyəsən?
-Sənin deməyinlə xalqın malını oğurlayıb milyonlar qazanan Allahdan qorxmur? Birdən Allah bağışlamadı?
-Sən də uşaq kimi danışırsan. Allahın adı bəs niyə bağışlayandır? Bizlərə görə.
-Yaxşı, uşaq səhv edər, bilməməkdən, Günaha yazılmaz. Bəs böyüklər bilə-bilə niyə edir? Onlar bilmirlər ki, etdikləri günahdır?
-Ay rəhmətliyin nəvəsi, günahsız da var-dövlət olar? Cah-cəlal olar, imarətlər olar? Görürsən günah özü nə deməkdir? Həyat, yaşayış, firavanlıq, kef, hörmət, izzət, vəzifə. Yenə sayım?
-Yox bəs edər. Bilirsən, qardaş, günah sahibi günah iş tutanlar deyilmiş, onları bağışlayandır. Yerdəki dinmirsə, göydəki neyləsin?