Elə ki, söhbət şeytandan başladı, gərək ən azı üç dəfə bismillahir-rəhmanirrahim deyəsən ki, səndən əl çəksin. Yoxsa yaxandan yapışdımı, qopası deyil. Bilirsən onda nə sifət var? Allahın üzünə ağ olan yeganə mələkdir. Beləsindən nə gözləyəsən?
Allah Şeytan adlı mələyi oddan yaradıb. Sonra da Adəmi. Hökm edib ki, bütün mələklər Adəmə itaət etsinlər. Şeytan özündən çıxıb deyir:
-Mən Adəımdən əvvəl yaradılmışam, özü də oddan. Adəm isə məndən sonra yaradılıb, həm də kirli-pasaqlı, cücülü-mücülü palçıqdan. Mən niyə ona boyun əyməliyəm? Əymirəm!
Canım fəda olmuş Allah necə qəzəblənirsə, Şeytanı bir başa cənnətdən cəhənnəmə göndərir və deyir ki, get, sən yiyənmədin.
Şeytan Allahın bu hərəkətindən çox pərt olub, bütün Adəm övladlarından intiqam almağı qarşısına məqsəd qoyur. Hətta strateji plan hazırlayıb, başlayır bu planı birbəbir yerinə yetirməyə. Deyir ki:
– Qoy insanlar allaha asi düşsünlər, Quranı oxumasınlar, Allahın buyurduğu düz yoldan çıxıb, özlərini daşlı-kəsəkli yola versinlər.
Şeytan cəhənnəmdə dayanmadı. Onu bir yerdə zəncirləsən də, duruş gətirən deyil. Başladı dünyanı gəzməyə. Xeyli dolaşdı, ölkələri bir-bir “dişinə vurdu”, axır gəlib çıxdı İran deyilən bir vilayətə. Gördü bura çox səfalı yerdir. Həm də gecə -gündüz Qurandan danışırlar. Həzrət Peyğəmbərimiz Məhəmməd salavatullahdan misallar gətirirlər. Adlarını da qoyublar müsəlman. Və qışqırırlar ki, müsəlman müsəlmanın qardaşıdır. Şeytan qərara gəldi ki, əsl axtardığı yer elə buradır.
Ayağını bu torpağa basan kimi girdi ayətullahların cildinə. Onlar da Azəri müsəlmanların üzünə güldülər, əl altdan nə yamanlıq qaldı etməsinlər. Aləm gizli-gizli qarışdı bir-birinə. Hal-qəziyyəni belə görən Şeytan sinəsinə vurub başladı öyünməyə:
-Əhsən mənə! İş görəndə belə görəsən. İranlılara elə dərs keçmişəm ki, artıq bunlara Şeytan lazım deyil.
İranlılar Qarabağ müharibəsi başlayanda, müsəlman qardaşlar qaldı bir kənarda, ermənilərə “can!” dedilər. Əllərinə keçəni karvan-karvan göndərdilər. Top-tüfəngdən belə. Rusların hərbi şey-şüyləri də İran ərazisindən ötürüldü. Şeytan İranın şeytanlıqda bu qədər irəli getməsinə mat qalmışdı.
O gün lap böyükləri durma-tutma bir başa zəng edir Paşinyana:
-Nikolcan, nə var, nə yox?
Paşinyan da cavab verir ki:
-Sağ ol. Bu qardaşlığı xalqım unutmaz.
-Yox ey, nəsə qulağım təzə xəbər alıb.
-Nə xəbər, ağayi Ayətullah?
-Deyirlər, Zəngəzurdan yol çəkilir. Həm maşın yolu, həm də dəmir yolu.
-Elədir, ağayi Ayətullah. Yaxşı məsələdir. Gör neçə ölkə bu yoldan yararlanacaq. Biz fağır ermənilər də.
Ayətullah hirslənən kimi oldu:
-Nə yol, Nikolcan? Qoyma çəksinlər. Qarabağın hər qarışında minanız var. O yola da düzənməzsiniz? Bilirəm əliniz daş altdadır, kasıbçılıqdır. Nə qədər lazımdır, de göndərək.
-Sağ ol, ağayi Ayətullah. Düzünə qalsa, daha mina düzmək istəmirik. Orda mina düzsək, burda partlayar. Deyirəm dinc duraq, bir az adam kimi inkişaf edək.
-Qəti, Nikolcan, qəti! Biz buna yol verə bilmərik. Şeytan da bizimlədir.
Belə deyəndə Şeytan əlini-əlinə vurdu, bir qəh-qəhə çəkdi ki, səsi dünyanın çox yerində eşidildi:
-Yox, ağayi Ayətullah, sizin yanınızda Şeytan bu qədər qələt edəmməz. Az qala mənə də papış tikəsiniz. Getdim Cəhənnəmə.