Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 04İyn

    31 May 2021-ci il tarixdə Ölkə Prezidenti İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında növbəti bir çıxışını izlədik. Burada günün ən aktual problemi olan pandemiya ilə əlaqədar dünyada mövcud vəziyyət və görülən işlərlə bağlı müzakirələr aparılırdı. Prezident İlham Əliyev də bu sahə üzrə Ölkəmizdə görülmüş işlərlə bağlı hesabat xarakterli məruzə etdi.

    Prezident öz çıxışında pandemiyanın ilk günlərindən əhaliyə mənfi təsir elementlərinin minimuma endirilməsi məqsədilə ciddi tədbirlərin görüldüyü, o cümlədən qısa vaxt ərzində 13 modul tipli və 1 daimi xəstəxananın tikilib istifadəyə verildiyini bildirdi.

    Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, xəstəliyə qarşı mübarizə üçün təyin olunmuş xəstəxanalarda çarpayının sayı 10 mindən artıqdır. Həqiqətən qısa vaxt ərzində bu qədər tibb müəssisələrinin istifadəyə verilməsi dünya səviyyəsində müqaisə olunacaq bir addımdır. Halbuki bu gün əksər inkişaf etmiş ölkələrin səhiyyəsi COVİD qarşısında aciz vəziyyətdə qaldılar. Azərbaycan isə dünyada pandemiya qurbanlarının sayının minlərlə olduğu, böhranın çıxılmaz vəziyyət yaratdığı, səhiyyə sisteminin çökdüyü indiki çətin və mürəkkəb dövrdə bu ağır sınaqdan uğurla çıxmaqdadır.

    Bundan əlavə İlham Əliyev xəstəliyin mənfi təsirinə məruz qalmış insanların və sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə sosial dəstək tədbirləri barədə də məlumat verdi. Bildirildi ki,bu sahə üzrə dövlət tərəfindən 2 milyard dollar həcmində dəstək tədbirləri həyata keçirilmişdir. Buradan bir daha aydın olur ki, Prezident İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində ötən dövrlərdə bütün istiqamətlərdə yaradılmış güclü iqtisadi potensial, xüsusilə müasir səhiyyə sistemi, eyni zamanda dövlət başçısının qəbul etdiyi operativ qərarlar, pandemiyaya qarşı yaranan güclü milli həmrəylik hərəkatı respublikaya bu qlobal böhranı uğurla adlayıb keçməyə imkan verir. Odur ki, hazırda Ölkəmiz bu qlobal böhrandan az itki ilə çıxan ölkələr sırasındadır.

    Prezident öz çıxışında əhalinin xəstəliyə qarşı vaksinləşmə prosesinə də öz münasibətini bildirdi. Operativ tədbrlər nəticəsində artıq əhalinin 20 faizinin COVİD-19 əleyhinə peyvənd olunduğu vurğulandı. Əsasən “Sinovak”, “AstraZeneca” və “Sputnik” peyvəndlərindən istifadə olunduğu bildirildi. Ümumiyyətlə qeyd etmək lazımdır ki, bu istiqamətdə işlər surətlə aparılır. Artıq 18 yaşdan yuxarı bütün vətəndaşlar peyvənd oluna bilərlər. Bunun üçün Ölkəmizdə vaksin ehtiyatı yaradılmışdır.

    İlham Əliyevin çıxışında əsas diqqət çəkən məqamlardan biri hələ də dünyada davam edən “peyvənd millətçiliyi” məsələsi oldu. Belə ki, Cənab Prezident haqlı olaraq vurğuladı ki, peyvənd dozalarının 82 faizi inkişaf etmiş ölkələr tərəfindən alınmışdır. Yalnız 0.3 faizini azgəlirli ölkələr əldə etmişlər. Odur ki, Prezident bu qeyri-bərabər münasibətdən xüsusi narahatlığını ifadə etmiş və COVID-19-a qarşı dərmanlara, peyvəndlərə və tibbi avadanlıqlara bərabər əlçatanlığın təmin olunmasının vacibliyini qeyd etmişdir.

    Bundan əlavə pandemiyaya qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyi Cənab Prezident tərəfindən xüsusi vurğulandı. Bu sahədə Azərbaycanın daima əhəmiyyətli təşəbbüslərlə çıxış etdiyi bildirildi. Beynəlxalq həmrəylik məqsədilə Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsinin məhz Azərbaycanın təşəbbüsü ilə baş verdiyi qeyd edildi. Eyni zamanda Cənab Prezident tərəfindən bütün beynəlxalq tədbirlərdə pandemiyaya qarşı mübarizənin qlobal səviyyədə həyata keçirilməsinə çağırışlar edilmişdir.

    Bu gün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə nümunəvi əməkdaşlıq edən dövlətlər sırasındadır. Təsadüfi deyil ki, Cənab Prezident öz çıxışında ÜST-ə 10 milyon ABŞ dolları könüllü maliyyə töhfəsinin verildiyini, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımının göstərildiyini qeyd etmişdir. Bu bir daha Dövlətimizin humanist mövqeyinin nümayişi, insan amilinə verilən qiymətinin nəticəsidir

     

    Müəllif: Redaktor, 09:36

İsmarıclar bağlıdır.