Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31May

    28 May 2021- ci il tarixində ölkə Prezidenti cənab İlham Əliyev Ağdam şəhərinə səfər etmişdir. Dövlət başçısının səfəri zamanı etdiyi çıxışlarında işğaldan azad olunmuş bütün ərazilərin Baş plan əsasında bərpa olunacağı qeyd edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Ağdam şəhərinin Baş Planı təsdiq ediləcək və onun əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır.Həmçinin, Ağdam rayonunun tanınmış şəxslərinin də Baş Planla tanış olacağı və onların təkliflərinin də nəzərə alınacağı qeyd edilmişdir.

    Ölkə rəhbərinin səfəri zamanı Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan 1 saylı məktəbin təməli qoyuldu. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Eyni zamanda Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilmişdir.
    Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. Böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq – 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaqdır.

    Ölkə Prezidentinin çıxışında bildirilib ki, azad etdiyimiz bütün ərazilərdə erməni vandalizminin izləri qalıb. Belə ki, “Ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir: Xocalı soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü”yü qeyd olunmuşdur.

    Məlum münaqişənin həllində sülh və diplomatik üsullara sadiq qalan Azərbaycan ona qarşı 30 il ərzində tətbiq olunan ikili standartlar siyasəti ilə qarşılaşırdı. Bu baxımdan dövlət başçısı da çıxışında qeyd edib ki, “Azərbaycan çalışırdıki, münaqişəni sülh yolu ilə həll etsin. Ölkəmizin vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır” deyə işğalçının kənardan heç bir təzyiqlə üzləşmədiyini bildirmişdir.

    Dövlət başçısı rəsmi İrəvanın ölkəmizə qarşı məkirli siyasətinə aydınlıq gətirərək son 30 ilə yaxın bir müddət ərzində yalnız təxribatlarla məşğul olduqlarını bildirməklə: “ Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Bütün danışıqlar dövrü – 2003-cü ildən son hadisələrə qədər Azərbaycan xalqı bütün proseslərin şahidi olub” deyə qeyd etmişdir.

    Təəssüf ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir çox hallarda vasitəçilər tərəfindən birmənalı qarşılanmırdı. Ölkə Prezidentin çıxışında da qeyd olunduğu kimi “Bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki biz aqressoruq, sanki biz işğalçıyıq. Ona görə də biz hər zaman deyirdik ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi” deyə bildirilmişdir.
    Fərəhli haldır ki, Böyük Qələbə sayəsində bütün dünya ölkəmizin gücünə şahidlik etdi. Uğurlarımızın əsasında güclü dövlət və müstəqil siyasət dayanır. Ölkə başçısının qeyd etdiyi kimi “ Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü və müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. 44 günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı”.

    Dövlət başçısının çıxışında bir daha bildirilir ki, Azərbaycan müharibə dövründə də özünü məsuliyyətli ölkə kimi apararaq müharibənin bütün qaydalarına riayət edilmişdir. Odur ki, Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Müharibədə ordumuz ancaq işğalçı orduya qarşı mübarizə aparmışdır. Dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamış, ermənilərdən fərqli olaraq, soyqırımı törətməmişik və digər hərbi cinayətlər törətməmişik.

    Qəti olaraq əminik ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcəkdir. Çünki çıxışı zamanı dövlət başçısının da qeyd etdiyi kimi ” Xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq”dır.

    Dünyanın tərəqqipərvər qüvvələri yaxşı anlayır ki, bizim 44 günlük müharibəmiz təkcə faşist Ermənistan dövlətinə qarşı deyildi, bizim müharibəmiz həm də faşizm əleyhinə müharibə idi. Bu baxımdan dövlət başçısının çıxışında haqlı olaraq qeyd olunduğu kimi “ Ermənistan məğlub edilmiş dövlətdir və bizim işğal altında olan torpaqlarda törədilmiş vəhşilik o erməni lobbi təşkilatlarının öz xalqı haqqında yaratdıqları mifologiyaya da son qoydu. Çünki bu dağıntıları törədən vəhşidir. Bunun başqa adı yoxdur. Təkcə Ağdam deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir. Sanki bu torpaqlardan vəhşi qəbilə keçib. Bizim qələbəmiz göstərir ki, bütün faşistlərin aqibəti, ermənilərin aqibətinə bənzər olacaq”dır.

    Son illər ərzində rəsmi İrəvanın yürütdüyü işğalçı siyasəti Ermənistanın “dalan” dövlətinə çevrilməsinin əsas səbəbidir. Bununla bağlı dövlət başçısı çıxışında ətraflı təhlil apararaq: “ 30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir. Deməli, bu xalq ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər. Otuz il ərzində bunların unikal şansı var idi – əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar – indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir”deyə bildirmişdir.

    Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun tətbiq etdiyi hərbi strategiyalar sayəsində xalqımızın qələbəsi daha inamlı oldu. Bununla bağlı dövlət başçısı: ” Azərbaycan Ordusu hücuma Ağdamdan başlasa idi böyük səhv olardı. Burada ermənilər çox mürəkkəb istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz böyük yanlışlıq olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq” deyə qeyd etmişdir.
    Ölkə başçısının çıxışında qeyd olunduğu kimi müharibə dövründə birinci Cəbrayıl rayonu işğaldan azad olunmuş, sonra Füzuli, ondan sonra Hadrut, ondan sonra Murovdağ, Suqovuşan, Zəngilan, Qubadlı. 10 noyabrda isə Azərbaycan Ordusunun gücü qarşısında tab gətirməyən Ermənistan kapitulyasiya aktını imzalamışdır. Özü də nəinki Azərbaycan ictimaiyyəti, bütün dünya bilir ki, Paşinyan hansı formada imzaladı. O da müharibənin, zəfərin kulminasiyası idi, o, əsl kapitulyasiya aktı idi. İndi hər kəs bunu belə qəbul edir.

    Hazırda dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibə öyrənilir. Bununl bağlı dövlət başçısının çıxışında “44 günlük müharibə şanlı tariximizdir. Bu tarix əbədi qalacaqdır, bu tarix dərindən öyrənilməlidir və öyrənilir. Dünya miqyasında Azərbaycanın göstərdiyi yeniliklər öyrənilir. Əlbəttə ki, texniki imkanlarımız müharibənin nəticələrinə ciddi təsir etmişdir. Ancaq bayrağı sancan, bayrağı ucaldan, öz sinəsini qabağa verən, ölümə gedən Azərbaycan əsgər-zabiti idi. Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkanın ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan” deyə bildirilir.

    Həmçinin dövlət baçısı onu da təəssüflə qeyd etmişdir ki, “Əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Əgər xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə olarsa, dərhal yerindəcə düşməni məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı”.

    Qəti əminik ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən ermənilərin bütün təxribatlarına adekvat cavab veriləcək, ərazilərimizdə başlanmış bərpa və yeni quruculuq işləri sürətlə davam edəcəkdir.

     

    Müəllif: Redaktor, 10:46

İsmarıclar bağlıdır.