Hələ aylar öncədən bilirdik ki, müharibə olacaq! Axı, biz cəbhə bölgəsində yaşayırıq. Bütün silah-sursatlar, zirehli texnikalar gözümüzün önündən hər gün karvan-karvan keçirdi.
Lakin gördüklərimiz bir anda olsun bizi qorxutmurdu, əksinə, çox sevinirdik nədənsə. Sevinməyə də haqqımız var idi. Axı, torpaqlarımızın azad olunmasına sayılı günlər qalmışdı…
O günləri yaşadıqca uşaqlığımı əlimdən almış 1993-cü ildəki günlər yadıma düşürdü. O zamanlar ölkəmiz bu qədər inkişaf etməmişdi. Səngərlərdə gecələyirdik. Hər an ölüm qorxusu yaşayırdıq. Hələ sonuncu dəfə səngərdə qaldığım heç yadımdan çıxmaz. Adətən axşam saatlarında atışma güclənirdi. Həmin gecə çox dəhşətli atışma oldu, bayram günlərində göydə partlayan atəşfəşanlığı xatırladan mərmilər, çox qorxulu idi. Həmin gecə səngərdə keçirəcəyim son gecə idi.
“Hamı səngərə!”– dedilər.
Kişilər öz məhlələrində yığışıb əvvəlcədən səngər qazmışdılar.
Bəli, səngərə gedirik. Saray kimi evimizdən götürdüyümüz tək şey canımız oldu!
O gecə hər şey ola bilərdi. –Evimiz yana bilərdi, dağıla bilərdi. Düşünün, insanın hansısa bir əşyası itəndə bütün günü onu axdarır, amma biz bir gecədə evimizi və içi dolu əşyalarımızı itirə bilərdik.
Budur, səngərə çatmışıq! İlk baxışda nağıllardan bizə tanış olan ayı mağarasını xatırladır. Səngərə hər zamankı kimi ilk girən kişilər oldu, içərisinin təmiz olduğunu bildirib çıxdılar. Sonra qadınlar, uşaqlar, qocalar daxil oldular. Rütubətli, nəm və zülmət bir mağara… Çox qorxdum. Büzüşüb anamın qucağında oturmuşdum. Çıraq işığında ətrafa nəzər salırdım. Başımın üstündən sakıt bir zümzümə səsi gəldi: “Küçələrə su səpmişəm, Yar gələndə toz olmasın.” Bu mahnını zümzümə edən qonşu gəlin idi. Onun yarı müharibədə ön cəphədə vuruşurdu. Gəlin nigarançılıqla yarının yolun gözləyirdi. Ertəsi gün yarı gəldi, ağ kəfəndə, tabutun içində gəldi…
Həmin gecə çox igidlər həlak oldu, qəhrəmanlar qazi oldu çox evlər dagığılıb xarabaya döndü!
Həmin gecə səngərdə gecələmək məcburiyyətində qaldıq. Hamı susqun halda oturub gözləyir xəsdə sağalmağını gözləyən kimi, yazda ilk çiçəklərin açmağını, qışda ilk qarın yağacağını gözləyən kimi hamı gözləyir. Nəzərlərimi hər kəsin üzərindən keçirirəm. Yaşlı bir nənə əllərini Allaha uzatmış nəzərini mənə yönəltmiş halda: “Allahım, bu körpələrə yazığın gəlsin!” – deyirdi. O anda körpə görünə bilərdim, amma içimdə özümü bir qəhrəman kimi hiss edirdim. Çünkü torpağını sevən hər bir qəhrəman kimi öz torpağımda idim, qorxub qaçmamışdım . O gecə həmyaşıdlarım öz yataqlarında mışıl-mışıl yatarkən, mən səngərdə anamın qucağında oturmuş, hər an ölüm qorxusu yaşayırdım…
Saatlar keçdikcə içəridə təmiz hava azalırdı, nəfəs almaq çətinləşirdi, rütubət artırdı. Sanki səhər açılmayacaqmış kimi gecə heyy uzanırdı.
Anamın qucağında ordaca yuxuya getmişəm.Tezdən anamın səsinə gözlərimi açdım, məni səsləyirdi: “Gülgəz, qalx, oyan, səhər açılıb”.
Dan yeri sökülmşdü. Kəndə sakitlik çökmüşdü. Kənd kişiləri dağlardan, dərələrdən enirdilər. Gecələr adəti üzrə kişilər dağlara səpələnirdilər. Bəli, bu vəziyyət hər gün belə davam edirdi.
O gecə çoxlarının arzuları ürəklərində donub qaldı. O gecə hamı nəsə itirdi:– kimisi əzizini, kimisi sevgilisini, kimi həyat yoldaşını, kimi gəncliyini, kimi son zəngini, kimi məktəbini. O gecə mən də itirdim – ömrümün ən şirin, ən saf, ən gözəl çağını itirdim!– Uşaqlığımı itirdim!…
Uşaqlıq hansısa bir əşya deyil ki, itirib sonralar yaddan çıxarasan və ya ev, maşın, var dövlət deyil ki, sonradan əldə edəsən. Uşaqlıq ömrün ən saf, ən təmiz, heç zaman yaddan çıxmayan, illər ötdükcə daha çox axdardığın və bir daha geri dönməyən illəridir…
1993-cü il, sentyabrın 5- i. Kəndimiz erməni işğalçıları tərəfindən zəpt olundu. Bu hadisə kənd sakinləri üçün dözülməz olsa da, öz doğma evlərimizdən, torpağımızdan, yurd-yuvamızdan qaçqın düşdük. Bəli, Qaçqın! O vaxtlar bizi belə adlandırırdılar.
Aylar ötdü, illər keçdi, yaşadığım illər içərisində hər çətinliklər, acılar gördüm. Təbii, xoş günlərim də oldu. Artıq 38 yaşım var. Ailəliyəm, 2 övladım var. Mənim o illərdə gördüyüm müharibənin həyəcanını 2020-ci ildə övladlarım yasadılar. Hələ 2016-cı ildə Aprel döyüşlərində onlar balaca idilər, müharibənin nə olduğunu bir o qədər də anlamırdılar. Amma indi tam başqa cürdür. Ölkəmiz hərtərəfli inkişaf edir, günü-gündən müasirləşən , çiçəklənən və ölkələr arasında öz sozunu deyə bilən bir ölkədə yaşayırıq.
Bəli, indi qonşularla səngərdə deyil, evimizin bir addımlığında olan parka yığışırıq. Hər gün də yeni-yeni xəbərlər, yeni-yeni müzakirələr aparırıq öz aramızda. Hərdən eşidilən atəş səsləri bizi qətiyyən qorxutmurdu.
Bəzən gecə yarısına qədər qonşularla yığışıb həyətimizdə otururduq. Hər gün bir addım yaxınlaşırdıq o GÜN-ə…
Nəhayət, sentyabr ayının 26-ı gəldi. Hər tərəfə sükut çökmüşdü. Sanki cəbhə bölgəsi deyil, hansısa səhralıq sükutu idi. “Fırtınadan öncəki sükut” – deyərlərmiş buna.
Əslində, biz həmin gecə gözləyirdik, amma səhər – sentyabrın 27- si əsl müharibə başladı. Qulaq batıran həyacan siqnalı əhalini zirzəmilərə səsləyirdi. Hərbicilərimizin “Allahu Əkbər!” sədaları hələ də qulaqlarımdadır. Ali baş komandanımızın ağıllı, uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusu hər gün yeni-yeni uğurlu əməliyyatlardan xəbər verirdi. Televiziya ekranlarına kilidlənmişdik sanki o 44 gün. Təbii ki, müharibə şəhidsiz olmaz, amma şəhid anaları əyilmir, qirilmir, ruhdan düşmürdülər. Xalq bir yumruq kimi birləşmişdi. Hər gün Müzəffər Ordumuz yeni şəhərləri, rayonları, kəndləri, strateji hundurlüklər almaqla hər kəsin ürəyinə su səpirdilər.
Qarabağımızın göz bəbəyi olan Şuşa şəhərinin alınması bizim üçün ən böyük töhvə oldu. Ali Baş Komandanın çıxışını hələ şəhər saatlarından səbirsizliklə gozləyirdik.
O gün atamın göz yaşlarının şahidi oldum. Vətənə, Torpağa sevgisi onun aldığı nəfəs qədər əvəzsizmiş!
Nəhayət, 10 noyabr, gecə saat 04-00. Evdə hamı yatıb. Qəfil gələn zəng səsinə hamı diksindı. Sanki hansısa əzizimizin şəhid xəbəri gələcəkmiş kimi hamı səksəkədə qaldı. Bu gələn zəng dünyanın ən gözəl xəbərini verdi! MÜHARİBƏ BİTDİ… Azərbaycan xalqı, Azərbaycan Ordusu və Azərbaycanın Ali Baş Komandanı qalıb gəldi!
Gülgəz Yaqub
Yazıçı-Jurnalist
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Füzuli rayonu, Horadiz şəhəri.