Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 16May

    2020-ci il noyabrın 8-i Şanlı Qələbəmiz, Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazıldı. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu gün Prezidentin Sərəncamı ilə “Zəfər günü” elan edildi.

    8 may – bu tarix 28 illik Şuşa həsrətinin simvoludur. Çünki Azərbaycan milli mədəniyyətinin baş tacı olan Şuşa 1992-ci ilin məhz bu günü işğal edilmişdi. O gün-bu gün, düz 28 il məhbusluq həyatı yaşadı Şuşa. Onunla bərabər, Azərbaycan xalqı da ağrı-acılar və həsrət içində qıvrıldı. Lakin Azərbaycan xalqının ümidi heç bir zaman itmədi, məhz bu səbəbdən 28 illik əsarətə dözdü, tab gətirdi. Artıq mayın 8-i də öz bədbinliyini itirib. Azərbaycan Xalqı daha Şuşanın işğal gününü xüsusi həssaslıqla da qeyd etməyəcək.

    Doğma torpağın hər qarışı, hər bir şəhər və kəndimiz bizim üçün əzizdir. Amma alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tariximizdə öz yeri var. Şuşa həm də mədəniyyətimizin beşiyidir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Hazırda Şuşanın əvvəlki görkəmini özünə qaytarması, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi üçün sürətli işlər aparılır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilib.

    Prezident İlham Əliyevin Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi bu qədim şəhərin özəlliklərindən qaynaqlanır. Beləliklə, Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu. Şübhə yoxdur ki, Şuşa çox yaxın illərdə nəinki Azərbaycanın, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcəkdir.

    Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə qısa müddətdə Şuşaya iki dəfə səfər edib, Müzəffər Ali Baş Komandan kimi Şuşa şəhərində üçrəngli bayrağımızı ucaldıb.

    İlk səfər zamanı Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyuldu. Prezident Şuşada olarkən bildirdi ki, görkəmli şəxsiyyətlərimizin ermənilər tərəfindən dağıdılan ev-muzeyləri, məqbərələri, eləcə də xan qızı Natəvanın sarayı bərpa ediləcək. Eyni zamanda dövlət başçımızın göstərişi ilə Şuşada vaxtilə keçirilən Vaqif Poeziya Günləri və “Xarı bülbül” festivalı bu ildən bərpa olunacaq.

    Biz hər il mayın 8-ni Şuşanın işğal günü kimi anırdıq. İndi isə bu günü tam fərqli ovqatda, nikbin əhval-ruhiyyə ilə qeyd edirik. Bundan sonra 8 noyabr – Zəfər Gününü bayram edəcəyik.

    Əlbəttə, ermənilərin torpaqlarımızda törətdikləri vandalizmi, 30 illik işğal tarixini də unutmaq olmaz. Bu gün Füzulidən Şuşaya yeni yol çəkilir. “Zəfər yolu” adlanan bu yol Azərbaycan əsgərinin öz qanı-canı bahasına açdığı cığırların izi ilə salınır.

    Düşmənin viran qoyduğu Qarabağımızın yaraları tədricən sağalacaq, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Xalqımız bundan sonra əzəli yurd yerlərimizdə əbədi yaşayacaq.

    Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa işğaldan azad olunan gün – Şəhidlər xiyabanında səsləndirdiyi bu sözlər daima yaddaşlarda yaşayacaq.

    Əziz Şuşa, sən azadsan!

    Əziz Şuşa, biz qayıtmışıq!

    Əziz Şuşa, biz səni dirçəldəcəyik!

    Şuşa bizimdir! Qarabağ Azərbaycandır!

     

    Müəllif: Redaktor, 13:45

İsmarıclar bağlıdır.