Şəhidlər bizim qürurumuzdur. Ömrümüz boyu onlara can borcumuz var. Biz yaşayırıq ölmək üçün, onlar şəhid oldular yaşamaq üçün.
El arasında belə bir deyim var: “Şəhidlər ölü hesab edilmirlər”. Belə ölüm zirvəsi hər kəsə nəsib olan deyil. Hər bir şəhidin Göylərdə müqəddəs yeri var.
44 günlük Vətən müharibəsində də, əvvəlki Qarabağ savaşında da mənfur qonşularımız olan ermənilərin qana batmış əlləri ilə yüzlərlə insanlarımız şəhid olublar. Neçə-neçə ana-bacılar, uşaqlar gözü yaşlı qalıb, ocaqların hərarəti azalıb, ümid çıraqları sönüb. Neçə-neçə oğulların nişan-toy xonçaları bəzənməmiş qalıb, gəlinlik qızların ağ rəngli donları qara rənglə əvəzlənib. Çalınası “Vağzalı”lar susub.
Hər bir şəhid çəkilməz, yaddan çıxmayan, unudulmayan dərdə çevrilib. Nişanlı qızlarımız sevdikləri oğlanları qayıtmadıqları, verdikləri sözləri tutmadıqları üçün etibarsızlıqda günahlandırmağa dilləri gəlmir.
Evoğlu kəndində doğulub, orada boya-başa çatan Ceyhun Hacızadənin cəmi 28 yaşı varıydı. Hərbi xidmətdən sonra böyüdüyü kənddə kiçik bir çayxana açıb orada işləyirdi. Yenicə nişan qoymuşdu. Həm özünün istəyi, həm də valideynlərinin razılığı ilə bibisi qızına nişanlanmışdı.
Qardaşı Xəqani də, bacısı Sevinc də ailə qurub ayrı yaşayırdılar. Ceyhun isə ata-anası ilə birgə qalmışdı. Valideynlərinin tək qalmamaları üçün
kənddən qırağa çıxmamışdı. Gündəlik qazancına şükür edərək, ata-anasına həyət-baca işlərində əl atırdı. Toy edəndən sonra daha xoşbəxt olacaqlarını xəyal edirdi. Atası İfrayıl da anası Qətibə də Ceyhunun qayğıkeşliyindən, ailəcanlığından razıydılar.
Şəhidin ailəsini ziyarət edərkən oxuduğu orta məktəbin direktoru Şahin Hüseynov da Ceyhunun fərqli bir övlad olduğunu bildirdi. Dedi ki, O çox Vətənpərvər, təəssübkeş, hər işin öhdəsindən gəlməyi bacaran bir gənciydi. Qonum-qonşu arasında da, kənd camaatı arasında da hər kəsə hörmət qoyan biriydi. Az yaşı olmasına baxmayaraq kənddə, tay-tuşları arasında xətir-hörmət qazanmışdı. Amma…
Qismən səfərbərlik zamanı Ceyhun da könüllü hərbi xidmətə getdi, ermənilərlə mübarizəyə qoşuldu. Döyüşə qatıldığı on gün deyildi ki, Şəhid olduğu barədə xəbər gəldi. Oktyabrın 6-da Suqovuşan istiqamətində ermənilərin atdığı mina qəlpəsindən kürəyindən yaralandı və həlak oldu.
Ceyhun yaşadığı Evoğlu kənd qəbristanlığında dəfn edildi. Arzuları da özü ilə bərabər dəfn olundu.
İndi Ceyhunun yaşadığı evdə bir otaq bəzədilib-”Bəy otağı”. Amma, orada özü deyil, Şəhid Ceyhunun nişanəsi olan paltarları, əşyaları, şəkilləri, bir də onu yaşadacaq xəyalları məskunlaşıb.
Onu da deməyi özümə borc bilirəm ki, Ceyhunun qardaşı Xəqani də 7 ildir ki, Orduda xidmət edirdi. Ailə vəziyyəti ilə əlaqədar yenicə tərxis olunub.
Ceyhun Hacızadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Yazıların müəllifi Elfuzə Vəliyevadır