ŞƏRQ İNTİBAHININ ZİRVƏSİ NİZAMİ GƏNCƏVİ
Qədim Gəncədə dünyaya göz açan Azərbaycan şairi, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Nizami ömrü boyu bu şəhərdə yaşamışdır. Nizami təhsilini Gəncə mədrəsələrində almışdır. Ərəb və fars dillərini mükəmməl bilirdi.
Nizami təvazökar, əməksevər, gözütox, başqaları ilə mülayim rəftar edən insani ləyaqət sahibi hesab edir, hamını belə olmağa səsləyirdi. Onun lirik şeirlərində zülmə, haqsızlığa, ədalətsizliyə dərin nifrət və etiraz var idi.
Nizami Gəncəvi lirik şeirlərin, “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir. Nizami Gəncəvidən sonra Şərqin bir çox böyük şairləri onun təsiri ilə Xəmsələr yazmışlar.
Orta əsrlər Şərqinin yetişdirdiyi ən böyük şairlərdən olan Nizami Gəncəvinin yaradıcılığına aid hər bir nümunə özlüyündə böyük bir tarixi dövrün çatışmazlığını ortaya çıxaran təhlildən ibarətdir.
Sirr deyil ki, onun poemaları ədəbi tarixə yeni nəfəs gətirib. Bu səbəbdən Ulu Öndər Heydər Əliyevin himayəsi ilə 2002-ci ildə “Xəmsə”nin yenidən bərpasına başlanılıb. Hesab edirəm ki, bu ilin “Nizami Gəncəvi İli”
elan edilməsi yeni tarixi qələbəmizin fonunda təkcə bədii deyil, həm də siyasi cəhətdən önəm daşıyır.
Qeyd etdiyim kimi, klassikin əsərlərində təbliğ edilən ideyalar bu gün də öz aktuallığını qoruyur və bu gün yaşanan hadisələrə sanki bir güzgü salır. Misal üçün, “İsgəndərnamə” poeması onun ideal, ədalətli və bərabər cəmiyyət konsepsiyasında insan haqları ideyasının təcəssümüdür. O, sonuncu poemasında yaradıcılığı boyu əsas götürdüyü ədalətli, humanist, peşəkar hökmdar obrazını, nəhayət, İsgəndərin timsalında zirvəyə çıxara bildi. Şair hesab edirdi ki, yalnız yüksək insani keyfiyyətlərə malik olan şəxs dövlət idarə edə bilər. Bu baxımdan əsərin aktuallığının müasir dövr və şəxslər üzərində təzahürünü görmüş oluruq.
Məsləhətə möhtacdır ədalət hər bir zaman,
Xalqa zülmün amansız cəzasından dad, aman.
Can yandırsan orduna, məmləkətə, yurduna,
Arxalana bilərsən öz xalqına, orduna.
Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni,
Ədalət səadətlə abad eylər ölkəni.
Nizaminin əxlaq və əxlaq tərbiyəsi ilə bağlı dəyərli fikir və ideyaları, hikmətli sözləri bütün dövrlərdə insanların mənəvi tərbiyəsində önəmli rol oynayıb. Hətta Höte dahi şairin əsərlərindəki bu cəhəti yüksək qiymətləndirərək yazırdı ki, Nizaminin əxlaqi məsələlərə həsr edilmiş əsərlərində bədii bir səmimilik var.
Onun yaradıcılığında əxlaqi görüşlərlə paralel olaraq estetik tərbiyə ideyası da irəli sürülüb. Nizamiyə görə insanın zahiri, hərəkətləri, sözü və əxlaqı da gözəl olmalıdır. Eyni zamanda, onun üçün söz həm də sufi ənənələrinə uyğun olaraq peyğəmbərin sözüdür, çünki sufi üçün poeziya – peyğəmbərin dini ibadəti deməkdir. Sufizm də özünün mütərəqqi ideya və motivləri ilə Nizami üçün cəlbedici fikir qaynağı olub desək yanılmarıq. Şair bu qaynağa biganə qalmamış, sufi ideya və motivlərindən istifadə etmişdir. Lakin sufizmdən yaradıcı şəkildə bəhrələnib.
Şərq intibahı zirvəsi sayılan Nizami Gəncəvini müasir dövr dili ilə həm də tolerant adlandıra bilərik. Çünki onun üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi tamamilə rədd edən şairin əsərlərində bunu açıq şəkildə görmək olur. Onun qəhrəmanları içərisində türk, fars, hind, ərəb, çin, zənci, yunan və s. xalqların nümayəndələrinə də rast gəlirik. Humanizm prinsipini əsas götürən şair müxtəlif dinlərə mənsub bu obrazların heç birinin milliyyəti, yaxud dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xoşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.
Həmişə dünyada yaxşılıq axtar,
Yaxşı ad almaqla əbədiyyət var.
Yaxşı ad almışla yaxşı ol müdam,
Yoxsa axır özün olarsan bədnam.
Nizami Gəncəvi həm də vətənpərvər şəxs idi. O, təsvir etdiyi bütün hadisələri vətəni Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışıb. Onun vətən məhəbbəti yaradıcılığında doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.
Nizami yaradıcılığındakı şər qüvvələr, nankor qonşular, zülmkar, xəyanətkar obrazlara nəzər saldıqda düşünürsən ki, sanki dahi şəxsiyyət bütün bu obrazları bugünkü Azərbaycanı düşünərək yazıb. Yaradıcılığındakı hər bir nümunə–istər poemalar, istərsə qəzəlləri və divanı əsrlər keçsə də, öz mahiyyətini itirməyərək aktual qalıb.
Dünyanın işini yaxşı düşün sən,
Nə əksən onu da sən biçəcəksən.
Yaxşı iş də görsən, pis iş də, inan,
Unutmaz onları bu qoca dövran
Pərvanə Hüseyinzadə,
Şamil Əhmədov adına Düyərli kənd ümumi orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi