Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07May

    Çalış öz xalqının işinə yara,
    Geysin əməlinlə dünya zərxara.

    Bu hikmətli sözlərin müəllifi dahi Azərbaycan şairi Nizami Gəncəvidir. Dünyada və vətəni Azərbaycanda Nizami Gəncəvi kimi tanınan dahi şairimizin adı İlyas, atasının adı Yusif olmuşdur. 1141-ci ildə oktyabr ayının 20-də qədim Gəncə şəhərində dünyaya göz açmışdır. Azərbaycan Atabəyləri adlandırılan Eldənizlər dövləti tərəfindən idarə olunan Gəncə şəhəri o dövrdə sürətlə inkişaf edirdi. İpək yolunun da bu şəhərdən keçməsi Gəncənin mədəni inkişafına xeyli təsir göstərmişdir.
    Nizami Gəncəvinin həyatı, yaradıcılığı haqqında məlumatları yalnız onun əsərlərindən almaq olur. Nizami bütün həyatını Gəncədə keçirmişdir. Dini və dünyəvi elmləri dərindən mənimsəmişdir. Nizami dövrünün tanınmış alimlərindən idi. Ərəb və fars dillərini mükəmməl bilirdi. Dayısı Xacə Ömər zəmanəsinin nüfuzlu adamlarından biri idi. O, Nizaminin təlim-tərbiyəsi ilə ciddi məşğul olmuşdur.
    Nizami Gəncəvi ömrü boyu hökmdarların himayəsindən üz döndərmişdir. Başqa qaynaqlardan məlum olur ki, Nizami Gəncəvi humanist, müdrik, gözütox bir insan kimi də sağlığında müasirləri tərəfindən yüksək qiymətləndirilmişdir.
    Mənbələrdən məlum olduğuna görə, Nizaminin Məhəmməd adlı oğlu da olmuşdur.
    Nizami Gəncəvi yaradıcılığa lirik şeirlə başlamışdır. Onun yaradıcılığından günümüzə 120 qəzəl, 30 rübai, 6 qəsidə qalmışdır. Nizami Gəncəvi Azərbaycan ədəbiyyatına onu dünyada tanıdan “Xəmsə”ni bəxş etmişdir. “Xəmsə”nin mənası “beşlik” deməkdir. “Beşliy”ə Nizami Gəncəvinin beş böyük poeması daxildir. “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”.
    Nizami Gəncəvinin ilkin Şərq intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri, ictimai- siyasi, mənəvi-əxlaqi ideyaları öz əksini tapmışdır.
    Nizami üçün şəxsiyyətin ən gözəl meyarı insanlıqdır. Nizami Gəncəvi həm də vətənpərvər şair idi. O təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə çalışırdı.
    Nizami Gəncəvi əsərlərini fars dilində yazmışdır. O, türk dilində yazmamasını “Leyli və Məcnun” əsərində özünə nöqsan tutmuşdur.
    Nizami Gəncəvi doğma xalqının mənəvi gözəlliklərini sonsuz məhəbbətlə tərənnüm edirdi. Bununla bərabər başqa xalqlar barədə də hörmət və ehtiramını gizlətməmişdir.
    Nizami Gəncəvi dünyəvi şairdir. Onun yaradıcılığında təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, Qərb ədəbi-mədəni dəyərləri də öz əksini tapmışdır.
    Bəşər bədii fikrinin incisi sayılan dahi Nizami irsi 8 əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsidir. Məhz bu səbəbdən prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi İli” élan olundu. Bu dahi şarimizin irsinin bu gün də öyrənildiyini, onun yaradıcılığından örnək alacağımız çox mətləblərin olduğunu göstərir.

    Döyüşdən yaxşıdır barışıq, şəfqət,
    Biri dərd gətirir, biri səadət.
       *                   *                *
    Məmləkətin dayağı ədalətdir hər zaman,
    Ədalətin nəsibi səadətdir hər zaman.

    Nizami yaradıcılığı yüzillər boyu maraqla oxunmuş, araşdırılmış, başqa dillərə tərcümə edilmiş, insanların rəğbətini qazanmışdır. Buna səbəb isə intibah dövrünün böyük sənətkarı olan Nizaminin milli və bəşəri dəyərləri öz humanist ideyaları ilə zənginləşdirilməsidir.

                                                                                                                 Nailə Nəsibova,
                                                                                              Poladlı kənd ümumi orta
                                                                                                          məktəbin müəllimi

    Müəllif: Redaktor, 08:25

İsmarıclar bağlıdır.