Moda elə bir aləmdir ki, insanı çirkinləşdirə də bilər, gözəlləşdirə də… Amma zövqlü geyim hər vaxt insanda musbət enerji, xoş hisslər yaradır…
Çox insanın fikrinə görə, moda insanın özünə yaraşanı geyinib ortalığa çıxmasıdır. Hər il dəb yenilikləri ortaya çıxır və bu yeniliklər özünü ilk növbədə rənglərlə büruzə verir. Əgər bir insana yaraşan rəng yaşıldırsa və o, modaya uyğun olaraq qırmızı geyinirsə (hələ stilini demirəm), uyğunsuzluq bir tərəfə qalsın, gülüş hədəfinə çevrilmək narahatlıq yaradır. Bunun üçün nə etməli?
Modanın axarına uyub gülünc vəziyyətə düşməkmi, yoxsa…Qeyd edək ki, rənglər hər bir insanın konkret hansı xarakterə sahib olmasını ortaya çıxarır. Bəs nə etmək lazımdır ki, geyim həm dəbli, həm də zövqlü olsun.
Dəbi izləyin, amma ona uymayın. Hər zaman pulunuzu geyimə xərcləməyin. Bundan 2-3 il əvvəl pijamaya oxşayan gündəlik geyimlər birdən-birə sıçrayışla dəbdə oldu. Bütün şəhər pijama geyindi. Amma bunun ömrü 2 ay çəkdi və həmin o pul da batdı. Siz pulu ağ dəri gödəkcəyə xərcləsəydiniz, illərlə geyinə bilərdiniz. Özünüzə yaraşanı dəb halına gətirin.
Bilirsiniz, dəb indi elə bir hala gəlib ki, çox özbaşına olub. Əvvəllər kəskin qaydaları var idi ki, hər kəs buna riayət etməli idi. Məsələn, kəmərlə ayaqqabı, eləcə də çanta eyni rəngdə olmalıdır. İndi belə bir şey yoxdur. Tez-tez gündəlik həyatımızda hündürdabanlı ayaqqabılardan istifadə edirdik. İndi klassik idman stili olan geyimlə qarışdırmışıq. Yəni dəb artıq insanlara sərf edəcək hala gəlib. Belə desək, dəb ömrünün ən rahat illərini yaşayır. Qışda sandal geyinmirdik, amma indi uzunqollu geyimlərlə biz sandalı kombinə edirik. Eləcə də qışda ağ rəng geyinməzdik, amma indi gündəlik qış paltolarımızı da kombinə edə bilərik.
Büsbütün ağ, qırmızı rənglə geyinməklə dəbli görünmək olar.
Geyim tərzi çoxdur – klassik, idman və s. Bəzən deyirlər ki, filankəs həmişə eyni geyinir, ona yaraşdığı üçün bu geyim tərzini tərk etmir.
Əgər ilin dəbi göy rəngdirsə, onu özünüzə uyğun olan rəngdə dəbdə olan stillə tikdirə bilərsiniz. Əgər sizə mövcud rəngdəki geyimin klassik forması yaraşmırsa, onu idman və digər tərzlərdə sınayaraq sizə uyğun olub-olmadıgını yoxlaya bilərsiniz.
Redaksiyadan: Yuxarıda qeyd etdik ki, ifrat moda insanı gülüş obyektinə çevirir. Bu əsasən xanımlarımıza aiddir. Bəzən yaşlı bir qadın elə formada geyinir ki, adamda ikrah hissi oyadır. Bədəninə uyğun olmayan dar şalvar və köynək geyinərək, kosmetikadan ifrat istifadə edərək özünü klon vəziyyətinə salır.
Tərtərdə də belə xanımlar az deyil. Dediklərimizə inanmaq üçün şəhər bazarının qarşısında dayanıb, müşahidə aparmaq kifayətdir. “Gözəllik ondur doqquzu dondur” deyimini heç vaxt yaddan çıxarmaq lazım deyil