Ailə hər bir cəmiyyətin özəyi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Ailə bir sistem olaraq özündə çoxtərəfli münasibətləri ehtiva edir. Bu, ayrı-ayrılıqda həm valideynlər, həm də övladlar arasındakı münasibətləri, həmçinin valideyn-övlad münasibətlərini ifadə edən, nənə və babaların, müxtəlif nəslin nümayəndələrinin, qohumların da daxil olduğu geniş bir sistemdir. Müasir dünyada ailə institutu sosial, mədəni və siyasi dəyişiklikləri əks etdirən dinamik sosial təsisat kimi çıxış edir. Bu səbəbdən zamanın çağırışlarına uyğun olaraq ailə institutunun funksiyalarına mütəmadi yeni elementlər daxil olur.
İnsan sosial varlıqdır, onun dünyaya gəlməsi, fərd kimi yetişməsi üçün isti bir ailənin mövcudluğu mütləqdir. Fərdin şəxsiyyətə çevrilməsi üçün də ailə ilkin mərhələdir. İnsan yaşadığı cəmiyyətin dəyərlərinə hörmət etməlidir.
Azərbaycan ailəsində də kişi başçı, ailənin iqtisadi dayağıdır. O, qərarverici, idarəedici, nəzarətedici kimi funksiyaları yerinə yetirir. Lakin məsuliyyətin ağırlığı əsasən qadının çiyinlərinə düşür. Qadının dözümü və müdrikliyi ailəni qoruyur. Azərbaycan qadını bu milli xüsusiyyəti – güzəştə getmək bacarığı, fədakarlığı ilə Avropa qadınından çox fərqlənir.
Ailə dəyərlərimizi xarakterizə edərkən burada övlad sevgisinin xüsusi önəm daşıdığını görürük. Azərbaycan ailəsində övlada olan sevgi bəlkə də dünyanın heç bir xalqı ilə müqayisə olunmayacaq qədər güclüdür. Zənnimizcə, Azərbaycan ailəsinin üzunömürlüyünün əsas səbəblərindən biri də budur. Ailənin yaşaması üçün iqtisadi dayaq önəmli olsa da, təkcə pul, mövqe, gözəllik kimi amillər onun varlığı üçün kifayət etməz. Çünki maddi elementlərin heç biri daimi deyil, ailənin gerçək bir ailə olması üçün burada mənəvi dəyərlərin hakim olması mütləqdir. Ailə birgə yaşayışın ilk modeli olaraq xoşbəxtlik qaynağı, millətin həyati baxımından müqəddəs bir dəyər və təməldir. Bu təməlin düzgün qurulması, bu dəyərin yaşadılması üçün müasir Azərbaycan ailəsi həm novator, həm də konservator olmalıdır. O, zamanın sınaqlarından keçib bu gün də mövcud olan ailə dəyərlərimizi mühafizə etməli, yaşatmalı, böyüyə hörmət, kiçiyə diqqət, mərhəmət kimi amilləri üstün tutmalıdır. Eyni zamanda, demokratik prinsipləri qavramalı, zamanın, dövrün nəbzini tutub müsbət ənənələrimizə zərbə vurmayacaq yenilikləri qəbul etməli, fərdlərin müstəqil düşüncə tərzinə, seçiminə qadağalar qoyulmamalıdır.
Ailə bütün dövrlərin və bütün cəmiyyətlərin aktual problemləri hesab edilir. Bu baxımdan, ailə anlayışına olan maraq daimi və kütləvi xarakter daşıyır. Bu da təsadüfi deyil. Belə ki, hər birimiz bir ailədə dünyaya göz açmışıq, böyümüşük, boya-başa çatmışıq. Hər birimiz bir atanın, bir ananın övladıyıq. Eyni zamanda, bizim sıralarımızda ailə quran hər bir kəs – həm kişilər, həm də qadınlar ailə qayğısını bölüşür və ailə məsuliyyətini öz üzərində hiss edir. Bu mənada, nəsillər, dövrlər yeniləşdikcə, dəyişdikcə, bir müddət əvvəl körpə, uşaq, daha sonra yeniyetmə, gənc olanların çoxu zamanı çatanda öz daimi tərəf müqabilini, həyatın enişli-yoxuşlu yollarında birgə addımlamaq istədiyi ömür-gün, həyat yoldaşını seçir, öz ailə ocağını qurur. Dünən atanın, ananın çəkdiyi qayğını bu gün onların oğlu, qızı çəkir… Nəsillər, dövrlər bir-birini əvəz etdikcə sanki həyat yenidən başlayır. Ailəni çox zaman obrazlı şəkildə “kiçik dövlət” adlandırır, onu cəmiyyətin, dövlətin mövcudluğunun və tərəqqisinin təməli, məhək daşı hesab edirlər. İnsanın müasir həyat tərzinin ahəngdarlığına, siyasi, iqtisadi, hüquqi və s. təsisatlarının rəngarəngliyinə baxmayaraq, demək olar ki, hər bir sosial-tarixi cəmiyyət tipində ailə özünəməxsus sosial bütövlük, necə deyərlər, cəmiyyətin sabit özülü, “nüvəsi” kimi çıxış edir. Müasir şəraitdə ailəni cəmiyyətdən, dövlətdən, ictimai-siyasi münasibətlər sistemindən kənarda təsəvvür etmək mümkün deyildir. Digər tərəfdən isə, bu özünəməxsus mövcudluq inkişaf və fəaliyyət qanunauyğunluqları olan kiçik qrupdur. Bu heç də sirr deyil ki, ailə təsisatı nikah təsisatı ilə sıx şəkildə bağlıdır. Bu həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə çoxsaylı qarşılıqlı öhdəliklər və vəzifələr deməkdir. Ailədə tərəf müqabili olan hər bir qadın və kişi bu münasibətlər çərçivəsində məhz ailə həyatına, ailə qayğısına olan ehtiyacın, tələbatını ödəməyə can atır. Öncə qeyd edildiyi kimi, bu münasibətlər çərçivəsində valideyn – uşaq, ailə – yaxın qohumlar, gəlin – qaynana, kürəkən – qaynata və bu qəbildən olan digər münasibətlər forması spesifik məzmun və məna kəsb edir. İstənilən ailənin əsasını müəyyən bir nikah cütlüyü, obrazlı şəkildə deyilsə, bir kişi ilə bir qadın arasında özünəməxsus şəkildə yaranan ittifaq təşkil edir. Eyni zamanda, müasir dövrdə münasibətləri rəsmi dövlət nikahı ilə tamamlanan ailələrlə yanaşı, nikahsız yaşayan və ya yalnız dini nikahla yaşayan ailələrə də geniş təsadüf edilir. Bu sahədə aparılan tədqiqatlar göstərir ki, son illərdə nikahsız yaşayan ailələrin, sayı nəzərə çarpacaq dərəcədə artmışdır. Bu hadisə hazırda, inkişaf etmiş ölkələr üçün xarakterik hal sayılır. Sosioloqlar və psixoloqlar belə bir xarakterik cəhəti müşahidə etmişlər ki, bu ölkələrdə əhalinin, xüsusən gənc nəslin ailə qurmaq, rəsmi nikaha girməyə olan marağı getdikcə azalır.
Azərbaycan ailəsi uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada ən yaxşı modellərdən biridir. Dövlət bu modelin qorunub saxlanılması üçün müxtəlif siyasi proqramlar hazırlayır, sosial layihələr həyata keçirir. Azərbaycanda ailə dəyərləri, reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı mövzular ümumi təhsil üzrə müvafiq dərsliklərə daxil ediləcək. Bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nda əks olunub. Ailənin inkişafı və sosial təminatı, qadın və uşaq hüquqlarının müdafiəsi, gənc ailələrə mənəvi dəstək prinsipləri həmin Konsepsiyaya əsasən Azərbaycan Ailəsi Strategiyasının, Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının, Ailə Psixoloqu İnstitutunun hazırlanması nəzərdə tutulur. Respublikamızda cəmiyyətə layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında məqsədyönlü işlər aparılır.
Bu istiqamətdə də Tərtər rayonunda da ardıcıl tədbirlər hazırlanıb həyata keçirilir. Ailələrin möhkəmliliyinin təmin olunması üçün hər bir müvafiq qurum öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır.
Züleyxa Mustafayeva,
Tərtər rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən
-
30Apr
Müəllif: Redaktor, 08:23