Xalqımızın mədəniyyət, incəsənət, xüsusilə musiqi sənətinə dahilər bəxş etmiş Şuşa şəhərinin azad olunması, orada Azərbaycan bayrağının dalğalanması hər bir azərbaycanlıda xüsusi qürur hissi oyadır. Məhz Zəfər tariximizin də Şuşanın azad olunduğu gün ilə qeyd edilməsi buna sübutdur. Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Füzuli, Cəbrayıl, Ağdam, Qubadlı, Zəngilan rayonlarına səfərindən sonra Şuşaya səfəri bir sıra layihələrin təməllərinin qoyulması baxımından daha çox maraq kəsb etdi.
Azərbaycanın mədəniyyət paytaxtı elan etdiyi Şuşa şəhərinə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir : “Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Azərbaycan dövləti Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndləri, bütün tarixi abidələri bərpa edəcək. Şuşanın bərpası planlı şəkildə aparılacaq, Pənahəli xanın şəhərinin tarixi ruhu qorunacaq”. Şuşanın bərpası üçün baş plan hazırlanır. Bütün binaların təftişi aparılıb. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək. Abidələrin əsl siması özlərinə qaytarılacaq.
Şuşa şəhərinin Azərbaycan hərbçilərinin böyük qəhrəmanlığı, peşəkarlığı, milli ruhu sayəsində işğaldan azad edilməsini qeyd edən ölkə başçısı 44 günlük Vətən müharibəsinin hər bir gününün zəfər günü olduğunu söylədi. Şuşa şəhərində mədəni abidələrin məhv edilməsini təəssüflüklə qeyd edən Prezident İlham Əliyev alınmaz Şuşa qalasının işğalında müstəsna günahı olan AXC-Müsavat cütlüyünün tarixdəki mənfi rolundan danışdı: Şuşanın, Kəlbəcərin, Laçının, bütün ətraf bölgələrin işğal edilməsi, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılması Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin günahıdır.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı. Separatçı rejiminin nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanıyıb Dağlıq Qarabağda öz səfirliyini açsa. Prezident çıxışlarının birində demişdi ki, ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Bu sözlər də artıq reallığa çevrilib.
Mədəni abidələrimizlə yanaşı dini abidələrimizi, müqəddəs məscidlərimizi də dağıdan, onlara qarşı təhqiramiz hərəkətlər edən ermənilərin əməlləri ümumbəşəri bir cinayətdir. Bütün bu hərəkətlər erməni rəhbərliyinin iç üzünü nü-mayiş etdirir. Paşinyan və ailə üzvləri, daha əvvəllər isə Sarkisyan, Koçaryan və digər xunta üzvləri Şuşaya hərbi əsirləri işgəncə etmək, büst oğurlamaq, talan üçün gəlirdisə, Azərbaycan rəhbərliyi quruculuq üçün gedir. Həm məscid, həm kilsəni ziyarət etməklə Prezident dünyaya tolerantlıq, gələcək birgəyaşayışın mümkünlüyü barədə mesajlar verdi.
44 günlük Vətən müharibəsini Azərbaycanın haqq savaşı adlandıran Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki : “Haqq-ədalət güc, iradə, siyasət, birlik hesabına zəfər çaldı! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan! Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır” !