Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 26 aprel tarixində BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışı zamanı bir neçə məsələni özündə ehtiva edən geniş çıxışı olmuşdur. Cənab Prezident çıxışında əsas olaraq COVİD-19 pandemiyasına qarşı mübarizədə əldə olunan uğurlardan və mövcud problemlərdən, eyni zamanda ermənistan-Azərbaycan arasında illərdir davam edən və nəhayət 44 günlük Vətən müharibəsi nəticəsində sonlandırılan Dağlıq Qarabağ məsələsinə diqqət çəkmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışında ilk olaraq bildirmişdir ki, dünyada COVİD-19 pandemiyasının tüğyan etdiyi bir dövrdə yaşayırıq. Bu bəla artıq 2 ilə qədər bir müddətdir ki, dünya əhalisinin demək olar ki hamısının gündəlik həyatda rastlaşdığı və haqqında müzakirələr apardığı bir mövzuya çevrilib. Bu gün dünya ölkələri və beynəlxcalq təşkilatlar səviyyəsində bu bəladan qurtulmağın yollarını axtarır və ona qarşı hər hansısa yolnan mübarizə aparmağa çalışır. COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoymuşdur. Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmağa başladı. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edildi. Əhalinin sağlamlığının maksimum qorunmasdı məqsədi ilə Azərbaycanda vaksinasiya yanvar ayından etibarən başlanıldı. Bu günədək 1,4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalinin 14 faizini təşkil edir.
Bu bəladan qorunmağın yollarını müzakirə etmək məqsədi ilə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Ölkəmizin təşəbbüsü ilə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir. Həmin sessiyada Prezident İlham Əliyev çıxış edərək vaksinlərin ölkələr arasında ədalətsiz bölgüsü qlobal təhdid yaradan tendensiya olduğunu dünya dövlətlərinin diqqətinə çatdırmışdır. Bildirmişdir ki, “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Bu da digər dövlətlərin vaksinə əlçatanlılığının qarşısını almışdır. Pandemiya ilk dövründən başlayaraq onunla qlobal mübarizədə Azərbaycan fəal mövqe nümayiş etdirib. Yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir. Azərbaycan koronavirusla bağlı əksəriyyətinin ən az inkişaf etmiş olduğu 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.
Daha sonra ölkə rəhbəri Qarabağ məsələsinə diqqət çəkərək Azərbaycan xalqı tarixi ədaləti özü bərpa etdiyini qeyd etmişdir. Bildirmişdir ki, Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrimizi və dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başlamışdır. Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir. İlham Əliyev çıxışında bəzi ölkələrə qarşı tətbiq olunan “ikili standartlar” siyasətinin dünyanın dayanaqlı inkişafı üçün təhdidlər yaratdığına diqqət çəkərək, Azərbaycan ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edib. “Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin dəfələrlə şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Ancaq Azərbaycan Ermənistanın işğalçı siyasətinə son qoyaraq, Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın Ermənistan tərəfindən işğalına son qoymuşdur”. Dünya ictimaiyyəti bu cür ikili standartlara son qoyaraq işğal nəticəsində bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin salınmasına göz yummalı olduğu halda düşmən ölkəyə dolayı yollarla dəstək göstərirdilər və bu gündə bu dəstək bəzi ölkələr tərəfindən davam etdirilir. Buna baxmayaraq Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın etməyi bacardı. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edildi. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır. Bu gün həmin ərazilər erməni faşizminin şahididirlər. İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilmişdir. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırırlar. Ermənistan qəsdən mədəni və dini abidələrimizi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. 60-dan artıq məscid Ermənistan tərəfindən dağıdılmışdır. Məscidlər inək və donuzların saxlanılması yerlərinə çevrilmişdir.
Bu cür dağıntılara və vandalizmə məruz qalmış ərazilərimizdə dayanıqlı sülh və təhlükəsizliyi təmin ediləcəkdir. 30 illik işğalın sona çatması nəticəsində Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində işlər həyata keçirilir. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Bundan başqa işğaldan azad olunmuş, Lüksemburqdan dörd dəfə böyük olan ərazidə müasir layihələr icra olunacaq və irimiqyaslı yenidənqurma işləri aparılacaqdır. Hazırda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifənin həyata keçirilməsi yolunda işlər aparılır. Bu yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaqdır.