Türkiyə və Azərbaycan tarixin müxtəlif mərhələlərində bir-birlərinə dəstək nümayiş etdirmişlər və bu proses indi də davam edir. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı mövqeyinə dair bəyanat yayıb. Siyasi partiyaların sözügedən bəyanatı Azərbaycan-Türkiyə münasibətlərinin dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslandığını göstərir. Bu dəstək əsl qardaşlıq nümunəsi kimi dəyərləndirilir və “İki dövlət bir millət” prinsipinin təcəssümüdür. Bəyanat Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən imzalanmışdır. Bəyanatda siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirmiş və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləmişlər.
Bəyanatda qeyd olunub ki, tarixi saxtakarlıqlar üzərində qurulmuş erməni dövlətçiliyi bütün dövrlərdə müxtəlif
təxribatlara əl atıb. Onilliklər ərzində erməni təbliğat maşını və onun havadarları Osmanlı imperiyasında ermənilərə qarşı soyqırımı törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstərib.
Həqiqət isə odur ki, Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çoxlu sayda erməni həyatını itirib. Lakin məqsədyönlü şəkildə unudulur ki, həmin dövrdə ermənilərdən daha çox türklər həlak olub.
Əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və iş bu sahədə ixtisaslaşdırılmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir. Türkiyə öz arxivlərini tarixçilərə açmağa hazır olduğunu dəfələrlə bildirib və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini irəli sürüb.
Rəsmi İrəvanın məkrli siyasətinin arxasında onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi kimi cəfəng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir.
Ermənistanın tarixi faktların saxtalaşdırılması və ekspansiya siyasəti yalnız qardaş Türkiyəyə qarşı deyil, uzun illər ərzində Azərbaycana qarşı da həyata keçirilib. Təkcə 1918-ci ilin mart soyqırımı zamanı 12 mindən çox türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. XX əsrin digər faciəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində amansız cinayət törədildi. Baş vermiş bu faciələr təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Aqressiv erməni siyasətinin bariz təcəssümü olan bu cinayətlərin uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almaması ikili siyasətin təcəssümüdür.
Son dövrlər qondarma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarı təkcə Ermənistan və erməni lobbisi deyil, həmçinin regionla bağlı imperialist maraqlar güdən qlobal güclərdir. Qondarma “erməni soyqırımı” anlayışı yalnız siyasi təzyiq alətidir və ikili standartlar siyasətinin təzahürüdür. Yaxşı olardı ki, “tarixi həqiqətlər axtarışı”nda olan qüvvələr erməni millətçilərindən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabını istəyərdilər.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar hər zaman qardaş Türkiyənin yanında olduqlarını bildirir və xəstə erməniçilik idealları bəsləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirlər. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir.