DİNİ KƏBİN VACİBDİRMİ?
Bütün İslam ölkələrində olduğu kimi, Azərbaycanda da rəsmi dövlət nikahı ilə yanaşı dini kəbin anlayışı da var. Təbii ki, ölkəmizdə nikahın rəsmi dövlət qeydiyyatına alınması tərəflərin ər-arvad olduğunu hüquqi baxımdan təsdiq edir.
Bir çoxları dini kəbinin vacib olmadığını, əsas zəruri olanın rəsmi dövlət nikahı olduğunu desə də, bunun əksini düşünüb hər iki nikahı kəsdirənlər də var. Bəzən isə sadəcə dini kəbinlə kifayətlənən qadınlar gələcəkdə müxtəlif problemlərlə üzləşirlər.
Maraqlıdır, doğrudanmı dini kəbin rəsmi dövlət nikahı qədər vacibdir və onu kəsdirməmək günah sayılır?Ümumiyyətlə, kəbinin mahiyyəti nədir, kəbin oxunarkən hansı sözlər deyilir?
“İmam Hüseyn” məscidinin axundu, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül kəbinsiz yaşamağın zina hesab edildiyini demişdir.
“Kəbin kəsdirmək üçün hər iki tərəfin – qızın və oğlanın razılığı olmalıdır. Hər iki tərəfin valideynləri də bizə müraciət etməlidir. Kəbin kəsmək üçün qızdan və oğlandan kəlmeyi-şəhadəti bilib bilmədikləri soruşulur. Əgər bilmirlərsə də, öyrədirik və təkrar edərək kəbin kəsilir. Kəbin dövlət nikahından da vacibdir. Dini kəbin kəsdirməyin qiyməti yoxdur. Kim nə qədər istəsə verə bilər. Hörmətlərinə görə axund öz zəhmətini halal edə bilər. Əgər iki gənc kəbinsiz yaşasa, dövlət qeydiyyatı olsa belə, zina sayılır”.
İlahiyyatçı Bəhruz Camal isə dini kəbinin vacibliyini anlamayan insanda bunun qüsur sayılmadığını bildirmişdi:
“Bütün İslam ölkələrində din dövlətdən ayrıdır, sekulyar idarəetmə üslubuna malikdir. Belə dövlətlərdə həm rəsmi nikahlar, həm də müsəlman olduğumuza görə şəriət hökmləri baxımından kəbin mövcuddur. Dini kəbinin mahiyyəti Allah dərgahında hansısa qadın və kişini Allahın şahidliyi əsasında ər-arvad elan etməkdən ibarətdir. Əqd sözünün mənası düyün deməkdir. Mehriyyə deyilən bir rüsum var. Bu qadınların hüququdur ki, müəyyən məbləğ, hansısa əşya o qadının haqqıdır və onu özü təyin edə bilər.
Həmin miqdar ya hansısa əşya kişinin boynunun borcudur. Necə ki, rəsmi nikah ər-arvadın rəsmiyyətini tanıyır və rəsmi şəkildə hər hansısa qadın və kişini ər-arvad elan edirlərsə, dini kəbinin də mahiyyəti ilahi dərgahda hansısa qadının və kişinin Allah dərgahında da ər-arvad olduğunu göstərməkdir. Buna görə də İslam ölkələrində dövlət nikahlarından əlavə el arasında deyilən ya imam nikahı, ya dini kəbin də əhəmiyyətinə görə zəruridir”.
Kəbinin geri oxunması, yəni talağ məsələsinə gəlincə isə ilahiyyatçı bunun da müəyyən şərtləri və öhdəlikləri olduğunu demişdi:
“Talağ məsələsi İslamda çox həssas məsələdir. Çünki hədislərimizdə də qeyd edilib ki, talağ edən şəxs Allahın dərgahını silkələmiş kimi hesab olunur. Yəni Allahın özü də talağı bəyənmir. Talağda da müəyyən öhdəliklər var. Bəzi şəriət qaydalarında boşamaq hüququ kişinin üzərindədir. Kişi xanımını boşamayınca xanım bo-şana bilməz. Amma əlbəttə ki, müəyyən şərtlər çərçivəsində.
Adətən xanımlar psixoloji cəhətdən hər məsələdə emosional təpki göstərib boşanmaq zərurəti olmayan bir yerdə də boşanma iddiası irəli sürə bilərlər. Bu baxımdan talağ hüququ kişinin öhdəsindədir. Amma bu, o demək deyil ki, ümumiyyətlə, ailə məsuliyyətini öz üzərinə götürməyən kişi ilə xanım bir damın altında yaşamağa məcbur deyil. Bəzi istisna hallarda qadın özü də talağını tələb edə bilər. Qadın öz böyüyü ilə bunu iddia edə bilər”.
Əgər kişi kəbinin mahiyyətini anlamırsa və yalnız rəsmi dövlət nikahı ilə kifayətlənmək istəyirsə, bunun haram sayılmadığını deyən ilahiyyatçı dini kəbini istənilən vaxt kəsdirməyin mümkün olduğunu söyləmişdir:
Azərbaycan kimi ölkələrdə din alimlərinin nəzərinə görə əgər bir şəxs dini kəbinin vacib olduğunu bilmirsə, ancaq dövlət nikahı ilə evlənirsə, o adam günah etmiş sayılmır. Amma dini nikahın zəruri olduğunu anladığı vaxt həmin anladığı andan dini nikahını oxutdura bilər. Ölkəmiz müsəlman ölkəsi olduğu üçün insanlarımız bu qaydalardan xəbərdar olmalıdır.