Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Apr

                                                                   YARIMÇIQ QALMIŞ ARZULAR

    Şəhidlərimiz haqqında yazmaq olduqca çətindir. Hər biri barədə yazanda o acını yaşamaq gərəkdir. Düşündükcə onların ölümlə nəticələnən acı talelərinin şahidi oluram. Hamısı Vətən, Torpaq, Namus, Qeyrət uğrunda şirin canlarından keçərək, ömürlərini, arzularını yarımçıq, doğmalarını gözü yaşlı qoyublar. Zəhmətkeş, öz alın təri ilə dolanan ailələrin övladları olub bir çoxu.
    Belə şəhidlərimizdən biri də Məhərzadə Taleh Oqtay oğludur.
    O, həmişə mənfur erməniləri ürəyində lənətləyərək tezliklə ərazilərimizin bütövləşəcəyinə inanırdı. Odur ki, 21 sentyabr 2020-ci ildə qismən səfərbərlik zamanı hərbi xidmətə yazıldı. Arzusu torpaqlarımızın azad olunmasında Ordumuzun tərkibində düşmənə qarşı sonədək mübarizə aparmaq və qələbəmizdən sonra ailə qurmaq idi. Anası ilə telefonla əlaqə saxlayan zaman istəyini bildirmişdi. Ürəyində gizli saxladığı sevgisi də varıymış. Anası Kamaləyə söz vermişdi ki, tezliklə onu sevindirəcək. Lakin…
    Talehgilin ailəsində olarkən əmisi oğlanları hərbi hava qüvvələrinin hərbi qulluqçusu Pərviz Nəbizadə və həm də onunla dost olan Məhər də onlarda idi. Söhbətimizə onlar da qoşularaq Taleh haqqında danışdılar. Məhər bildirdi ki Taleh ailəcanlıydı, hamıya qarşı çox mehribanıydı, həm də zəhmətkeş oğlanıydı. 5 qardaş idilər. Vüsal, Sakit, Azər, Zəfər ondan kiçik idilər. İstəyirdi ki, necə olsa evə qazanc gətirsin, təsərrüfat işlərində yorulmadan çalışırdı. Kənddə taytuşları arasında xətir-hörmətli idi. Pərviz isə başqa bir xatirə söylədi. Dedi ki, Taleh sanki şəhid olacağını bilirdi. Mənimlə telefonla danışanda zarafatcasına söylədi ki, əmioğlu Qarabağa gedirik. Denən ki, kənddə qəbir qazıb hazırlasınlar, şəhid olub gələcəyəm… Şəhid olub gəldi.
    Vətən müharibəsinin ikinci günü – sentyabrın 28-də düşmən tərəfindən snayperlə başından vuruldu. O nə torpaqlarımızın azad olunduğu günü gördü, nə də anasına verdiyi sözü yerinə yetirə bildi. Amma əmisi oğluna zarafatla dediyi sözü yerinə yetirdi. Öz kəndlərinin qəbristanlığında dəfn edildi. 25 yaşlı Talehin də ömrü kimi arzuları da yarımçıq qaldı.
    Anası Kəmalə oğlu barəsində ürək yanğısı ilə danışır. Deyir ki, Taleh yalnız oğul deyil, ailəmizin böyüyü hesab olunurdu. Ağıllı, qayğıkeş bir oğlan idi. Zəhmətlə dolanan ailə olmuşuq. Həmişə deyirdi ki, darıxma, hər şey yaxşı olacaq.
    Hərbi xidmətini Bakı şəhərində keçmişdi. 2019-cu ildə əsgərliyini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətə yazıldı. Özündən kiçik qardaşlarına arxadayaq olacaqdı. Çox arzuları varıydı, hamısı yarımçıq qaldı. Şəhid oldu, arzuları da özü ilə bərabər şəhid oldu.
    Taleh Məhərzadə Ali Baş Komandanın Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilb. Buna görə oğlumun şücaətlərini dəyərləndirən dövlətimizə və onun rəhbərinə öz minnətdarlığımı bildirirəm. Artıq qardaşları böyüyüb, Vüsal hələlik heç yerdə işləmir, Sakit Ordumuzda müddətdən artıq hərbi xidmətdədir, Azərlə, Zəfər isə orta məktəb şagirdləridir. Talehi ev-eşik sahibi edə bilmədim. İstəyirəm ki, heç olmasa qalanlara nə isə edə bilim. Bu bir imkansız ananın arzusudur.

    Müəllif: Redaktor, 09:34

İsmarıclar bağlıdır.