Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Apr

    Rayonumuzun Sarıcalı kəndində bir ana yaşayır. Qara günlərlə, min cür əzab əziyyətlə, od-ocaqsız daxmada “bir qarnı ac, bir qarnı tox” 2 övlad böyüdən ana! 1 qız və 1 oğlunu atalıykən atasız böyüdən, bu gün şəhid Mehdinin anası kimi tanınan Laləzar ana. O, ailə həyatı quranda öz həmkəndlisi Elçini seçdi, xoşbəxt günləri onunla olacağını düşündü. Lakin nə özü ər qazancı görə bildi, nə uşaqları ata çörəyi yeyə bildi. 4-5 il baldızı Kəmalənin yanında uşaqlarını saxladı, Elçin Qazaxıstanda oldu. Bu cür həyata dözməyən Laləzar uşaqların da götürüb kəndə ata-anasının yanına qayıtdı. Bir müddətdən sonra ata-anasının məsləhəti ilə əl damı kimi bir otaq tikib, uşaqlarını ora yığdı, öz zəhməti ilə böyüdüb, boya-başa çatdırdı. Doğrudur, doğmalar əl atsalar da əsas yük Laləzarın çiyinlərinə düşdü.
    Soğan, pambıq alağı edərək və digər zəhmət tələb edən işlər görərək övladlarını böyütdü. 4-5 ildir ki, qızı Arzunu köçürüb, ailə-uşaq sahibi edib. 2 övladı var. Həmin kənddə yaşayır.
    Oğlu Mehdi hərbi xidmətini Naxçıvanda çəkirdi. Hərbi xidmətini başa vurduqdan sonra iş tapana kimi təsərrüfat işləri ilə məşğul olub ki, anasının qayğısı bir az azalsın. Lakin deməyəsən ananın qara günləri qabaqdaymış…
    Ötən il sentyabrın 21-də qismən səfərbərlik zamanı Mehdi könüllü olaraq Orduya yazıldı. Vətən müharibəsi başlayanda o da mübarizəyə qoşuldu. Ağdam, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə mərdliklə vuruşdu. Xeyli yaralının döyüş bölgəsindən çıxarılmasına kömək etdi. Hətta 4 oktyabrda ayağından aldığı yaradan onu təcili yardım vasitəsi ilə xəstəxanaya göndərmək istədikləri vaxt anbulasdan düşərək yaralanmış döyüşçünü çıxarmağa can atmışdır. Lakin təəssüf ki, elə həmin vaxt yenidən minaatan qəlpəsindən xeyli sayda yara almış və orada Şəhid olmuşdur. Onun cansız bədəni doqquz gün neytral ərazidə qalmışdır. Nəşi yaşadığı kəndə 13 oktyabrda gətirilərək orada –uğrunda şəhid olduğu torpaqda dəfn edilmişdi.
    Bu günlərdə Laləzar ana ilə həmsöhbət oldum. Dərdli ana Mehdinin arzularından danışaraq göz yaşı tökürdü. Bildirdi ki, Mehdinin arzusuydu gözəl ev tikdirsin, mənim əziyyət çəkdiyimi görüb çox fikirləşirdi. “İşim alınandan sonra səni qoymayacam əziyyət çəkəsən”– deyirdi. Həm də o çox qeyrətli oğuluydu, Vətənpərvəriydi. Mehdinin itkisinə dözə bilmirəm. Amma oğlumun Şəhidliyindən sonra neçə-neçə oğullar tapdım. Bu gün Mehdinin arzularını həmin xeyirxah oğullar həyata keçirir. Həmkəndlimiz Müşviq Əliyevin təşkilatçılığı ilə, Bərdəli xeyriyyəçi Xəqani Məmmədovun, Ağdamlı Rövşən İsmayılovun yaxından qayğıları sayəsində hər cür şəraitli ev tikilib. Azərbaycanımızın Rusiyada yaşayan oğlanlarının köməkliyi sayəsində Mehdinin arzuları reallaşıb.
    Şəhid anası Laləzarın sözlərindən sonra xeyriyyəçi Xəqani Məmmədov və onun komandasının üzvləri ilə görüşdüm. Xəqani bildirdi ki, bu ananın çətin vəziyyətdə yaşadığını görəndə dostlarla məsləhətləşib, ona kömək etməyi qərara aldım. Öz adıma şəxsi hesab açaraq işə başladıq. Artıq ev başa çatıb. Bütün şəraiti–suyu, qazı, işığı var. Otaqlardan biri şəhidin xatirə otağı olub. Bu işə yardım göstərən hər kəsə minnətdarlıq edirəm. Laləzar anamız hər cür şəraitli evdə yaşayır. Məqsədimizdir ki, çətin vəziyyətdə yaşayan şəhid ailələrinə, qazilərimizə gücümüz çatan köməkliyi göstərək.
    Söhbətdən sonra düşündüm ki, bizim xalqımız xeyirxah və hümanist xalqdır. İnsanlarımız dara düşənin əlindən tutmağı, ona kömək durmağı bacarır. Vətəni üçün canından, qanından keçmiş şəhid ailəsinə isə daim borcluyuq.
                                                                                                                               Yazıları hazırladı
                                                                                                                                      Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 09:05

İsmarıclar bağlıdır.