Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Apr

    Adım Ələsgərdir, Göyçə mahalım,
    Ələst aləmində demişəm bəli.
    1821-ci il. Göyçə mahalı. Ağkilsə kəndi. Yazın ilk günü. Yoxsul Alməmməd kişinin kiçik komasında bir uşaq dünyaya gəldi. Körpənin adını Ələsgər qoydular. 13-14 yaşına çatanda atası onu bir varlının qapısına nökərçiliyə verdi. Amma uçmaq üçün yarananlar sürünə bilməzlər. Ələsgər o qapıdan qovuldu, ancaq Allah ona başqa bir qapı açdı. Azman saz, söz ustadı Aşıq Alının yanında düz on il aşıq sənətinin sirlərini öyrəndi. Məclislərin birində öz şagirdinə dəyər vermək üçün sazını ona bağışlamaq istəyir. Amma Ələsgər öz ustadının sazını qəbul etmir və dillər əzbəri olan məşhur şeirini deyir.
    Bir şəyird ki, ustadına kəm baxa,
    Onun gözlərinə ağ damar, damar.
    Məktəb üzü görməyən, yazı-pozu bilməyən, fitrən istedad sahibi olan, sazı da solaxay çalan Aşıq Ələsgər Azərbaycan poeziyasının əzəmətli zirvələrindən biridir.
    O, qüdrətli söz, saz ustadı idi. Yeni şeirlərini xalqa çatdıran, uzun qış gecələrində məclis aparan, yüzlərlə, minlərlə dinləyiciyə əxlaq, mənəviyyat, xeyirxahlıq, gözəllik dərsi deyən müəllim idi. Aşıq Ələsgər xalqın həyatı, mənafeyi ilə bağlı olan əsil xalq aşığıdır. Müasirləri onu yaxın şərqin böyük klassiki Hafizə bərabər tutmuşlar. Onun qədər zəngin sənətkarlıqla yaradılmış bədii irs qoyub gedən ikinci bir xalq aşığına rast gəlmirik.
    Öz yaradıcılıq qüdrətini lirika sahəsində daha artıq göstərə bilmiş, gəraylı, qoşma, təcnisləri ilə aşıq şeirinin ən gözəl nümunələrini yaratmışdır. Böyük sənətkarın şeirlərində qaynar həyat çeşməsi, insanı həyata bağlayan bir qüvvə vardır. Dünyəvilik, həyatilik, xəlqilik və təbiilik onun lirikasının başlıca xüsusiyyətləridir. Söz sənətinin incəliklərinə dərindən bələd olan böyük aşıq öz şeir yaradıcılığında sözdən sənətkarlıqla istifadə etməyi, onu cilalandırmağı, təşbeh, istiarə, mübaliğə, təkrir, təzad, cinas və s. Bədii təsvir vasitələrini məzmuna uyğun işlətməyi, oynaq qafiyələr yaratmağı böyük bir ustalıq və məharətlə bacarırdı.
    Aşıq Ələsgərin mütərəqqi ideyalara malik olan şeirləri xalq ruhunun parlaq, gözəl ifadəsidir. Onun misilsiz dil sadəliyinə, üslub gözəlliyinə, forma əlvanlığına malik olan əsərləri sonrakı aşıqlar üçün əsil sənətkarlıq məktəbi olmuşdur.
    Aşıq Ələsgər Azərbaycan milli heca vəzninin və poetik dilinin inkişafında böyük rol oynamış, onun qoyub getdiyi zəngin bədii irsi aşıq poeziyası tarixində özünəməxsus şərəfli bir mövqe qazanmışdır.
                                                                                                                                         Fazilə Kərimova
                                                                                                                                       Əməkdar müəllim

     

    Müəllif: Redaktor, 08:07

İsmarıclar bağlıdır.