Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Mar

                                                                       SU GƏLƏN ARXA YENƏ SU GƏLDİ

    İllər idi ki, torpaqlarımızla bərabər təbiətimiz də– meşələrimiz, çaylarımız dərdlərə dərman bulaqlarımız mənfur qonşularımızın işğalı altında qalmışdır. Sərsəng və Suqovuşan su anbarlarından gələn suların, həmçinin həm insanlarımıza, həm təbiətimizə məlhəm olan yüzlərlə sularımızın qarşısı kəsilərək mənfurların əyləncə və istirahət yerlərinə çevrilmişdir. Ali Baş Komandanın möhkəm iradəsi və Müzəffər Ordumuzun 44 günlük şücaəti sayəsində bütün bunlara son qoyuldu. İşğal dövrünədək Madagiz adlandırılan su anbarı 3 oktyabr 2020-ci il tarixdə azad olunaraq Silahlı Qüvvələrimizin nəzarətinə keçdi. Və qurumuş arxlarımıza axar su buraxıldı, həm də həmin gündən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə tarixi adı bərpa olunaraq Suqovuşan qoyuldu.
    Suqovuşan haqqında ətraflı məlumat almaq üçün Çaylı kənd İƏD üzrə nümayəndənin müavini Niyazi Məmmədovla görüşüb söhbət etdim. Məlum oldu ki, Tərtərçay və Torağayçay çayların suyu hesabına formalaşan Suqovuşan su anbarı 1976-cı ildə istismara verilib. 28 il bundan əvvəl baş vermiş Qarabağ müharibəsi nəticəsində Suqovuşan su anbarı ermənilər tərəfindən işğal olunub. Su anbarı o vaxtdan bəri işğal altında olduğundan Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarının torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranıb. Bununla yanaşı, suyun buraxılmaması çayda kəsgin ekoloji problemlər yaradıb. Suqovuşan kəndi əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid idi. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna verilən kəndlərdən biridir. Hazırda Çaylı inzibati ərazi dairəsinə aid kənddir. İşğal müddətində 500 nəfərə kimi erməni yaşayıb Suqovuşanda, bu gün isə abadlıq işləri aparılır ki, əsl sahiblərinə qapılarını açsın.
    Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilmiş, 3 tankı isə qənimət götürülmüşdür. Həmçinin Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilmişdir.
    Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirdi. Azərbaycan ordusu Suqovuşan su anbarını geri qaytarmaqla düşmənin enerji potensialına zərbə vurulmuş, yuxarıda sadaladığımız rayonlara suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunmuşdur. Uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaranıb. Bu ərazilərə öz axını ilə suyun verilməsi eyni zamanda ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tə-ləbatın azalmasına və elektrik enerjisi sərfiyyatında qənaətin yaranmasına sə-bəb olacaq.
    Niyazi Məmmədovun dediklərindən:
    –Burada yaşayan insanlar əsasən üzümçülük, əkinçilik və maldarlıqla məşğul olublar. Suqovuşan dövlət başçısının tapşırığı ilə gündən-günə öz simasını dəyişir. Kənddə mövcud olan–qarajın, fermanın, məktəbin, uşaq bağçasının, klubun və digər müəssisələrin fəaliyyətə başlaması üçün müəyyən bərpa işləri aparılır. Hazırda tikinti-quruculuq işləri ilə bərabər ərazilərin minalardan təmizlənməsinə diqqət yetirilir. Ərazidə polis məntəqəsi fəaliyyət göstərir. Məqsəd Suqovuşanı müasir kəndlərdən birinə çevirməkdir. Mənfur ermənilər kənddən çıxarkən hər yeri dağıdıblar. Müharibədən zərər çəkmiş fərdi evlərdə, həyətlərdə təbii bulaq suları olub. Lakin, hamısı dağıdılıb. Bütün bu dağıntılar bərpa edilməlidir. Hazırda yolun, elektrik enerjisinin və su təchizatının bərpa işləri aparılır. İnternet provayderi təşkil olunacaq.
    Tezliklə Suqovuşanda həyat öz axarına qayıdacaq, bu kəndin tarixi sakinləri öz yurd-yuvalarında firavan yaşayacaqlar.
                                                                                                                                        Elfuzə Camalqızı

    Müəllif: Redaktor, 09:19

İsmarıclar bağlıdır.