26 il əvvəl – 1995-ci il mart ayında müstəqilliyimizə qəsd etmək istəyənlərin məkrli niyyətləri bu gün də insanların yaddaşından silinməyib. Bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər.
1995-ci ilin mart ayınınn 13-nə keçən gecə OMON-un Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edilmiş və dövlət əleyhinə baş verən qiyamın qarşısı Azərbaycan ordusunun bölmələri tərəfindən yatırılmışdır. Vəziyyət çox gərgin idi. Ölkə, xalq təhlükə ilə üzləşirdi. Martın 16-17-də Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda dövlət çevrilişinə cəhdi baş tutmadı. Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və qiyam yatırıldı.
1995-ci il 13-14 mart hadisələri bir daha təsdiqlədi ki, Xüsusi Təyinatlı Polis Dəstəsi üzərinə düşən vəzifəni bir kənara qoyaraq, mafioz qruplarla və cinayətkar birləşmələrlə cinayət əlaqəsinə girmiş, xeyli sayda ağır cinayətlər törətmişdir.
Halbuki, Xüsusi Təyinatlı Polis Dəstəsini yaradarkən qarşıya qoyulan əsas vəzifə respublikada başlanan erməni separatçı hərəkatının, torpaqlarımızın və xalqımızın təcavüzə məruz qalmasının qarşısını almaq idi. Təəssüf ki, yaxşı silahlanmış və təlim görmüş, xaricdən dəstəklənən düşmənlərlə mübarizə aparmaq məqsədi ilə yaradılmış XTPD-nin xəyanətkar üzvləri silahı öz xalqına, ölkədə ciddi intizam, qayda-qanun yaradan hakimiyyətə tuşladı. Əsas məqsədləri isə hakimiyyəti qeyri-qanuni yolla, silah gücünə devirmək idi. 1995-ci il martın 16-dan 17-nə keçən gecə Bakı şəhərində “OMON” – çuların qərargahı yaxınlığında başlanan atışmada cəbhə bölgəsində, erməni təcavüzkarlarına qarşı çiyin-çiyinə mübarizə aparan döyüşçülər üz-üzə dayandılar. Sözsüz ki, bu, Azərbaycan üçün faciəli bir mənzərə idi. Torpaqlarımızın işğal olunduğu bir dövrdə, paytaxtda bir qrup vəzifə hərisi hakimiyyəti ələ keçürmək üçün dövlətçiliyimizə qəsd edirdi. Cavadov qardaşlarının hakimiyyəti qeyri – konstitusion yolla ələ keçirmək cəhdləri, hakimiyyət hərisliyi nəticəsində ölkəmizdə qardaş qanı töküldü. Törədilən dövlət cinayətləri Azərbaycana müəyyən zərbələr vursa da, qan tökülsə də, müstəqil Azərbaycan dövlətçiliyini bir daha sınaqdan çıxardı. Onun möhkəm, qüdrətli olduğunu göstərdi, qanunsuz zor işlətməyin mənasızlığını sübut etdi. Bütün bunlar xalqın müdrikliyinin, milli həmrəyliyinin, inamının, dövlətçiliyə hörmət və ehtiramının güclü olduğunu, Azərbaycan Respublikasının demokratik əsaslarının möhkəmliyini, konstitusiya və qanunlardan kənar fəaliyyətin yolverilməzliyini nümayiş etdirdi. 1995-ci ilin mart hadisələrinin qarşısı qətiyyətlə alındıqdan sonra xalqa bir daha bəyan oldu ki, ümummilli lider Heydər Əliyev kimi dahi bir şəxsiyyəti hakimiyyətə gətirməklə həm öz gələcəyini, həm də ölkəmizi xilas edib. Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti və qətiyyəti müstəqilliyimizə və dövlətçiliyimizə qarşı qəsdin qarşısını aldı. Heydər Əliyevin dövlət çevrilişlərinin qarşısını qətiyyətlə alması xalqımızın sabaha, gələcəyə olan inamını və ümidini daha da artırdı. Ulu öndər Heydər Əliyev 1995-ci il mart ayında təşkil olunmuş dövlət çevrilişi cəhdlərinin qarşısını almaqla Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalq-iqtidar birliyini təmin etmiş oldu.