Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma, eyni zamanda çox şərəfli, hörmətli peşədir.
Heydər Əliyev, Ümummilli lider
Prokurorluq orqanları qanunların icra və tətbiq olunmasına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bədnam qonşularımız olan ermənilər “Böyük Ermənistan” yaratmaq xülyası ilə müxtəlif vaxtlarda Azərbaycanın əzəli və tarixi torpaqları olan ərazilərdə müxtəlif təcavüz aktları və terrorçuluq əməlləri törətməsi ilə xeyirxah və hümanist Azərbaycan xalqını soyqırıma və qanlı faciələrə məruz qoymuşdur.
Son iki əsrdə soydaşlarımızı öz tarixi torpaqlarından vaxtaşırı didərgin salaraq, insanlıqla bir araya sığmayan qətliamlara və qırğınlara səbəb olmuş, Azərbaycanlıların tarixən yaşadıqları əraziləri zor gücünə işğal etmiş və özününküləşdirmişlər. Bu qətliamlar bizim qədim mədəni abidələrimizin, müqəddəs ziyarətgahlarımızın və ata-babalarımızın uyuduqları qəbristanlıqların da başına gətirilmişdir.
XIX əsrin əvvəllərində Azərbaycanın ümumi ərazisi 410 min kvadratkilometr olduğu halda, Sovet hakimiyyətinin ilk illərində bu rəqəm 114 min kvadratkilometrə qədər azalmışdır.
10 fevral 1828-ci il tarixdə bağlanan “Türkmənçay” müqaviləsi ilə Rusiya və İran tərəfindən Azərbaycan əraziləri bölüşdürülmüşdür.
XX əsrdə də bir neçə dəfə keçmiş SSRİ-nin siyasi rəhbərliyi tərəfindən Azərbaycanın qərb əraziləri Ermənistanın tabeliyinə verilmişdir. Bununla da son 200 illik dövrdə yurdumuzun həm cənubunda, həm də şimalında baş verən faciəli olayların yaranması üçün böyük və 27 sentyabr 2020-ci il tarixə qədər davam edən işğalın özülü qoyulmuşdur.
Azərbaycan ikinci dəfə öz müstəqilliyini əldə edəndən sonra ölkənin rəhbərliyində olan qüvvələrin səriştəsizliyinin nəticəsi olaraq 1992 və 1993-cü illərdə Ermənistan öz havadarlarının köməkliyi ilə Azərbaycanın 20% ərazisini işğal edərək 27 il ərzində əsarət altında saxlamışdır. Bu dəfə də, həmişəki kimi, Beynəlxalq hüququn bütün norma və prinsipləri, Cenevrə Konvensiyasının tələbləri və digər normativ hüquqi aktların şərtləri pozularaq BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal etdikləri ərazilərindən qeyd-şərtsiz çıxarılması barədə 4 qətnaməsi yerinə yetirilməmişdir. Azərbaycan Respublikasının Prezidenti, beynəlxalq müstəvidə böyük nüfuz qazanmış cənab İlham Əliyev bu məsələni sülh yolu ilə və diplomatik kanallarla həll etməyə çalışsa da, Ermənistan tərəfi aqressivlik nümayiş etdirərək, işğalda olan Azərbaycan ərazilərini azad etmək istəməmişlər.
27 sentyabr 2020-ci il tarixdən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs şərtləri yenidən pozulmuş, ağır artilleriya silahlarından və raketlərdən istifadə etməklə Azərbaycan Respublikasının cəbhə boyu rayonlarını, ərazilərini atəşə tutmuşlar. Onların hücumlarının qarşısını almaq üçün Azərbaycan Ordusu əks-hücum döyüş əməliyyatlarına başlamışdır. 30 ilə yaxın müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü pozulduğundan və torpaqlarımızın 20%-i işğal altında olduğundan Azərbaycan bu döyüş əməliyyatlarına başlamağa məcbur idi. İşğalçı dövlət olan Ermənistandan fərqli olaraq Azərbaycan işğala son qoymaq məqsədi ilə haqq-ədalət uğrunda müharibəyə qoşuldu. Bizim müharibəmiz Vətən uğrunda azadlıq müharibəsi olduğundan Azərbaycan xalqı üçün bu Vətən Müharibəsi idi. Vətənpərvərlik və dövlətə sədaqət ruhunda böyümüş, tariximizi yaxşı bilən, hətta işğaldan azad edilmiş torpaqlarda heç vaxt olmayan Azərbaycan gəncləri Vətən Müharibəsində aslan kimi vuruşdular. Nəticədə Azərbaycan haqq-ədaləti bərpa etmək uğrunda, müharibə apararaq öz ərazi bütövlüyünü təmin etdi. Azərbaycan tarixində buna bənzər parlaq qələbə olmamışdır. Bu qələbənin bayraqdarları müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və onun rəhbərliyi ilə zəfər qazanmış şanlı Ordumuz oldu.
Ermənilər Birinci və İkinci Qarabağ müharibəsi zamanı, həm də atəşkəs rejimi dövründə Azərbaycanın mülki əhalisinə və təbiətinə qarşı cinayət əməlləri törətmiş, vandalizm aktlarına səbəb olmuş, Azərbaycan xalqına, ölkəmizin flora və faunasına misli görünməmiş ziyanlar vurmuşdur. Bu cinayət əməllərinə beynəlxalq hüquq normaları çərçivəsində qiymət verilməsi üçün Azərbaycanın hüquq mühafizə orqanları zəruri tədbirlər görürlər.
Ermənistan Respublikasının işğalçı mahiyyətinin bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlər görülmüş və hazırda da görülməkdədir.
Belə ki, 2020-ci ilin 27 sentyabrdan -10 noyabradək davam edən döyüşlərin son mərhələsində Ermənistan silahlı qüvvələri geri çəkilərək yeni metodlardan istifadə edib növbəti cinayət əməllərini törətmişlər.
Araşdırmalarla müəyyən edilmişdir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində, habelə Ermənistan Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq genişmiqyaslı dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etmişlər. Bununla da mülki əhalinin və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonları ərazilərində yerləşən yaşayış məntəqələrinə, minlərlə mərmi atılmışdır. Həmçinin BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasının əsas təməl prinsiplərini pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq, insanları qəsdən öldürmək məqsədilə Füzuli rayonunun Arayatlı, Alxanlı, Tərtər rayonunun Səhlabad kəndinə və Şuşa şəhərinin ərazisində yerləşən Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələrə hər birinin içərisində 3,6 kiloqram kimyəvi tərkibli (ağ fosfor) olan 6 top mərmisi ilə atəş açaraq həmin ərazilərdə yerləşən təbii sərvətləri qəsdən yandırmaqla xüsusilə külli miqdarda ziyan vurmuş, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılmış və aparılmış, habelə terrorçuluq cinayəti törədilmişdir.
Bununla bağlı Baş Prokurorluqda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 214.2 (terrorçuluq) və digər maddələri ilə cinayət işi başlanılmışdır. Təqsirli şəxslərin müəyyən edilərək beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.
Azərbaycan Respublikasının hüquq mühafizə orqanları, o cümlədən Tərtər Hərbi Prokurorluğu həm müharibə dövründə, həm də atəşkəs rejimində erməni silahlı birləşmələrinin hüquqazidd əməllərinin qeydə alınması, Azərbaycan Respublikasının qanunvericiliyi ilə cinayət məsuliyyətinə cəlb edilərək əməllərinə hüquqi qiymət verilməsı və cəzalandırılmaları üçün lazım olan bütün zəruri tədbirləri görmüş və görməkdə davam edirlər.
Təcavüzkar Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi bütün cinayət əməllərinin cəzası mütləq veriləcək. Bunu ən vacib və aktual vəzifə kimi hüquq mühafizə orqanlarının qarşısında qoyan Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin etimadını doğrultmaq və Azərbaycan xalqının məruz qaldığı qanlı cinayətləri törədənləri öz layiq olduqları cəzalarına çatdırmaq istiqamətində hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifələri səlahiyyətləri çərçivəsində icra edəcəklər.
Hümmət Məmmədov
Tərtər hərbi prokuroru, ədliyyə polkovniki