NECƏ BƏZƏNMƏLİDİR?
Novruz bayramının vacib sayılan atributlarından biri də xonçadır. Xonça il təhvil olanda artıq hazır olmalıdır. Novruzda xonça bəzəmək adəti qədimdir. Bu barədə orta əsr mənbələrində də məlumat vardır.
Bəs bayram xonçası necə bəzədilməlidir? Yurdumuza qədəm qoyan bahar, xonçada nələri görmək istəyir? Novruz xonçası bayram axşamı hazırlanır. Xonçada “s” hərfi ilə başlayan 7 nemətin olması mütləqdir.
Səməni həm də həyatın dirçəlməsi deməkdir. Ona görə də ondan hazırlanan halva 7 evə paylanır.
Bayram süfrəsində vacib sayılan digər nemət yumurtadır. Yumurta həyatın, dünyanın yaranışı mənasını daşıyır.
Bayram şirniyyatlarının hərəsinin isə öz mənası vardır. İl təhvil olanda, süfrədə qovurğa və qoz, fındıq da görmək istəyir. Qovurğa bərəkət, qoz, fındıqsa güc deməkdir.
Bayram xonçası şamsız olmamalıdır. Çünki, şam Günəşin yerdəki rəmzi sayılır. Xonçaya ailə üzvlərinin sayı qədər şam qoyulmalıdır. Şamları ailə başçısı il təhvil olan anda yandırmalı və ailəsinə xeyir-bərəkət diləməlidir.
Bayram başa çatandan sonra xonçanın əsas atributunu – səmənini hara gəldi atmaq olmaz. Səməni düz 13-cü gündə axar suya buraxılmalıdr.