-İslam dini gəldikdən sonra, Novruz bayramına baxış təbii ki, xeyli dəyişib. Necə ki, Zərdüştilik bu bayrama öz adətlərini daxil edə bilmişdi. İslam dövründə yeni gün bayramının məzmununda da böyük fərqlər meydana gəldi. Bu günü yeni gün bayramı adlandırmadılar. Onu Novruz və ya Əli bayramı adlandırdılar.
Tarixdən məlumdur ki, Qəzvin hökmdarı Mahmudun Ayaz adlı sevimli gənc dostu, Koroğlunun Eyvaz adlı sevimli gənc dəlisi, oğulluğu olduğu kimi, Həzrəti Əlinin də Novruz adlı bir gənc dostunun olduğunu nəql edirlər. Əli bayramı günü Novruz başdan-ayağa qıpqırmızı paltar geymişdi. Həzrəti Əli yeni gündə, yəni bayram günündə öz gənc dostu Novruzu öz taxtında əyləşdirib və hamıya deyib:
-Siz bu günü Əli bayramı adlandırsanız da, bu gün Novruzun bayramıdır. Bax, görürsünüzmü, hərə bir cür paltar geyinib, Novruz isə qıpqırmızı, bayram libası. Geniş mənada, yeni gün, ilin başlanğıcı, Əli bayramı adlansa da, o, Həzrət Əlinin sözü ilə müsəlman folklorunda Novruz bayramı kimi xatırlanır.